Qarabağda gözlənilməz dəyişiklik: Putin razılaşmanı pozdu – Türkiyə KİVbackend

Azərbaycan və Ermənistan arasında ötən ilin noyabrın 10-da imzalanan razılaşma çərçivəsində sülhməramlı qüvvələr olaraq Qarabağa gələn Rusiya hərbçiləri sənədin müddəalarını pozub.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca xidmət edəcək sülhməramlılarının sayının 1960 nəfər olacağı qərarlaşdırılsa da, rusların fərqli şəxslər və vəzifəlilərlə bölgəyə göndərdiyi personal sayı 5 min nəfəri keçib.

Rusiya rəhbərliyi mövcud hərbçilərlə yanaşı, Fövqəladə Hallar Nazirliyində çalışan məmurlar, texniki mütəxəssislər, səhiyyə müəssisələrində işləyəcək həkim və tibb bacıları ilə birlikdə bölgəyə inşaat işlərində çalışmaq üçün texniklər də göndərib. Bölgədə rus sayının daha da artmasından əndişə edilir.

Rusiya sülhməramlı qüvvələri ilə bölgəyə gələn hərbçilərin Qarabağın dağlıq böıgələrində tam təchizatlı təlimlər keçməsi də beyinləri qarışdırır. İstər erməni silahlı qüvvələri ilə, istərsə də qondarma “DQR”in “rəhbərləri” ilə görüşən Rusiya hərbçilərinin buradan yaydıqları səmimi görüntüləri Azərbaycan ictimaiyyəti arasında narahatlıq yaradır. Bölgədə Rusiya qüvvələri olduğu halda, ermənilərin hələ də dağlıq ərazilərdə aktiv fəaliyyət göstərərək, müxtəlif hücumlar təşkil etməsi insanlarda sual yaradır.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, qarabağlı Umud Mirzəyev, “İmzalanan müqaviləyə görə, Rusiya sülhməramlı qüvvələrində 1960 əsgər olmalı idi. Bu sayın 5-10 min olduğunu düşünmürəm, amma ruslar daha çox adam göndərdi. Rusların nəzarəti altındakı ərazilərdə ermənilərdən qalan silahlı dəstələr tamamilə çıxarılmalı idi. Rusiya komandanlığı erməni kəşfiyyat zabitlərinə çox xoş münasibət bəsləyir. Qondarma “DQR”in “bayrağı” altında müxtəlif pozalar verirlər, bunlar ürək açan məsələlər deyil. Azərbaycan ordusu ilə birlikdə bölgədə türk əsgərlərinin çox olmasına üstünlük verilməlidir. Bu məsələdə qərarlar verilməlidir”, deyib.

Rusiyasülhməramlılarının komandirinin Xankəndini ziyarət etdiyini xatırladan Bayburt Universitetinin əməkdaşı Dr. Ramin Sadıqov bunları deyib:

“Burada sülhməramlı qüvvələrə qarşılama mərasimi keçirildi. Tort kəsildi, amma tortun üzərində iki bayraq vardı. Separatçı qüvvələrin “bayraqları” olan bu pozalar cəmiyyətdə birmənalı qarşılanmır”.

Rusların, razılaşmanın ziddinə olaraq, separatçı qüvvələri tərəf kimi görmələrinin səhv olduğunu qeyd edən Sadıqov deyib ki, rəsmi olaraq hesabat verməsələr də, davranışları tərəf olduqlarını göstərir:

“Qondarma “fövqəladə hallar qüvvələri”, qondarma “dövlət məmurları” ilə görüşürlər. Bunlar konsensusa zidd olan davranışlardır”. Ramin Sadıqova qeyd edib ki, orada tərəf Azərbaycan və Ermənistandır.

Rusiyalı ekspert Maksim Şevçenkonun son zamanlarda verdiyi açıqlamalara diqqət çəkən Ramin Sadıqov bildirib ki, rusiyalı mütəxəssis bölgədə 32 modul zastavasının inşasının gözlənildiyini açıqlayıb.

“Şevçenko 32 polis bölməsinin hər birində 300 nəfərin yerləşəcəyini bildirir və dəqiq bir hesablama aparır. Bu hesablamaya görə, bölgəyə gedəcək rus əsgərlərinin sayı 10 minə çatır”.

Sözügedən polis bölmələrindən ikisinin tikildiyini qeyd edən Sadıqov, qalan binaların nə zaman tikiləcəyinin məlum olmadığını bildirib. (avropa.info)