Qarabağda Türkiyənin rolu: “Rusiya Azərbaycana qarşı hər hansı mənfi addım atarsa,…”

Qarabağda Türkiyənin rolu: “Rusiya Azərbaycana qarşı hər hansı mənfi addım atarsa,…”backend

“Rus sülhməramlıların bölgədə olması əslində Rusiyanın üzərinə bir növ məsuliyyət yükləyir. Ermənistan Rusiyaya rəğmən bölgədə dinc əhaliyə hücum etməyə cəsarət etməz”.

Busaat.az xəbər verir ki, bunu rus sülhməramlılarının Dağlıq Qarabağa gəlməsini dəyərləndirən energetika üzrə ekspert, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Emin Axundzadə bildirib.

Emin Axundzadəyə görə, Rus sülhməramlılarının nəzarət edəcəyi bütün bölgələrdə Azərbaycan ordusu artıq yerləşib. Bu baxımdan Qarabağda rus sülhməramlılarının yerləşməsi hər hansısa təhlükə yaratmır:

“Hazırkı vəziyyətdə Azərbaycan mümkün olan ən yaxşı nəticəni əldə edib. Bu, həqiqətən də bizim tarixi zəfərimizdir. Bu qələbə gələcəkdə Azərbaycana siyasi və iqtisadi bir çox dividentlər qazandıracaq. Bütün dünya Azərbaycan dövlətinin, ordusunun, xalqının gücünü, birliyini, əzəmətini gördü. Başa düşürəm ki, rus sülhməramlılarının Dağlıq Qarabağa gəlməsi müəyyən dərəcədə narahatlıq yaradır. Nəzərə alaq ki, Azərbaycan hərbi gücü ilə işğal altında olan bütün torpaqları azad etsəydi belə, gələcəkdə orada yaşayacaq vətəndaşlarımız üçün ermənilər təxribat törətməyə davam edə bilərdi. Çünki qarşımızda institusional bir dövlət yox, terrorist, vandal bir dövlət var. Bunu Gəncədə, Bərdədə, Tərtərdə və digər rayonlarımızda dinc əhaliyə qarşı törədilən terror aktlarından gördük. Rus sülhməramlıların bölgədə olması əslində Rusiyanın üzərinə bir növ məsuliyyət yükləyir. Ermənistan isə Rusiyaya rəğmən bölgədə dinc əhaliyə hücum etməyə cəsarət etməz. Əks təqdirdə bu, Rusiyanın imicinə ziddi zərbə vurmuş olar”.

Emin Axundzadə onu da qeyd edib ki, Azərbaycan 90-cı illərdən fərqli olaraq hazırda həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan çox güclü dövlətdir:

“Müharibə əsnasında bütün dünya Azərbaycan xalqının müdrüklüyünü, birliyini, gücünü və əzəmətini görmüş oldu. Azərbaycan xalqı öz dövlətinin, ordusunun ətrafında bir yumruq kimi birləşdi. Bu, bizim gücümüzü qat-qat artırdı. Bunu bütün dünya, o cümlədən də Rusiya gördü. Bu gün Azərbaycana tam dəstək verən NATO-nun ən güclü 2-ci ordusuna malik olan Türkiyə kimi bir dövlət var. Türkiyə nəinki bölgədə, dünyada önəmli aktorlardan biridir. Heç bir dövlət Türkiyə ilə qarşılıqlı əlaqələrini korlamaq istəməz. Türkiyə Rusiya üçün də önəmli bir dövlətdir və strateji partnyorudur. Ona görə Rusiya Azərbaycana qarşı hər hansı mənfi addım atarsa, Türkiyəni də qarşısına almış olacaq. Rusiya Türkiyəni qarşısına almaq istəməyəcək. Çünki bu iki dövlət arasında qarşılıqlı asılılıq mövcuddur.

Türkiyə və Rusiya atəşkəsə birgə nəzarət edəcək. Bunun üçün də Monitorinq Mərkəzi qurulacaq. Dağlıq Qarabağdakı bütün starteji yerlər Azərbaycan ordusunun nəzarətindədir. Rus sülhməramlılarının nəzarət edəcəyi bütün bölgələrdə Azərbaycan ordusu artıq yerləşib. Xocavənd, Xocalı, Xankəndi rayonları və ətrafında azad etdiyimiz kəndlər və starteji yüksəkliklər var. Beləliklə, Dağlıq Qarabağ Azərbaycan ordusunun nəzarətində olacaq. Sülhməramlılar 5 il ərzində bölgəyə nəzarət edəcək. 4 il yarımdan sonra tərəflərdən birinin istəyi ilə sülhməramlıların fəaliyyətinə son qoyula bilər. Necə ki, 2012-ci ildə Qəbələ RLS bağlandı və Rus hərbiçiləri Qəbələdən çıxarıldı, 5 ildən sonra da bunu etmək olar. Odur ki, narahat olmayın. Tarixi zəfərimizə sevinməyə davam edin”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90