“ABŞ-nin Türkiyənin Ermənistanla münasibətlərinə dair ortaya qoyduğu mövqe şantaj və təzyiqə əsaslanır”.
Bu barədə deputat Sahib Alıyev Busaat.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sülh prosesindən danışarkən sonuncu element kimi Zəngəzur dəhlizinin açılmasını göstərdi və bu, elə-belə deyilməmişdi:
“Vaşinqtondakılar Türkiyəyə davamlı təzyiqlər edirlər ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi olmadan, sərhədlər və yollar açılsın. Cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı bəyanatları əslində Qərbdən gələn təzyiqlərə cavab idi. Ərdoğan diqqətə çatdırır ki, əgər bir halda ki, sizi sülh düşündürür, onda Zəngəzur dəhlizi də açılmalıdır. Türkiyə lideri Zəngəzur dəhlizinin açılmasının hansı dövlətlər üçün daha faydalı olacağını açıqlayarkən 3 ölkənin adını çəkir. Azərbaycan, İran və Ermənistan. Niyə Azərbaycan? Çünki Azərbaycan özü bu təşəbbüslə çıxış edir. Burada ölkəmizin bir hissəsindən digər bölgəsinə maneəsiz gediş-gəlişdən söhbət gedir. İran və Ermənistan isə dəhlizin açılmasına qarşı çıxır. Ermənistanın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması heç də onun öz iradəsinə dayanmırdı. Müəyyən mənada İranın və Qərbdəki bəzi dairələrin təsiri ilə bunu edirdi”.
Müsahibimizə görə, Ermənistanın atdığı addımlardan aydın olur ki, İrəvan özü sülhə, qonşularla münasibətləri normallaşdırmağa hazır deyil:
“Ermənistan Azərbaycanla qısa zamanda sülh sazişini imzalamağa hazır olmadığı kimi Zəngəzur dəhlizini açmağa da hazır deyil. Ermənistanda “Gallup” şirkətinin sorğusu göstərdi ki, respondentlərin 84.3 faizi Qarabağ üzərinə nəzarətin bərpasını istəyirlər. 80.3 faizi isə Azərbaycanın tələb etdiyi konstitusiyanın dəyişdirilməsi şərti ilə sülhün bağlanmasının əleyhinədir. Yəni revanşizmi dəstəkləyirlər. Əslində “Gallup” sorğu şirkəti Ermənistan hakimiyyətinin sifarişini yerinə yetirir. Ermənistandakı hakimiyyət bununla göstərir ki, erməni cəmiyyəti konstitusiyanın dəyişməsinə hazır deyil. Nə də ümumiyyətlə Azərbaycan torpağına, Qarabağa olan iddiadan əl çəkmək niyyətindədir”.
Sahib Alıyev: Ermənistandakı hakimiyyət göstərməyə çalışır ki, erməni cəmiyyəti konstitusiyanın dəyişməsinə hazır deyil
S.Alıyev vurğulayıb ki, sərhədlərin delimitasiya və demarkasiya gedən hissəsində Ermənistan tərəfi divarlar hörüb:
“Guya Ermənistan ABŞ-dir, biz də Meksikayıq. Qarşı tərəf qorxu içindədir. Bizə qarşı törətdikləri əməllərin cavabını alacaqlarına dair qorxuları var. Amma eyni zamanda bizə qarşı nifrətləri də var. Divarlar o deməkdir ki, ermənilər onlarla bizim aramızda genetik uyuşmazlıq olduğunu göstərməyə çalışırlar. Qərb, ABŞ çağırış edir ki, sülhə getmək lazımdır. Axı hansı sülhə?! Qarşı tərəf sülhə hazır deyil. Qarşı tərəf revanşizmə hazırlaşır və siz də onları həvəsləndirirsiniz”.
Həmsöhbətimiz qeyd edib ki, əslində Qərbdəki dairələr də, Ermənistan da Cənubi Qafqaz regionunda dayanıqlı sülh istəmirlər. Onlara tez-tələsik anlaşma lazımdır:
“Qərb tərəflər arasında yarımçıq sənədin imzalanmasına ona görə nail olmağa çalışır ki, Azərbaycana təzyiq göstərməklə bunu reallaşdırdıqlarını erməni diasporuna, onlara yaxın çevrələrə göstərsinlər. Məqsəd və niyyət bundan ibarətdir”.