Qulu Məhərrəmli: “Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik…”

Qulu Məhərrəmli: “Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik…”backend
Professor Qulu Məhərrəmlinin Qaynarinfo-ya müsahibəsi
 
– Qulu müəllim, bir qədər əvvəl “Rəsulzadənin ev muzeyi”nin yaradılması haqqında açıqlama ilə çıxış etmisiniz. Hazırda bu böyük layihə ilə bağlı hansı işlər görülüb?
– Dekabr ayının əvvəlində “Rəsulzadənin ev muzeyi”in yaradılması il bağlı təşəbbüs qrupu bəyanat yaydı. Ayın sonlarında isə qrupun sıraları genişlənərək 101 nəfərə çatıb. Biz Bakı İcra Hakimiyyəti ilə yazışmalar apardıq. Baxdıq ki, bu yazışmalar effektsizdir. Ona görə muzeyin təşəbbüs qrupu Rəsulzadənin doğum günündə böyük beynəlxalq konfrans keçirməyi planlaşdırdı.
– Konfransın keçirilməsi üçün müəyyən qədər maliyyə vəsaiti tələb olunur. Sizə bu məsələdə kimlər dəstək verdi? 
– Bu konfrans təşəbbüs qrupunun üzvləri hesabına ərsəyə gəlib. Bundan əlavə, diaspor və ayrı-ayrı şəxslər var ki, onlar bizə dəstək oldular. Bir sözlə, Rəsulzadə sevərlər, ziyalıların hər biri təşəbbüs qrupuna kömək edir. Hökümət tərəfindən normal münasibət hiss edirik. Hər halda bu günə kimi sözügedən layihə ilə bağlı bizə mane olan yoxdur. Dünən konfransın açılışı olub. Konfrans Rəsulzadə irsi, demokratiya, müstəqillik və dövlətçilik dəyərləri sistemində nəzərdə tutulur. Bu gün konfrans Azərbaycan Tarixi Muzeyində öz işini davam etdirir.
– Tədbirə hansı ölkələrdən nümayəndələr çağırılıb?
 – Müxtəlif ölkələrdən qonaqlarımız var. O cümlədən Polşadan, Rusiyadan, İrandan, Türkiyədən qonaqlar var. Onların hər biri Azərbaycanın tarixini araşdıran, öyrənən və yayan görkəmli alimlərdir. Yanvarın 30-da beynəlxaq konfrans öz işini ölkə prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevaya müraciət qəbul eləməklə başa çatdırıb. Hər ikisindən “Rəsulzadənin ev muzeyi”nin yaradılmasına, bu ideyanın reallaşmasına kömək etmələrini xahiş etmişik. Əlbəttə, biz buna inanırıq. Rəsulzadə bizim min illər boyu Azərbaycan tarixində yetişən ən görkəmli şəxsiyyətlərdən biridir. Bizim ictimai düşüncəmizin, siyasi təfəkkürümüzün təmsilçisidir. O, XX əsrdə yaranmış Azərbaycan müstəqil dövlətinin ilk başçısıdır, Milli Şuranın sədridir. Ömrünün sonuna kimi Azərbaycançılıq, müstəqillik ideyasını daşıyan şəxsdir. Ona görə bu millətin, bu dövlətin borcudur ki, Məmməd Əmin Rəsulzadənin  ev muzeyinin yaradılmasına kömək eləsin, dəstək olsun. Bakıda bir çox görkəmli şəxsiyyətlərin ev muzeyləri yaradılıb. Yaxşı ki, həmin muzeylər fəaliyyətdədir. Çünki onların hər biri tarixi özündə yaşadır. Məsələn, Nəriman Nərimanov, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və başqalarının ev muzeyləri var. Bu muzeylərin sırasına Məmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması çox gözəl olardı. Bilirsiniz ki, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar ölkə prezidentinin sərəncamı oldu. Bundan sonra Cümhuriyyət tarixinə maraq həddindən artıq yüksəldi. Çoxlu kitablar, məqalələr yazıldı, araşdırmalar aparıldı. Maraqlı ekran əsərləri ekranlaşdı. Hesab edirəm ki, bunların hər biri həmin sərəncamların açdığı imkanların hesabına əldə edildi. Biz də həmin sərəncamdan ruhlanaraq bu təşəbbüs qrupunu yaradıq. Hesab edirik ki, “Rəsulzadənin ev muzeyi”nin yaradılması təkcə bir şəxsə münasibət deyil. Eyni zamanda Azərbaycan tarixinə olan diqqət, münasibət və sevgidir. Ümid edirik ki, belə bir muzeyin yaradılması son illərdə Azərbaycanda atılan müsbət addımlardan biri olacaq. Bu bizdə vətəndaş cəmiyyətinin möhkəmlənməsində, indiki mövcud sabitliyə, ictimai mühitə yeni bir məna, rəy qatmış olar. Hesab edirəm ki, bu addımı atmaq lazımdır.
– “Rəsulzadənin ev muzeyi” ilə bağlı məkan təyin edilib?
– Faktiki olaraq, Rəsulzadənin Cümhuriyyət dövründə Bakıda yaşadığı ünvan var. Bu ünvan Nizami küçəsi-69… Biz həmin ünvanda olmuşuq və müzakirə aparmışıq. Bu ünvan hazırda xüsusi mülkiyyətdir. Amma bunun bir yolunu tapmaq olar. Ölkə rəhbərinin göstərişi ilə başqa bir ünvanda da muzey açıla bilər. Amma Nizami-69 ünvanında Rəsulzadə yaşayıb, o binadan parlamentə gedib, “Azərbaycan” qəzetinə işə yollanıb. Nəhayət həbs olunub gedəndə o binada ailəsi ilə vidalaşıb. Həmin bina Rəsulzadə üçün müqəddəs bir yerdir. Əgər orada muzey yaradılsa, hamının ürəyincə olar. Yox əgər başqa bir ünvanda məkan verərlərsə, biz ona da razıyıq. Önəmli olan budur ki, Rəsulzadə üçün nişanə olsun. Bu günə kimi Rəsulzadəyə qarşı qısqanc münasibət olub. Biz o münasibəti yarıtmaz hesab edirik. Heç bir tarixi şəxsiyyətin rolunu azatmaq, yaxud da danmaq olmaz, ona qarşı qərəzli yanaşmaq yaxşı hal deyil. Bu tarixi yaradan və yaşadan kişilərə biz öz ehtiramımızı göstərməliyik.
– “Rəsulzadənin ev muzeyi”nin yaradılması layihəsində onun heykəlinin ucaldılması yer alıb?
– Əlbəttə. Rəsulzadənin heykəli hələ 20 il əvvəl bizim tanınmış heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanıb və bu gün də onun emalatxanasında yol gözləyir. Biz onu muzey olan binanın qarşısında ucalmasını istəyərdik. Bu, həmin layihənin gözəl tərəfi ola bilər.
– Sosial şəbəkədən görünür ki, bu gün Rəsulzadəyə qarşı bir qısqanclıq var. Sizcə, bunun arxasında nə dayanır?
– Kimsə Heydər Əliyevi sevirsə, bu da çox gözəldir. Yaxud da əksinə, Rəsulzadəni sevirsə, bu da gözəldir. Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik. Azərbaycan tarixində Rəsulzadənin öz yeri var, Mircəfər Bağırovun, Heydər Əliyevin də öz yeri. Bunlar ölkəyə rəhbərlik edən şəxsiyyətlərdir. Biz tarixi şəxsiyyətləri onların gördüyü işə, bu millətə verdiyi dəyərə görə qiymətləndiririk. Tarix birtərəfli yanaşmaları sevmir və qəbul eləmir. Onların hərəsinin tarixdə öz rolu var. Biz Heydər Əliyevi də qiymətləndirməliyik və Rəsulzadənin layiq olduğu haqqı verməliyik.
– Rəsulzadəyə məxsus sənədlər, əşyalar hərəsi bir yerə səpələnib, bəziləri itib-batıb. “Rəsulzadənin ev muzeyi” yaradılarsa, ona məxsus əşyalar, sənədlər necə əldə olunacaq?
– Bu, artıq mütəxəssislərin işidir. Rəsulzadəyə aid böyük sənədlər, böyük eksponatlar, muzey materialları kifayət qədərdir. Uzun illərdir ki, bunlar araşdırılıb, tapılıb. Hələ belə sənədlər indi də var. Onlar təklif edirlər ki, muzey olsa, biz həmin sənədləri ora verməyə hazırıq. Muzeyin zənginləşməsi üçün nə tələb olunursa, onu da edəcəyik. Muzeyin təşkilat qrupu olaraq 101 nəfər işləyir. Onların hər biri bu cəmiyyətdə tanınan və üzdə olan fəal şəxslərdir.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90