Qarşıdakı dövrdə TDT-yə üzv dövlətlər arasında bütün sahələrdə əlaqələr inkişaf edəcək – MÜSAHİBƏ

image-16681-1668150797backend

Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqəndə keçirilən son zirvə toplantısı bir sıra önəmli qərarların qəbulu və liderin diqqətəlayiq çıxışları ilə yadda qalıb. Hətta Şimali Kipr Türk Cumhuriyyəti müşahidəçi qismində təşkilata üzv qəbul edilib. Bu kimi məsələlər TDT-nin gələcək inkişafı və önəmi barədə ciddi fikirlərin formalaşmasına və müzakirələrin artmasına səbəb olub. Busaat.az mövzu ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib.

Yusif bəy, TDT-nin fəaliyyətini necə qiymətləndirirsiniz?

image-yusiff

-200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyası geniş maddi resurslara, zəngin mədəniyyətə, ortaq dəyərlərə, möhkəm tarixi bağlara malikdir. Azərbaycan olaraq biz həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəmizi vermişik, türk dövlətlərinin konsolidasiyasında maraqlı olmuşuq. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçməyi bacardı.

Türk Dövlətləri Təşkilatının Özbəkistanda keçirilən Zirvə görüşü də Türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından mühüm toplantı oldu. Zirvə görüşündə üzv və müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın müzakirəsi, regionda və onun hüdudlarından kənarda baş verən siyasi və iqtisadi hadisələrlə bağlı fikir mübadiləsinin aparılması onu deməyə əsas verir ki, Türk Dövlətləri Təşkilatı artıq bir qurum kimi özünü təsdiq edib və beynəlxalq platformalarda da öz layiqli yerini tutub.

TDT-nin türk dövlətləri arasındakı əlaqələrin inkişafında rolu barədə fikirlərinizi bilmək istəyərdik. Azərbaycan bu inkişafdan nə əldə edir?

-TDT səviyyəsindəki görüşlər və tədbirlər təkcə ölkələr arasında münasibətlərin inkişafı baxımdan deyil, həm də Azərbaycan həqiqtələrini dost və qardaş dövlətlərə çatdırmaq baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu mənada cənab Prezidentin IX Zirvə Görüşündə çıxışı kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı. Prezident tərəfindən Ermənistanın təcavüzkar siyasətinin davam etdirilməsi, ərazilərimizdə minaların basdırılması, mülki insanlarımızın mina terrorunun qurbanına çevrilməsi, ərazilərimizin dağıdılması, məscidlərimiz, dini və mədəni abidələrimizə qarşı həyata keçirilmiş vandalizm aktları ilə bağlı geniş məlumat verildi. Təbii ki, TDT üzvü olan dövlətlərin hər biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı şəkildə dəstəkəyirlər. Amma bu həqiqətlərin davamlı olaraq sadalanmasına və yaddaşlarda qalmasına ehtiyac var və bu baxımdan da öz öhdəliklərini yerinə yetirməyən Ermənistana beynəlxaq təzyiq baxımından bu faktların hər fürsətdə bəyan edilməsi olduqca vacibdir.

TDT müstəqilliyinə qovuşa bilməyən türk yurdlarında nə kimi siyasi addımlar ata bilər və ümumtürk dünyasının formalaşmasına nail ola bilərmi? 

Burada Səmərqənd zirvə görüşündə Prezident İlham Əliyev tərəfindən növbəti dəfə Güney Azərbaycan mesajının verilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Prezident haqlı olaraq bildirdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir və Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum olduğunu bildirən prezident Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almasının daim təşkilatın gündəliyində olmalı olduğunu bildirməsi çox mühüm mesaj idi və bu mesjın Türk dövlətlərinin liderlərinin iştirak etdiyi toplantıda səsləndirilməsi onun təsirini ikiqat artırır. Prezidentin bu çıxışı həm də güneydəki soydaşlarımıza “yanınızdayıq” mesajı kimi qəbul edilməlidir. Soydaşlarımız bilməlidirlər ki, onların oz hüquq və azadlıqları uğrunda apardıqları mübarizədə yanlarındayıq və istənilən dəstəyi verməyə hazırıq.

Fikrimcə Prezidentin çıxışında digər əhəmiyyətli məqam türk dövlət başçılarının Qarabağa və Şərqi Zəngəzura dəvət edilməsi oldu. Prezidentin xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad olunmuş torpaqlara üç dəfə səfər etdiyini, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olduğunu vurğulaması digər türk dövlət başçılarının da Qarabağa, həmçinin Şərqi Zəngəzura rahatlıqla gələ biləcəyinə mesajdır.

Şimali Kipr Türk Cumhuriyyətinin müşahidəçi, qismində təşkilata üzv seçilməsini necə qiymətləndirirsiniz?

-Görüşün vacib məqamlarından biri də Türkiyə Prezidenti cənab R.T.Ərdoğanın Şimali Kipr Türk Cumhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv qəbul edilmsi ilə bağlı verdiyi şad xəbər oldu. Bu qərarın qəbulu Şimali Kipr Türk Cumhuriyyətinin tanınması istiqamətində atılmış çox mühüm tarixi addım və tarixi qərardır. Belə ki, Şimali Kipr Türk Cümhuriyyətinin öz adı ilə bir beynəlxalq təşkilata qəbul edilməsi adada məhz iki dövlətin mövcudluğu yönündə illərdir aparılan mübarizənin dəstəklənməsi deməkdir və bunun çox böyük önəmi var. Düzdür Kipr Türk Cumhuriyyəti bundan əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatına fərqli status və adla müşahidəçi üzv qəbul edilmişdir. Xatırlayırsınızsa 2004-cü ildə BMT-nin Kiprin federativ əsasda birləşdirilməsinə dair “Annan planı”nda adanın şimalındakı türk icması ilə bağlı “Kipr Türk Dövləti”, cənubdakı yunan icması ilə bağlı “Kipr Yunan Dövləti” anlayışları yer almışdı. İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı da məhz bu adla Şimali Kipri müşahidəçi üzvlüyə qəbul etmişdi. Amma indi Şimali Kipr Türk Cümhuriyyətinin məhz öz adı ilə Türk Dövlətləri Təşkilatına qəbul edilməsi dövlətin tanınmasına verilən çox böyük töhfədir. Bu qərarla Türk Dövlətləri Təşkilatı Kipr türklərinin tək olmadığının mesajını vermis oldu.

Yusif bəy, Səmərqənd Bəyannaməsi barədə fikirlərinizi bölüşərdiniz, zəhmət olmasa. Sizcə bu sənəd Türk dünyasının inkişafına səbəb ola biləcək potensialdadırmı?

-Görüşün əhəmiyyətli məqamlarından biri də Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsinin imzalanmasıdır. Bəyannaməyə baxdıqda görürük ki, bu sənəd özündə TDT-nin regional və qlobal siyasətdəki yerini möhkəmləndirəcək xətləri müəyyən edir. TDT-nin ideoloji cəhətləri də burada rol oynayır, ona görə də Bəyannamədə türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, ənənələri və dəyərlərinə əsaslanan tezislərə yer verilib. Bəyannamədə həmçinin Türk Dövlətləri Təşkilatının çoxtərəfli çərçivə əməkdaşlığını daha da dərinləşdirmək və genişləndirmək əzmində olduğu da nümayiş etdirilir. Son Zirvə görüşündə “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nın təsdiqlənməsi, TDT-yə üzv dövlətlər arasında ticarətin asanlaşdırılması strategiyasının müəyyən edilməsi, eyni zamanda, gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı sazişin imzalanması qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatı üzv dövlətləri arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf edəcəyini söyləməyə imkan verir.

Təşəkkür edirik, Yusif bəy.

-Buyurun, xoşdur.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki