Ramazan Kadirov kimdir? – Putin, Kreml, Rusiya və ya oyuncaq? – TEHRAN ORUCOĞLUNUN “KADİROV DOSYA”SI

image-tehranbackend

Ramazan Kadirov. Haqqında ən çox danışlan lakin ən az bilinən “qəhrəman”. Putinin sağ əli, demokratların qorxulu kabusu, Rusiyanın bir nömrəli qatili?!

Çeçenistanın dəyişməz prezidenti, öz sözləri ilə desək, Putinin sadiq piyadası, Kremlin xüsusi adamı olan Kadirov əslində kimdir?

Siyasi şərhçi Tehran Orucoğlunun “Kadirov Dosyası”nı təqdim edirik:

Bəzilərinin fikrincə, qan tökməkdən və məhkəməsiz edamlardan çəkinməyən balaca padşah, bəzilərinə görə iki müharibədən sonra xarabalığa çevrilmiş Çeçenistanı yenidən bərqərar edən liderdir, Kadirov. Kimiləri də Putinin görən gözü, danışan dili adlandırır, müsəlman lideri.

Dojd Televiziyasının keçmiş baş redaktoru Mixail Zıqar Putinin Kadırovla münasibətini öz kitabında incələyir. Rusiya liderinə yaxın mənbənin sözləri ilə belə bir cümlə qurulur: “Putinin Kadırovla xüsusi münasibəti var. Təbii ki, bir region prezidentinin Putindən başqa heç kimi avtoritet kimi görməməsi təhrif olunmuş sistemdir, amma belədir…”

İkinci Çeçen Müharibəsi zamanı Putin çeçenlərin ən nüfuzlu nümayəndələrindən biri olan baş müfti Əhməd Kadirovu öz tərəfinə çəkə bildi. Ata Kadirov seçkiyə qədər bölgəyə birbaşa prezidentliyin gətirilməsini təklif edib və o, 2000-ci il iyulun 12-də Putinin sərəncamı ilə Çeçenistanın rəhbəri təyin edilib. 3 il sonra, 2003-cü ildə seçkidən sonra Çeçenistanın prezidenti olur. Kadirovlar ailəsinin Çeçenistanı idarə edən uzunmüddətli, monorxiyalı hakimiyyəti başlayır. Demokratik pərdənin arxasındakı monorxiya. Xalqın sevgisi ilə təzahür edilən, demokratiyanın varlığına inandırılıb, silahlı gənclərin hakimiyyət keşikçisinə çevrildiyi, müsəlmanlıq adı altında uzanan saqqal ilə Federasiyanın vuran əlinə çevrilən bir müxtariyyət.

Dünyada Çeçenistan adlı qısa metrajlı serial belə başladı.

Lakin bir il sonra Əhməd Kadirov Qələbə günü mərasimi üçün keçirilən konsertdə olduğu platformanın partlaması nəticəsində həlak olur. Təfərrüatlar hələ də sirrdir. Və beləcə 20 illik sirrin üzərində səltənəti qoruyan Ramazan KADİROV dönəmi başlayır.

Ertəsi gün Putin Əhməd Kadirovun oğlu Ramazan Kadirovu qəbul edir.

Sirli partlayışdan sonra Putinin Əhməd haqqında fikirləri isə belədir: “O, əsl qəhrəmandır!”.

Bu, Putinlə Ramazan arasında ilk görüş idi. Putinin fikrincə, Birinci Çeçenistan müharibəsində ona qarşı vuruşmuş və İkinci Çeçenistan müharibəsində onun yanında olan Ramazan onu atasının yerinə otuzdurur.

Hakimiyyətə gətirilməli olan Kadirov yaş baryerinə ilişir. 30 yaş həddinə daha üç il var. Ona görə də Alu Alxanov müvəqqəti olaraq Çeçenistanın prezidenti təyin edilir. Ramazan Kadirov baş nazir olur. Əslində bölgəni idarə edən də Kadirov olur.

Rusiyalı jurnalist Anna Politkovskaya yazıb ki, o zaman Kadirov rayonun yeganə sahibi olub, dövlət başçısını ayağa çağırıb, hətta paytaxtı az qala yaşadığı kəndə köçürüb. Kadirovun iddiaları hər gün artırdı: “Mən Çeçenistanda yox, bütün Şimali Qafqazda nizam-intizam yaradacağam”, deyirdi.

Putinin Çeçenistandakı müharibəsini, eləcə də Kadirovun hərəkətlərini tənqid edən Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də – Putinin doğum günündə evinin liftində güllələnərək öldürülüb. Rusiyadakı əleyhdarları uzun müddət bu sui-qəsdin Kadirovun Putinə “ad günü hədiyyəsi”, olduğunu deyirdilər. Təbii ki, Kadirov iddiaları rədd etdi, lakin Politkovskaya işi Rusiya tarixində qara ləkə olaraq qaldı, bu günə qədər…

Sonrakı illərdə Ramazan Kadirovun adı həmişə sui-qəsdlərlə hallanırdı. 2006-cı ildə atasının keçmiş cangüdəni Mövladi Baysarov Moskvada qətlə yetirilib. Moskva Baysalovun saxlanılarkən polisə müqavimət göstərdiyi üçün öldürüldüyünü açıqlayır və məsələ bağlanır.

2008-ci ildə Kadirovun adı yenidən ölüm hadisəsində hallanır. İkinci Çeçenistan müharibəsində Əhməd Kadirov kimi Putinin tərəfini tutan Ramazan Kadirovla Yamadeyev qardaşları arasında gərginliyin yaşandığı məlum idi. Yamadayev qardaşlarından biri 2008-ci ildə, digəri isə 2009-cu ildə öldürülür. Şübhəlilər arasında Kadirovun sağ əli Adem Delimxanov da olur. Yüngül cinayətlə yarğılanan Delimxanov bir il sonra sərbəst buraxılır…

Kadirovun adının hallandığı ən diqqətçəkən ölüm hadisələrindən biri də “Memorial” İnsan Hüquqları Fonduna təyin edilmiş hüquq müdafiəçisi Nataliya Estemirova olub. Çeçenistanda insan haqları pozuntularını araşdıran Estemirova 2009-cu ilin iyununda Qroznıdakı evinin qarşısından oğurlanıb, bundan sonra başından və sinəsindən güllələnmiş meyiti İnquşetiyada meşə yolunun kənarında tapılıb. Bununla belə, Ramazan Kadirov bundan da qurtula bildi…

2015-ci ildə Putinin ən qatı rəqiblərindən biri olan Boris Nemtsov Kremlin dibində qətlə yetirilib. Krımın və Donbasın Rusiya tərəfindən işğalına reaksiya verən, Rusiyanın yalanlarını üzə çıxaran hesabat hazırlayan Nemtsovun ölüm tarixi də simvolik olub. Krımın işğalının ildönümündə – fevralın 27-də… (Qatilin əyləncəli və mesaj dolu cinayətləri)

Müxalifət ictimaiyyətinin gözündə Nemtsovun qətlində Kadirov da baş rol oynayıb, lakin o, hətta, sorğu-sual olunmayıb…

Beləliklə, saysız-hesabsız var-dövləti, ən müasir avtomobilləri, qızıldan hazırlanmış tüfəngli mühafizəçiləri, milyardlarla dolları, on minlərlə döyüşçü ordusu ilə Putinin toxunulmaz “qəhrəmanı”.

Cəzasızlıq adasına çevirdiyi Çeçenistanda öldürənlərin hesabı tutulmadı, düşmən gördüyü hər kəsin başını, dilini kəsməklə hədələdi, əlindən qaçanların arvadlarını, analarını aldı, təhdidlər, meydanlarda söyüş mərasimləri keçirdilər…

Ramazan Kadirov kimdir? – Putin, Kreml, Rusiya və ya oyuncaq? Seçim sizindir.

Busaat.az 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90