Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən “Sherlock Music Pub” iaşə obyektində insident baş verib.
Busaat.az Oxu.az-a istinadən xəbər verir ki, gecə saat 00:30-da restoranda bir qrup müştəri arasında dava düşüb.
Belə ki, sərxoş vəziyyətdə olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb, səs-küy salaraq obyektin fəaliyyətinə mane olub.
Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları gəliblər. Lakin həmin qadın hərəkətlərinə davam edərək tabesizlik göstərib.
Saxlanılaraq şöbəyə aparılan qadının Xaçmaz rayonunun Xudat şəhər sakini, 1987-ci il təvəllüdlü N.İsmayılova (şərti) olduğu müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub və sənədlər Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən 38 yaşlı qadın yan masada olan şəxsin onun hesabını ödəmək istəməsinə görə əsəbiləşdiyini bildirib:
“Həmin vaxt “Sherlock” restoranında bir müddət istirahət etmişdim, yemək yeyib, spirtli içki qəbul etmişdim. Daha sonra hesab üstündə mübahisə düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən, tanımadığım şəxs ödəmək istəyirdi. Mən isə bununla razılaşmadım, nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları məni şöbəyə apardılar. Törətdiyim əməldən peşmanam”.
Nizami Rayon Məhkəməsinin qərarı ilə N.İsmayılovaya 5 sutka inzibati həbs verilib və o, müvəqqəti saxlanma yerinə yerləşdirilib.