Rumıniya Milli Müdafiə Nazirliyinin Silahlanma üzrə Baş İdarəsinin rəisi, general-mayor Teodor İncikas Buxarestin Vaşinqtondan bir batalyon Abrams tankı alacağını açıqlayıb.
Busaat.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
İncikasın sözlərinə görə, Rumıniya parlamenti, ilk növbədə, tırtıllı haubitsaların, piyada döyüş maşınlarının, qısa və ultra qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin, eləcə də F-16 döyüş təyyarələri üçün raketlərin alınmasını təsdiqləməlidir.
“Eyni zamanda, Abrams tanklarının batalyonunun alınması ilə bağlı sorğumuz parlamentin ilkin təsdiqinə doğru gedir”, – İncikas əlavə edib.
O, bu tankların tapşırıqları yerinə yetirmək üçün ən yaxşı keyfiyyətlərə və xüsusiyyətlərə malik olduğunu bildirib.