ABŞ və Kanadanın ardınca Rumıniya da hava məkanında şübhəli obyekt aşkarlayıb.
Busaat.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyindən verilən açıqlamada, Rumıniya Hərbi Hava Qüvvələrinin müşahidə sisteminin ölkənin hava məkanında meteoroloji şara bənzəyən hava obyekti aşkar etdiyi və şübhəli obyektin 11 min fut yüksəklikdə uçduğu bildirilib.
Açıqlamada, şübhəli obyektin aşkarlanmasından sonra 2 ədəd “MiG 21 LanceR” tipli döyüş təyyarəsinin havaya qalxdığı, döyüş təyyarələrinin obyektin aşkar edildiyi əraziyə 10 dəqiqə sonra gəldiyi, lakin obyektin görüldüyü nöqtədə aşkarlana bilinmədiyi ifadə edilib. Açıqlamada, həmçinin döyüş təyyarələrinin bazaya qayıtmadan əvvəl bölgədə 30 dəqiqə uçduqları da qeyd edilib.
Rumıniya və Ukrayna sərhədində yerləşən Moldova, açıqlanmayan təhlükəsizlik səbəbi ilə hava məkanını qısa müddətə bağlayıb və sonra yenidən açıb. İki hadisənin bir-biri ilə əlaqəsi olub-olmadığı hələlik məlum deyil.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) fevralın 12-də “F-16” təyyarələri ilə Kanada sərhədi yaxınlığında Huron gölü üzərində naməlum uçan obyekti vurduğunu açıqlayıb. Sözügedən uçan cismin səkkizbucaqlı, ipləri sallanan bir quruluş olduğu və yerdəki heç bir şey üçün hərbi təhlükə olaraq görülmədiyi, lakin aşağı yüksəklikdə uçduğu üçün mülki aviasiya üçün təhlükə yarada biləcəyi ifadə edilib.
Qeyd edək ki, ABŞ hərbçiləri fevralın 4-də Çinə məxsus balonu, fevralın 10-da Alyaskada iki naməlum obyekti və fevralın 11-də Kanadada bir naməlum obeykti, beləcə ümumilikdə 4 hava elementini vurub.