Artıq ikinci ildir ki, davam edən Ukrayna və Rusiya savaşı günü gündən daha da kəskinləşir. Bu mənada sözügedən savaşın nəticəsində Cənubi Qafqazda vəziyyəti necə xarakterizə etmək olar? Gözləntilər nələrdir?
Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova Busaat.az-a açıqlama verib.
“Qalibin hansı tərəf olması region üçün böyük fərqi olacaq. Rusiyanın qalib gəlməsi onun regionda və dünyada nüfuzunu daha da artıracaq, Rusiyanın liderlik etdiyi regional təşkilatların, o cümlədən, Avrasiya İqtisadi Birliyinin genişlənməsinə səbəb olacaq. Yəqin ki, Azərbaycan da bu təşkilata üzv olacaq. Türkiyədə Ərdoğanın qalib gəlməsi ilə Atlantizmin Orta Şərqdəki onurğa sütunu, anqlo-saksonların isə ABŞ qanadı Türkiyədə qırıldı.
Prezident Ərdoğan Türkiyəni NATO-dan, ABŞ imperializminin forpostu olmaqdan uzaqlaşdırma, Rusiya ilə yaxınlaşma, Böyük Orta Şərq layihəsini iflasa uğratma, Qara dənizin rus və türk barış dənizinə çevrilməsi, Putinlə dostluq, slavyan-türk birliyinin möhkəmləndirilməsi, Türkiyənin Atlantizmdən uzaqlaşıb Avrasiya ölkəsi olması yolundakı siyasətini davam etdirəcək. Paşinyan hakimiyyətdə qaldığı müddətcə Ermənistanın ikinci Ukraynaya çevrilmək ehtimalı real olacaq, hətta Rusiya – Ermənistan müharibəsi qaçılmazdır. Bu, Ukrayna kimi müharibə (uzunmüddətli xüsusi hərbi əməliyyat) da ola bilər, Qazaxıstan kimi qısamüddətli əməliyyat da. Ermənistanın ərazicə kiçik, əsgər sayının az olduğunu, Rusiyadan iqtisadi və hərbi asılılığını nəzərə alsaq, daha çox Qazaxıstan variantı mümkündür. Paşinyan Ermənistanın Azərbaycana dəstək verən Rusiya ilə bir ittifaqda qala bilməyəcəyini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq istədiyini bəyan edib. Rusiya ilə “Sarsılmaz qardaşlıq 2023” hərbi təlimindən imtina edib NATO təlimlərinə qoşulmaq qərarı verib. Rusiya bir sıra MDB ölkələrində təmizləmə əməliyyatları aparıb oradakı destruktiv qüvvələri zərərsizləşdirdikdən sonra MDB-də yeni düzən formalaşacaq. Böyük dövlətlərin burada güc savaşı gedir.
Hazırda Rusiyanın regiondakı bütün fəaliyyəti özünümüdafiə instiktindən başqa heç bir şey deyil. Həm Qarabağda, həm Ukraynda. O cümlədən, Qarabağda müharibə və münaqişənin davam etməsi Rusiyanın dövlət maraqlarına ziddir. Bütün hüdudlarının, o cümlədən, cənub sərhədlərinin təhlükəsizliyi Rusiyanın dövlət maraqlarının əsaslarını təşkil edir. O, strategiyasını bunun üzərində qurub. Yəqin ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının qarşılığında Azərbaycan artıq əvvəllər də qeyd etdiyim ki, Avrasiya İqtisadi Birliyinə daxil olacaq. Ölkə Prezidentinin bu mötəbər qurumun toplantısında iştirakı bunu sübut edir. Rusiya Ukraynada Qərblə savaş apararkən bir də öz cənub sərhədlərində qarışıqlıq, ABŞ və bəzi Avropa ölkələrinin yeni təxribatları ilə məşğul olmaq istəmir.
Rusiya Azərbaycan və Ermənistanın vahid inteqrasiya məkanında olmasını istəyir. Yaxın dövrdə Azərbaycan Avrasiya Birliyinə üzv olduqdan sonra artıq bura onun ərazisi sayılacaq və rus sülhməramlılarının burada növbəti 5 ildə qalıb-qalmaması elə bir əhəmiyyət kəsb etməyəcək. Artıq Türkiyənin də NATO-dan uzaqlaşıb onu əvəz edəcək alternativi var və bu, onun üçün yeni imkanlar açır. Ukraynada banderaçı sionist iqtidar hansısa yolla getməlidir. Çünki bu qədər uğursuzluğa imza atmış hakimiyyət çox davam edə bilməz. Ukrayna özü də gec-tez NATO-ya yox, Avrasiya Birliyinə daxil olacaq. Onun yeri geopolitik baxımdan Atlantizmin yanı deyil. Azərbaycan çoxqütblü dünya düzənində Rusiyanın yanında yer almalı, qlobalistlərin, anqlo-saksonların düzənindən mümkün qədər uzaq olmalıdır.”
Bünyamin Bünyadzadə
Busaat.az