Rusiya bombardımanları nəticəsində 8 ukraynalı ölüb: “Bizi yer üzündən silməyə çalışırlar” – FOTOLAR

image-u5backend

Kiyevin mərkəzindəki Şevçenkivsk rayonunda partlayışlar baş verib.

Busaat.az xəbər verir ki, bu barədə Kiyevin meri Vitali Kliçko məlumat verib.

Kliçko Telegram hesabında “Şevçenkivsk rayonunda, paytaxtın mərkəzində bir neçə partlayış baş verib” – deyə, yazıb.

“Saat 08:45-ə olan məlumata görə, Şevçenkivsk rayonunda bombardmanlar nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb, 6 avtomobil yanıb, 15-dən çox avtomobil zədələnib” – deyə, Ukrayna daxili işlər nazirinin müşaviri bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram hesabında verdiyi açıqlamada Rusiyanın Ukraynanın paytaxtı Kiyevi hədəf almasına kəskin reaksiya verib: “Müharibənin 229-cu günündə bizi məhv etməyə, yer üzündən silməyə çalışırlar. Zaporojyedə evdə yatanları, Kiyevə işləməyə gedənləri öldürüblər. Təəssüf ki, ölən və yaralılarımız var. Xahiş edirəm sığınacaqları tərk etməyin”.

Ukrayna prezidenti Rusiyanın ölkənin enerji infrastrukturunu hədəf alaraq panika yaratmağa çalışdığını bildirib və “İkinci hədəf insanlardır. Bu hədəflər xüsusi olaraq seçilib” deyə vurğulayıb.

“Paytaxt rus terrorçularının hücumu altındadır. Raketlər şəhərin mərkəzində Şevçenkivsk və Solomyan rayonlarına düşüb. Hava xəbərdarlığı var və buna görə də təhlükə davam edir. Bütün paytaxt sakinlərinə müraciət edirəm: sığınacaqlarda qalın. Təcili ehtiyac yoxdursa, bu gün şəhərə çıxmamaq daha yaxşıdır” – deyə, Kiyev meri xəbərdarlıq edib.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Kliçko, “Kiyevin mərkəzi küçələri hüquq-mühafizə orqanları tərəfindən nəqliyyatın hərəkətinə bağlanıb, xilasetmə işləri aparılır” – deyə, qeyd edib.

Ukrayna mətbuatında yer alan xəbərə görə, Rusiya qüvvələrinin raket hücumu zamanı paytaxtda 3-4 partlayış baş verib. Partlayışların Ukrayna Prezident Aparatının 1-2 kilometrliyində yaşandığı bildirilib.

Ukrayna Daxili İşlər Nazirliyinin bəyanatında aşağıdakı ifadələr yer alıb: “Kiyevə atılan raketlərdən biri təhlükəsizlik xidmətlərinin yerləşdiyi küçəyə düşüb. Prezident Zelenskinin ofisi də bu ərazidə yerləşir”.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı bildirib ki, Rusiya bu səhər 75 raket atıb, onlardan 41-i hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Digər tərəfdən Ukrayna mətbuatında səhər saatlarında Odessa, Lvov və Dnepr şəhərlərində də hücumların həyata keçirildiyi barədə xəbərlər yayılıb.

image-u5 image-u4 image-u3 image-u2 image-u1

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki