Ukrayna Prezidenti Vladimir Zelenski nailiyyətlərini möhkəmləndirmək və ələ keçirdikləri Rusiya torpaqlarının bir hissəsini saxlamaq qərarına gələ bilər.
Busaat.az xəbər verir ki, bu barədə xarici mətbuatda bildirilib.
Qeyd olunub ki, Ukrayna əsgərləri Kursk vilayətinin dərinliklərində ələ keçirilən yaşayış məntəqələrindən kadrları dərc edərək inamla irəliləyirlər.
Bu proseslər müharibəni hara aparır? Rusiya Ukrayna ilə sülhə gedə bilərmi?
Mövzu ilə bağlı Busaat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Rusiya-Ukrayna müharibəsində pozitiv inkişafdan söhbət gedə bilməz. Onun sözlərinə görə, bu müharibənin taleyi ilə bağlı hər iki tərəfdən hansısa bir geri addımlar müşahidə edilmir.
Politoloq qeyd edib ki, nə Rusiya indiyə qədər işğal etdiyi əraziləri Ukraynaya təhvil verəcək kimi görünür, nə də Ukrayna Rusiya işğalı ilə hansısa bir formada barışmamaq mövqeyində dəyişiklik edir.
Təkcə ərazi problemlərinin iki ölkə arasındakı münaqişəni çıxılmaz vəziyyətdə salmadığını deyən T.İsmayılov nəzərə çatdırıb ki, onların özünün bu müharibəyə yanaşmasında fərqlər var və hər iki ölkənin rəhbərinin mövqeləri bir-birinə 180 dərəcə ziddir:
“Bütün bunlar əlbəttə ki, Rusiya-Ukrayna müharibəsində pozitiv bir sabitliyin və yaxud da sühlə bağlı ehtimalların reallaşmaq imkanlarını istisna edir”.
T.İsmayılov son baş verənlərin Rusiya-Ukrayna müharibəsindəki dağıdıcılığı artırdığını vurğulayaraq Ukraynanın Kursk şəhərinə daxil olmasından sonra bu müharibədəki aqressiv ritorikanın daha da dərinləşdiyini söyləyib.
Tural İsmayılov: Ukraynanın Kurska girməsindən sonra sonra aqressiv ritorikası daha da dərinləşdi
Hazırda Kurskun müəyyən hissələrinə Ukraynanın, Donbasa isə Rusiyanın nəzarət etdiyini diqqətə çatdıran müsahibimiz deyib ki, qarşılıqlı şəkildə ərazilərin əldə saxlanması müəyyən mənada geri çəkilmənin olmayacağını göstərir.
“Bütövlükdə hətta müəyyən qədər bədbin səslənsə də, mən yaxın 50 il ərzində Rusiya-Ukrayna müharibəsində hansısa bir həlledici sülh faktorunu istisna edirəm və təəssüflər olsun ki, bu müharibənin həlli ilə bağlı yaxın zaman üçün çıxış yolları görünmür”, – deyə Tural İsmayıov əlavə edib.