“Ərazi bütövlüyünü təhdid edən razılaşmalardan qaçmaq üçün hücum və itirilən əraziləri geri qaytarmaq Ukrayna üçün prioritetdir”.
Bunu siyasi şəhrçilərin Rusiya-Ukrayna müharibəsi bu il daha da gərginləşəcək proqnozlarına münasibət bildirən politoloq Rəfail Bacanov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Ukraynanın müdafiə limiti bitib: “Ukrayna müdafiə olunduqca Rusiya aqressivləşir. İşğal etdiyi ərazilərdə möhkəmlənir, yeni ərazilərə iddia edir. Bu səbəbdən Ukrayna NATO-dan müasir silahlar almaqla, hücum edib ərazilərini geri qaytarmağa çalışır. Ukraynanın Rusiya sərhədləri daxilində müharibə aparacağı gözlənilən deyil. Öz torpaqlarını geri qaytarmağa çalışacağı təbiidir”.
Rusiya-Ukrayna müharibəsinin beynəlxalq miqyasına toxunan politoloq qeyd edib: “Rusiya-Ukrayna qarşıdurması iki qonşu dövlət arasında olan müharibə deyil. Ukrayanda Rusiya-NATO müharibəsi gedir. Dünyada ötən əsrin sonlarından etibarən hegemon ABŞ və onun timsalında NATO idi. SSRİ dağılandan sonra Rusiya çökdü. Çin müttəfiqsiz olduğundan dünyanın digər qütbünə çevrilə bilmirdi. 2000-ci ildən sonra Rusiya tədricən özünə gəlməyə başladı və 2014-cü ildə Krımı və Donbasın bir hissəni işğal etməklə yenidən gücə çevrilmək niyyətini ortaya qoydu. Çin birbaşa münaqişələrdən qaçdığı üçün Rusiyaya dolayısı və gizli dəstəyi ilə yeni bir qütbün formalaşmasına təkan verdi. Hazırda ABŞ, onun timsalında NATO və müttəfiqləri bir qütb, Rusiya-Çin və ətraflarında olan “peyk” dövlətlərlə birgə ikinci qütbə iddia edirlər. Hesab etmək olar ki, Ukrayna müharibəsi dünya düzəninin yenidən dizaynı prosesidir. Bu müharibədə uduzan tərəf dünya hegemonluğunu da birdəfəlik itirəcək. Bunu isə nə ABŞ və NATO, nə də Rusiya qəbul edir”.
Politoloq, həmçinin, beynəlxalq miqyasda ekspertlər tərəfindən verilən açıqlamaları dəyərləndirib: “Siyasi şərhçilər vəziyyəti analiz edib fikirlər irəli sürürlər. Analizlər göstərir ki, müharibə səngimək əvəzinə bir az da alovlanacaq. Bu halda isə Ukraynanın müdafiə yox, hücum tastikası çıxış yoludur. Ərazi bütövlüyünü təhdid edən razılaşmalardan qaçmaq üçün hücum və itirilən əraziləri geri qaytarmaq Ukrayna üçün prioritetdir. Qərbin silah yardımı Ukraynaya əlverişli situasiya, əlavə imkanlar yaradır. Ukrayna Rusiya ilə müharibə istəməsə də, hər iki tərəf onu qurbanlıq seçdi. Bir növ zorla müharibəyə sürükləndi. İndi də NATO-Rusiya qarşıdurmasında qurban olmaq, ərazi itirmək, parçalanmaq istəmir. Dünya düzəninin rekonstruksiyası prosesindən itki ilə çıxmaq istəmir. Ona görə də Qərbdən Rusiya ilə döyüşmək üçün silah tələb edir. Müharibə başlayan dövrlə müqayisədə Ukraynada indi daha çox silah var. Həmin silahlar həm də müasir silahlardır. Bu, Ukraynaya əlavə üstünlük verir və hücumda olacağı ehtimallarını artırır. Rusiya zəifləyir. Sanksiyaların təsiri hər gün daha genişlənir. Bu gedişlə sonda xalqın müharibədən imtinası ilə bağlı etirazlar çoxalacaq. Bir çox gedişlər buna hesablanıb. Bu zaman aralığında isə Ukrayna hücum etməklə, işğal altında olan əraizlərini geri qaytarmağa çalışacaq və indiki təhlillər də bunu göstərir”.
Busaat.az/Ələsgər