Rusiya və Türkiyədən İrana QADAĞA: Tehran çox tab gətirə bilməyəcək – ŞƏRH

image-iranbackend

İranın son zamanlar kəskin çıxışları onun siyasi müqəddaratı ilə yanaşı iqtisadi potensialına da ciddi təsir edir. Azərbaycan ilə bağlı uğursuz mövqeyi İranı təkcə Azərbaycan tərəfdən deyil, Rusiya kimi böyük gücə malik ölkələrin də iqtisadi təzyiqlər etməsinə səbəb olur. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz Regionlararası İdarəsi, bu ilin oktyabr ayının əvvəlindən İrandan 20 ton almanın, 17,2 ton gül kələmin və 16,5 ton bibərin Rusiya bazarına daxil olmasına icazə verməyib. Yeni məlumatlara əsasən ixracına müvəqqəti məhdudiyyət qoyulmuş alma məhsullarının ixracının təmin edil­məsi ilə bağlı görü­lmüş tədbirlər nətic­əsində Rusiya tərəfi­ndən Azərbaycanda 70 müəssisənin alma ixracına icazə verilib.

Ümumiyyətlə İrana qarşı bu yaşananlar təsadüf yoxsa ciddi anlamda sanksiya cəhdləridir?
Bu barədə  açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildidi ki, hazırda regionda yaranmış bu vəziyyətin arxasında siyasi proseslər durur. Həmin məsələlərdən ən vacibi Zəngəzur dəhlizi ilə bağlı olandır. Eldəniz Əmirov deyir ki, İrandan başqa Zəngəzur dəhlizinin açılmasına etiraz edən dövlət yoxdur. Dörd ölkə, həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya dəhlizin açılmasını dəstəkləyirlər. Hətta etiraf etməsə də Ermənistanın daxilində də bu dəhlizin açılmasına ciddi maraq göstərən şəxslər var. Bəs İranın “qarnını ağrıdan”, uzun müddətdir diqqəti özünə cəlb etməyə çalışdığı qeyri-adekvat davranışların səbəbi olan dəhliz məsələsinin kökündə yatan iqtisadi məsələ nədir?

Eldəniz Əmirov: “Yaya doğru qiymətlərdə yenə dalğalanmalar ola bilər”

“İran bilir ki, Zəngəzur dəhlizinin açılması, dörd ölkə (Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan)üçün böyük perspektivlər açacaq. Bu da İrana sərf etmir. Düzdür Gürcüstanın da Zəngəzur dəhlizinin açılması ürəyincə olmasa da bu düşüncələrini biruzə verəcək addımlar atmayıb. Amma İran narahatdır ki dəhliz açılacağı təqdirdə ölkə olaraq aktuallığını itirmiş olacaq. Bildiyiniz kimi, Azərbaycan Naxçıvanla əlaqə yaratmaqdan ötrü İranın nazını çəkməli olurdu. Hazırda Zəngəzur dəhlizinin açılmaması üçün İran Ermənistana qoşun salıb və ya Azərbaycanla sərhəddə təlimlər keçirərək buna öz düşüncəsində etiraz etsə də, uzun müddətli buna qarşı çıxa bilməyəcəkdir. Bu maneəni İran təkcə Azərbaycana yox Rusiya və Türkiyəyə qarşı da edir. Ona görə də bu ölkələr körpüləri yandırmamaq şərti ilə İrana müəyyən iqtisadi təzyiqlər edirlər”.

Eldəniz Əmirov qeyd etdi ki, Rusiyanın meyvə-tərəvəzi geri qaytarmaqla bağlı qərarı, Türkiyənin sərhədi bağlaması, və s addımlar İrana Zəngəzur dəhlizi ilə bağlı niyyətinə cavabdır.

 

“İran regionda özünün təkləndiyini fərqində olmalıdır. Nəticədə o regionun bütün ölkələrinə qarşı çıxmış sayılır.Bu da böyük siyasi səhv deməkdir. Siyasi səhvlər isə iqtisadiyyatı dağıdan əsas amildir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyir ki, Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin strateji əhəmiyyətini də artıracaq.

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.
O qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq.

“Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edəcəkdir”.

Metbuat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90