“Rusiyanın Azərbaycana qarşı addımlarına adekvat cavab veriləcək” – EKSPERT RƏYİ

image-15860285294476646825_1000x669backend

Son günlər Azərbaycan-Rusiya münasibətlərində krizlərin yaşanması, Rusiya sülhməramlılarının Qarabağda yol verdiyi pozuntular, Ruben Vardaryanın buraya xüsusi missiya ilə göndərilməsi və s. kimi məsələlər iki ölkə arasındakı gərginliyi artırıb.

Xüsusilə Prezident Ilham Əliyevin “Vardaryan planı”nı ifşa etməsindən sonra iki ölkə arasındakı münasibətlər yenidən gündəmə çevrilib.

Busaat.az sözügedən məsələlər ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib:

image-yusiff

“İstər Rusiya, istər İran, istərsə də hər hansı bir digər ölkə ilə rəsmi Bakının münasibətlərinin perspektivləri həmin ölkələrin Azərbaycanla bağlı davranışlarından asılıdır. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Odur ki, biz Azərbaycan olaraq istənilən ölkə ilə, xüsusən də qonşularımızla bərabər səviyyəli, xoş münasibətlərin tərəfdarıyıq. Başqa sözlə desək əgər hər hansı bir ölkə Azərbaycanla münasibətlərində dostluq, əməkdaşlıq yolu seçəcəksə təbii olaraq eyni şəkildə də cavab alacaq. Yox əgər bu münasibətlər bizim dövlət və milli maraqlarımıza cavab verməyən istiqamətdə olacaqsa o zaman Azərbaycanın mövqeyi də buna adekvat olacaq. Konkret Rusiyaya gəldikdə demək lazımdır ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3 milyard ABŞ dolları civarındadır. Azərbaycanla Rusiya arasında əməkdaşlıq praktiki olaraq bütün sahələri ehtiva edir. Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb. Azərbaycanda Rusiyanın iştirakı ilə 900-dən çox birgə müəssisə fəaliyyət göstərir və onlardan 300-ü 100 faiz Rusiya kapitalına malikdir. Energetika, maşınqayırma, sənaye, nəqliyyat və digər sahələrdə əməkdaşlıq mövcuddur. Bütün bunlarla yanaşı Rusiyada 2 milyona yaxın Azərbaycanlı yaşayır, faəliyyət göstərir. Bunları nəzərə alaraq yenə də təkrar edirəm ki, Azərbaycan olaraq bu münasibtələrin qorunub saxlanılması və inkişaf etdirilməsində maraqlıyıq”.

Ekspert həmçinin Rusiyaın Azərbaycana qarşı attığı addımları da tənqid edib: “Amma təəssüf ki, Rusiya tərəfi hər nə qədər ikitərəfli və müttəfiqlik münasibətlərində maraqlı olduğunu desə də bu ölkənin son davranışları bunun tam əksini ortaya qoyur. Rusiya sülhməramlı qüvvələrinin davranışları, V.Putinin “Valday” disskusiya klubu toplantısında Ermənistan maraqlarını müdafiə etməsi, hələ də separatçı rejimin mövcud olduğu və Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına aid olan ərazilərdə erməni hərbi birləşmələrinə edilən yardımlar, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısının alınmasına yönəlik fəaliyyət və nəhayət Vardanyanın konkret missiya ilə Qarabağa göndərilməsi və s. məsələlər onu deməyə əsas verir ki, rəsmi Moskva Azərbaycanla münasibətlərdə kriz yolunu seçib. Odur ki, bizim münasibətlərimiz də buna adekvat olacaq”.

Politoloq Azərbaycanın özünə qarşı atılan bütün addımlara adekvat cavab verəcək gücə olduğunu qeyd edib: “İstər Rusiya, istərsə də hər hansı bir başqa ölkə bilməli və nəzərə almalıdır ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Artıq heç kim Bakı ilə təzyiq və ya diqtə yolu ilə danışa bilməz. Əgər buna cəhd olacaqsa eyni şəkildə də cavab alacaq. Azərbaycan istənilən vəziyyətə hazırdır. Ölkəmiz Türkiyə, İsrail, Pakistan kimi kifayət qədər güclü müttəfiqlərə malikdir. Bununla yanaşı təbii olaraq Avropa institutları ilə də münasibətlər hər keçən gün inkişaf edir. Avropa İttifaqı (Aİ) Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır. Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Avropa İttifaqı ilə enerji sazişinin imzalanması, Avropa İttifaqı ilə hərtərəfli sazişin imzalanması ilə bağlı aparılan danışıqlar, NATO –Azərbaycan münasibətləri və s. bu kimi məsələlər Azərbaycana istənilən kriz halında özünü sığortalamaq imkanı verir”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki