Son günlər Rusiya-Ukrayna müharibəsində döyüşlərin şiddəti yenidən artıb. Döyüş əməliyyatları bir neçə aydır Ukraynanın hərbi üstünlüyündə davam etsə də, bir neçə gün əvvəl Rusiya ordusu Ukraynanın Donetsk vilayətində yerləşən Andreyevka, Beloqorovka və Perşe Travnya qəsəbələrini işğal edib.
Bundan sonra Ukrayna-Rusiya müharibəsi yenidən dünya gündəminin əsas məsələsinə çevrilib.
Busaat.az məsələ ilə bağlı hərbi məsələlər üzrə ekspert Səxavəd Məmmədin fikirlərini öyrənib:
“Rusiya Ukrayna müharibəsi eyni templə davam edir. Tərəflər demək olar ki, üstünlüyü tam şəkildə ələ ala bilmirlər. Ukrayna tərəfi bir istiqamətdə uğurlar qazananda, Rusiya tərəfi də başqa bir istiqamətdə işğal siyasətini həyata keçirir”.
Ekspert hər iki ölkənin ordusunda baş verən uğursuzluqları belə izah edib: “Hər nə qədər də Ukrayna tərəfi əks hücum əməliyyatlarında uğurlu görünsə də, tərəflərin orduları siyasətçilərin verdikləri əmr və tapşırıqları sahədə hərifiyən yerinə yetirə bilmirlər. Əslində bu normal bir haldır. Çünki ordular uzun zamandır döyüşür. Hər iki tərəfin ciddi itkiləri var. İtkilərin yerini dolduranlar is, əvvəlki effekti verə bilmir. Ümumiyyətlə, bir müddətdir ki, tərəflər daha çox kontaktsız müharibəyə üstünlük verir. Hücum edən tərəf raket zərbələri endirir, müdafiə olnunan tərəf isə onları zərərsizləşdirməyə çalışır. Hazırkı müharibəni statik müharibə də adlandırmaq olar. Ordular əmrlər alır, onu icra edirmiş kimi görsənir”.
Müharibənin sonrakı taleyinə toxunan ekspert qeyd edib: “İndiki halda bəzi yaşayış məntəqələrinin tez-tez əl dəyişdirəcəyini görəcəyik. Rusiya tərəfi səfərbərlikdən gələnləri ordu sıralarına cəlb etdikdən sonra demək olar ki, piyadaların aktiv döyüş əməliyyatlarına girməsindən qaçırdı. Bu da hazırlıqla bağlı idi. Ruslar son vaxtlar cəmləşmə həyata keçirib, yeni hücum istiqamətləri üzərində işləyirdi. Yaxın günlərdə rusların daha aktiv əməliyyatlar həyata keçirəcəyini görə biləcəyik. Havalar soymağa getdikcə müharibə daha da çətinləşəcək. Hər iki tərəfin təminat problemləri üzə çıxacaq. Bu mərhələdə hansı tərəfin təminatı daha yaxşı olacaqsa onun daha çox aktiv olacağını görəcəyik. Ordular döyüşməkdən bezib, ancaq siyasilərin istəkləri bitmək bilmir. Bundan sonrakı mərhələ həm də siyasətçilərin qəbul edəcəyi qərarlardan asılı olacaq”.
Ukraynada infrastrukturun mütəmadi şəkildə hədəf seçildiyini bildirən ekspert əlavə edib: “Hesab edirəm ki, havalar soymağa başlayandan sonra ruslar Ukraynanın infrastrukturuna daha çox zərbələr endirəcək. Onlar bununla xalqı bezdirməyə çalışırlar. Müharibədən bezən xalqın, yaşamaqla bağlı problemləri yaransa, bu daxildə çox ciddi problemlərə gətirib çıxara bilər. Rusların hədəflərindən biri də daxildə xaos yaratmaqdır”.
Busaat.az