Azərbaycanda vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
“Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək”, – deyə məlumatda qeyd olunub.
Məsələ ilə bağlı Referans.az-a sosial məsələlər üzrə ekspert İlqar Hüseynli danışıb. O bildirib ki, taksi fəaliyyətinə xüsusi nəzarət mexanizmi olmalıdır və bunun necə qurulması isə ayrı məslədir:
“Hazırkı mexanizm rahat deyil. Çünki bu xidmət iki şəxs arasında, sifarişçi və sifarişi icra edən şəxs arasında baş verir. nə qədər məmur laızmdır ki, ölkədəki bütün taksilərin kondisionerlərinin işlək vəziyyətdə olub- olmamasına, sifarişdə bir nömrəli maşın göstərib, ünvana digər nömrəli maşının gəlməsi və s. məsələlərə nəzarət eləsin. Bunun yeganə you ictimai nəzarətdir və istehlakçıdan gəlməldir həmin məlumatlar. Həmin məlumatlar əsasında AYNA öz qaydalarına uyğun cəza tətbiq edir. Mən düşüürəm ki, bir şikayəti əsas götürüb taksini xidmətdən kənarlaşdırmaq, xitam vermək ədalətsiz qərar olar. Burada cəza olaraq xəbərdarlıq, yüngül cərimə etməklə taksi sürücüsünü islah etmək olar”.
Ekspert bildirir ki, taksi qiymətləri fantastik qiymətə qalxıb. Əgər əvvələr hava limanına 10 manata gedirdiksə, indi bu yolu 22-23 manata yaxın getmək olu:
“Hesab edirəm ki, taksi sayı o qədər azalmayıb ki, qiyməti 2 dəfə qaldırsınlar. Bu sui- istifadədir. Mən şəxsən özüm taksidən istifadə edirdim, indi yaxın qohumlarıma, dostuma- qardaşıma deyirəm ki, məni filan yerə apar. Belə halların sayı kütləviləşir. Ona görə də taksi fəaliyyətini icra edən şirkətlər məcbur olub, rəqabətin fonunda qiiymətlərin enməsinə gedəcəklər. Bəzi hallarda şirkətlərin özlərinə cəza təyin etmək lazımdır ki, sürücülərinə texniki baxışı vaxtlı- vaxtında həyata keçirsinlər”.