İkinci Dünya müharibəsinin bitməsinin simvolu və 20-ci əsrin ən məşhur fotolarından biri “Qələbə günü Tayms meydanında”.
Modern.az bu dəfə “Məşhur fotonun tarixçəsi” rubrikasında həmin fotonun hekayəsini təqdim edir.
Öpüşmələri 20-ci əsrin simvoluna çevrilən Corc Mendonsa və Greta Zimmer Friedman əslində bir-birinə yad iki insan idi.
İkinci Dünya müharibəsinin sonu idi və Yaponiyanın təslim olması xəbəri bütün Nyu-Yorka yayılmışdı. Sevincli, uniforması hələ də üzərində olan gənc matros Corc Mendonsa həyəcanını saxlaya bilmir, bəmbəyaz geyinmiş bir qadın gözünə sataşır və matros heç düşünmədən onu qucaqlayır və öpür. Bu foto “Life” jurnalında yayımlandıqdan sonra dünyanın diqqətini çəkir və 14 avqust 1945-ci il tarixində yaşanan coşqunun rəmzinə çevrilir.
Fotoqraf Alfred Eyzenştadt həmin anın necə lentə alındığını belə xatırlayır:
“Tayms meydanında küçə boyu gördüyü hər qadını qucaqlayan bir dənizçi gördüm. Mən də öz fotoaparatımla onun qarşısında qaçmağa başladım. Çəkdiyim şəkillərin heç biri məni məmnun etmirdi. Daha sonra birdən onun ağ bir şeyi qucaqladığını gördüm. Çevrildim və dənizçinin tibb bacısını öpdüyü anı ölümsüzləşdirdim. Tibb bacısı tünd rəngli geyimdə olsaydı, fotonu çəkə bilməzdim”.
Əslində Corcun gələcək həyat yoldaşı da bu hadisəyə şahidlik edib. Corc müharibənin bitməsi qeyd edilən zaman bir xanımla görüşdə idi. Sevgilisini öpmək əvəzinə tibb bacısı Gretanı öpmüşdü. 2012-ci ildə verdiyi müsahibədə “Müharibənin bitmiş olmasının həyəcanı və bir az da içkili olmağım tibb bacısını qucaqlayıb, öpməyimə səbəb oldu” deyib.
Corcun həyat yoldaşı Rita təəccüblənməyinə baxmayaraq, sevgilisinin başqasını öpməsinə əhəmiyyət verməyib. Hətta o qədər əhəmiyyət verməyib ki, onunla evlənib və son anına qədər yanında qalıb.
Corc ona verilən “Öpüşən Dənizçi” adını qəbul etmişdi. Qızı həmin şəkilin atası üçün əhəmiyyətini vurğulayaraq, deyib ki, o, vəzifəsi, həmin foto və fotonun rəmzi mənası ilə qürur duyurdu.
Corc şəkildəkinin özü olduğunu sübut etmək üçün bir az vaxt sərf etməli olmuşdu. Çünki bir neçə matros şəkildəki həmin adam olduğunu iddia etmişdi. 2012-ci ilə qədər fotodakının Corc olduğu təsdiqlənməmişdi. “Öpüşən Dənizçi: İkinci Dünya müharibəsini bitirən şəklin arxasındakı sirr” kitabının yazarları üztanıma texnologiyasının köməyi ilə onun həqiqəti dediyini sübuta yetirdilər.
Vaxtilə stomatoloq köməkçisi kimi çalışan Greta isə şəklin varlığından 1960-cı illərə qədər xəbərsiz imiş. O isə həmin öpüş haqqında bunları deyib:
“Bunu öpüş saymaq olmazdı. Qələbəni qeyd edən adam idi. Romantik bir hadisə deyildi. Öpülmək mənim seçimim deyildi. Adam gəldi və məni öpdü”.
1980-ci illərdə Corcla Qreta Tayms meydanında görüşürlər və Alfredin onların fotosunu çəkməsi ilə həmin anı yenidən canlandırmış olurlar. Özü də ikisinin də evli olmasına və Corcun həyat yoldaşının yenə də orada olmasına baxmayaraq.
Fotonun çəkilməsindən 75 il keçir və artıq onların hər ikisi həyatda yoxdur. “Qəhrəmanlar” birlikdə olmasa da, uzun həyat yaşayıb. Qreta 2016-cı ildə 92 yaşında, Corc isə 2019-cu ilin fevralında 95 yaşında dünyasını dəyişib.