“STRATEQ” NİYƏ DAYANDI?

image-img-20210311-wa0019backend

Dostlar, biz hakimiyyətdən hansısa bir hadisə baş verərkən ona aydınlıq gətirməsini, şəffaflıq, dürüstlük, hesabatlılıq tələb ediriksə, gərək, ilk növbədə, özümüz də fəaliyyətimizdə bu prinsipləri qoruyub saxlayaq, nümunə göstərək. Bu baxımdan, düşünürəm ki, 6 ildir rəhbərlik etdiyim “Strateq.az” saytının martın 10-dan etibarən fəaliyyətini niyə dayandırdığı haqqında da səmimi şəkildə narahat olanlara və sadiq oxucularımıza mütləq məlumat verməli, yanlış mülahizələrə yol açılmasın deyə, gerçək səbəblərə aydınlıq gətirməliyik.

Gerçək səbəb də budur ki, bu sektorda indiyədək mövcud olan qeyri-bərabər, qeyri-şəffaf və vicdansız rəqabət şəraitində fəaliyyət göstərmək müəyyən dəyişməz prinsiplərə sahib insanlar üçün çox çətindir və daha böyük zəhmət, maddi resurslar tələb edir.

Biz hər kəs üçün bərabər şərtlərin və şəraitin olduğu bir mühitdə, ədalətli rəqabətə hazırıq və qabiliyyətimizə, prinsiplərimizə uyğun yerimizi tutcağımıza da əminik!

Ancaq hələlik belə bir mühit, şərait olmadığından, daha çox itirməmək üçün geri çəkilməyə və bir müddət gözləməyə qərar verdik!

Tarix hər kəsə sübut edib ki, zamanında geri çəkilməmək və ucuz şöhrət hissi adama hansı əzabları, peşmançılıqları yaşadır! Elə zamanında geri çəkilməyin sonradan adama hansı üstünlüklər qazandırdığını da yaxşı görmüşük!

Yeri gəlmişkən, media mühitini bilənlərimiz, bizimlə çalışan dəyərli həmkarlarımız çox yaxşı xatırlayar: 2015-ci ilin martında biz “Strateq”i açandan az bir müddət sonra sürətlə PA-nın sabiq şöbə müdiri Əli Həsənovun nəzarətindəki media resurslarının, demək olar ki, əksəriyyətini ictimai rəydə ötüb keçmişdik və ölkənin siyasi ağırlıqlı ilk 5 saytı sırasında yer almışdıq.

Uğurumuzun əsas şərti də onda idi ki, çox yaxşı, dürüst və intellektual, peşəkar adamlardan ibarət yaxşı bir komanda qura bilmişdik və fəaliyyətimizə kənar müdaxilələrə imkan vermir, hüquq və əxlaq çərçivəsində, milli maraqlarımızı gözləmək şərtiylə həm iqtidar, həm də müxalifət düşərgəsini təmsil edən siyasətçilərin tənqidi fikir və mövqelərinə yer ayırır, qərəzlilik göstərmir, qeyri-qanuni təhrik və meylləri qətiyyətlə rədd edirdik. Hər hansı dövlət qurumu, biznes strukturu və ya siyasi çevrə ilə “reklam müqaviləsi” adıyla anlaşmaya, “filan materialı qoy-çıxar” oyunlarna getməyən, bəlkə də, yeganə sayt idik…

Bu durum isə mətbuatı cilovlayıb altına yığdığını, belinə yəhər qoyub, başına yüyən salıb istədiyi sayaq çapdığını düşünən Əli Həsənovu və onun göstərişlərini yerinə yetirən adamları qane etmirdi: 2015-ci ildə Mətbuat Şurasının İdarə Heyətinin Prezidentlə çəkdirdiyi foto ətrafında yaranmış məlum qalmaqalla bağlı yazılan tənqidi yazıları PA-nın ictimai-siyasi şöbə əməkdaşlarının israrla saytdan çıxarmaq tələblərini geri çevirməyim və ardınca da 2015-ci ilin noyabrında MŞ və KİVDF rəhbərliyinin birgə toplantısında ölkədə yürüdülən media siyasətini açıq tənqid etməyim bizi ölkənin media siyasətini yürüdənlərin gözündə əməllicə “dövlət düşməni” etmişdi və qeyri-rəsmi “qara siyahı”ya salınmışdıq…

Çox uzatmadan, qısa yazım: iş ona gətirib çıxardı ki, Respublika Prokurorluğunun əliylə əvvəlcə mənə rəsmi şəkildə xəbərdarlıq etdilər, sonra da 2017-ci ilin mənzil bölgüsündə bu xəbərdarlığı əsas götürərək, 20 ilin evsiz jurnalistini mənzil almağa qoymadılar, ardınca da saytımıza maddi dəstək verənləri mənim fəaliyyətimlə – saytdakı materiallarla “vahid media siyasətinin əleyhinədir” arqumentiylə şantaja başladılar…

Mən də, bizə çətin günlərdə kömək göstərmiş o dostlarım zərbə almasınlar, onlara söz gəlməsin deyə, saytı get-gedə çərçivəyə saldım, bilərəkdən zəiflətdim…

Ancaq şükür ki, bu zəif halımızda belə, onlara təslim olmadıq və sonda Allah bizə qənim kəsilənlərin belinin bir-bir necə qırıldığını, onların Qurd önündəki “yetim quzu”lartək titrəyən, əlləri, dizləri, dilləri və ürəkləri əsən hallarını, fotolarını görməyi və onları da “Strateq.az”da verməyi nəsib etdi…

İndi, xüsusən də 44 günlük Qarabağ zəfərindən sonra yeni bir dövr başlayır və digər sahələrdə olduğu kimi, Əli Həsənovdan qalma media sektoru da yenidən qurulur. Əli Həsənov dövrünün sürtük sürüşkənlərinin sürətlə “yenilər”ə necə sürtülüb dürtüldükləri və işbilməz “yenilər”in də bundan olduqca məmnun qaldıqları qarmaqarışıq bir keçid dövrünü yaşayırıq. Yaxşıyla pisə, doğruyla yalana, dürüstlə nadürüstə fərq qoyulmadığı, “köhnələr”in yeni libasda zühur etdiyi və köhnə qaydalarla fəaliyyətin hələ davam etdiyi bir prosesdə biz – mənim başçılıq etdiyim “Strateq” komandası yoxuq və olmaq istəmirik!

Və nəhayət, bu şəxsi qərarı verməyimi sürətləndirən daha bir əhəmiyyətli detal! Son aylarda hakimiyyətin dəstəyi ilə yeni fəaliyyətə başlayan bir çox media resursları daha yaxşı əməkhaqqı və cəlbedici təkliflərlə bizdə çalışanları “xəlvətcə qoparmaq” istəsələr də, çətinliklərinə baxmayaraq, onların heç birini şirnikləndirib aparmağa nail ola bilmədilər! Mənə, prinsiplərinə və olduğu komandaya bu cür sadaqət göstərmiş yüksək mənəviyyatlı və peşəkar jurnalist həmkarlarıma qarşı mən də mütləq adekvat davranmalıydım: dayanmalı, çəkilməli idim ki, belə vəfalı və peşkar insanların da yolları açılsın, onlar seçim və sıxıntı qarşısında qalmasınlar! Bir daha hər kəsə uğurlar!

Elxan Şükürlü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90