“Dövlət alçaq və naqis adamların xidmətinə möhtac olmaz”

image-elxan-shukurbackend

Dövlətin ən mühüm vəzifələrindən biri yaxşı millət yetişdirməkdir. Bu da ancaq və ancaq dövlət səviyyəsində yaxşının və yaxşıların təşviqiylə, yaxşı nümunələrin, davranış və dəyərlərin cəmiyyətə təqdimatıyla mümkündür.

Bizim uzunömürlü hakimiyyətimiz isə bu illər ərzində siyavuşnovruzovları Azərbaycan parlamentinin, hafizhacıyevləri Azərbaycan partiyalarının və prezidentliyə namizədlərin, əhədabıyevləri icra başçılarının, ataabdullayevləri də Azərbaycan mediasının dəyişməz siması, sifəti, simvolları kimi cəmiyyətə təqdim etməyə, önə, başa çıxarmağa çalışıb…

Budur, həmin simalardan biri – xüsusi imtiyazlı şəxs, “blogger”, “jurnalist” statusunda son vaxtlar ən mötəbər tədbirlərdə yer alan, hətta Prezidentlə foto çəkdirməyə qədər gedib çıxa bilmiş dələduz Ata Abdullayevin DTX tərəfindən həbs edildiyi xəbəri rəsmən təsdiqləndi!

Bəs, biz deyəndə ki, belə adamlarla siyasət qurulmaz, bu cür sırtıq, həyasız, yaltaq və ən alçaq işlərdə yer almaqla hökumətin gözünə girməyə çalışan murdar adamlardan uzaq durun, imtina edin, onlara xüsusi imtiyaz və efir, meydan verməyin, bir gün öz başınızı yeyəcək, niyə eşitmirdiniz?! Gərək, hər dəfə bir rüsvayçı olay yaşana, sonra addım atıla?!

Axı, dövlət alçaq və naqis adamların xidmətinə möhtac olmaz! Möhtacdırsa, demək, o, dövlət deyil!

Siyasəti dəyişmək istəyirsinizsə, öncə belə adamların xidmətindən, faydasından bütün səviyyələrdə imtina etməlisiniz. Cəmiyyət görməlidir ki, dövlət mənəviyyatsızlığın, əxlaqsızlığın, alçaqlığın, naqisliyin, yalanın, şərin, böhtanın kökünü kəsmək üçün belələrinə hər yerdə meydanı dar edir, daha tribuna verib, söz sahibləri kimi başa çıxarmır!

Elxan Şükürlü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90