İnsanların ən çox qarşılaşdığı və ən çox zərər çəkdiyi təbiət hadisələrindən biri sunamilərdir.
Sunami halları bu gün də dünyanın bir çox nöqtələrində davam edir və insanların həyatını iflic etməklə bərabər, onların ölümünə səbəb olur.
Busaat.az sunami mövzusunun həssaslığını nəzərə alaraq, dünyada yaşanmış 10 ən böyük sunami ilə bağlı araşdırmanı təqdim edir.
Qeyd edək ki, sıralama sunamilərin baş verdiyi zaman ardıcıllığı ilə yazılıb.
1. 20 sentyabr 1498-ci ildə Yaponiyanın Enşunada dənizində 8,3 bal gücündə zəlzələnin baş verdiyi təxmin edilir. Zəlzələnin yaratdığı sunaminin Kii, Mikava, Suruqu, İzu və Saqami sahillərinə təsir etdiyi və 31 min insanın həyatını itirdiyi bildirilir.
2. 18 yanvar 1586-cı ildə Yaponiyanın Ise Bay bölgəsində baş verən 8,2 bal gücündə zəlzələ sunamiyə səbəb olmuş və dalğalar 6 metrə qədər yüksəlmişdir. Ölənlərin sayı məlum deyil.
3. 1707-ci il oktyabrın 28-də Yaponiyanın Nankaydo şəhərində baş verən 8,4 bal gücündə zəlzələ Kyuşyu, Şikoku və Honşin sahillərinə təsir edib və dalğalar 25 metrə qədər yüksəlib. Sunaminin təsirinə məruz qalan bölgədə bir çox yaşayış məntəqəsinin zərər gördüyü və təxminən 30 min insanın həyatını itirdiyi qeyd edilir.
4. 1 noyabr 1755-ci ildə Portuqaliyanın paytaxtı Lissabonda baş verən 8,5 bal gücündə zəlzələdən sonra meydana gələn 30 metr hündürlüyündəki dalğalar Portuqaliyanın qərb sahillərində və İspaniyanın cənubunda, eləcə də Mərakeşdə bir çox şəhərə ciddi təsir göstərib. Zəlzələ və sunamidən sonra Portuqaliya, Mərakeş və İspaniyada təxminən 6000 insan həlak olub.
5. 1771-ci il aprelin 24-də Yaponiyanın Ryukyu adalarında baş verən 7,4 bal gücündə zəlzələnin bölgədəki bir çox adaya təsir etdiyi, 85 metr hündürlüyündəki dalğaların isə İşigaki adasına ziyan verdiyi bildirilir. Bu fəlakətdə təxminən 12 min insanın öldüyü bildirilir.
6. 13 avqust 1868-ci ildə Çilinin şimalında baş verən 8,5 bal gücündə zəlzələdən sonra meydana gələn və dalğa uzunluğunun 21 metr olduğu təxmin edilən sunami 3 gün davam edib və təxminən 25 min insanın ölümünə səbəb olub.
7. 27 avqust 1883-cü ildə İndoneziyada Krakatau Kaldera vulkanının püskürməsi nəticəsində baş verən sunami Anjer və Merak şəhərlərini dağıdıb. Sunami nəticəsində 38 min, vulkan püskürməsi nəticəsində 2 min, ümumilikdə 40 min nəfərin həyatını itirdiyi açıqlanıb.
8. 15 iyun 1896-cı ildə Yaponiyanın Sanriku bölgəsində 7,6 bal gücündə təxmin edilən zəlzələ və ondan sonra baş verən sunami 11 mindən çox evi dağıdıb, 22 min nəfərin ölümünə səbəb olub. Hündürlüyü 38 metrə çatan dalğaların Çinin şərq sahillərinə də təsir etdiyi və 4000 nəfərin öldüyü bildirilir.
9. 26 dekabr 2004-cü ildə İndoneziyanın Sumatra sahillərində 9,1 bal gücündə zəlzələdən sonra sunami fəlakəti baş verib. 30 kilometr dərinlikdə meydana gəldiyi təxmin edilən zəlzələdən sonra 50 metr yüksəklikdəki dalğalar Sumatra əyalətinin Meubolah bölgəsində 5 kilometr içəriyə doğru irəliləyib. Hadisə nəticəsində 230 minə yaxın insan həyatını itirib.
10. 2011-ci il martın 11-də Yaponiyada Sakit okeanın şimal sahillərində baş verən sunami 18 mindən çox insanın həyatına son qoyub. Yaponiyanın şərq sahillərində hündürlüyü 10 metr olan dalğalar 452 min insanın müvəqqəti sığınacaqlara daşınmasına səbəb olub.
Busaat.az