Tayvanın nəzarətində olan Penqhu arxipelaqının Sahil Mühafizəsi Çin balıqçı gəmisini saxlayıb.
Busaat.az xəbər verir ki, bu barədə mühafizə xidməti məlumat yayıb.
Hadisə Huayu adasından 16 dəniz mili (təxminən 29,6 kilometr) aralıda qeydə alınıb. Sahil Mühafizəsi göstərilən su ərazisinə daxil olmaq üçün icazə almamış Çin gəmisini görüb. Qayığın dayandırılması əmri verilib və bu zaman qayıqçı qaçmağa çalışıb. Tayvan Sahil Mühafizəsinin gəmisi bloklama manevri edib.
Qayıqda axtarış aparılıb və 50 kiloqram krevet aşkar edilərək dənizə buraxılıb. Gəminin 4 ekipaj üzvü saxlanılaraq öz qayığı ilə Maqun limanına aparılıb və onlar burada araşdırmanın nəticələrini gözləyəcəklər.
Tayvan boğazında vəziyyət gərgin olaraq qalır. Tayvan ordusu bazar ertəsi Çin Xalq Azadlıq Ordusunun 103 təyyarəsinin adanın yaxınlığında peyda olduğunu bildirib. Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya səfər etdiyi 2022-ci ilin avqustundan bəri ən böyük belə əməliyyat olub.
Tayvan 1949-cu ildən, Çan Kay-şek (1887-1975) altındakı Kuomintang qüvvələrinin qalıqları Çin vətəndaş müharibəsində məğlub olub adaya qaçdıqdan sonra öz administrasiyası tərəfindən idarə edilir. Taypey o vaxtdan bəri kommunistlər hakimiyyətə gələnə qədər materikdə mövcud olmuş keçmiş Çin Respublikasının bayrağını və bəzi digər atributlarını saxlamışdır. Pekin Tayvanı Çin Xalq Respublikasının əyaləti hesab edir.