“Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektorunu öldürməkdə şübhəli bilinən şəxs 12 il sonra müəyyən edilib.
Busaat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Məlumata görə, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində 12 il əvvəl törədilərək bağlı qalmış xüsusilə ağır cinayətin açılması təmin edilib.
Belə ki, 16 sentyabr 2011-ci il tarixdə 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun yaşadığı binanın yaxınlığında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.
Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Dəyanət Quliyev iş üzrə cari il aprelin 27-də Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə iibtidai istintaq davam etdirilir.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.