
Dövlət gələn il daha çox pul xərcləyəcək – Yeni rəqəmlər açıqlandı
Milli Məclisin noyabrın 16-da keçirilən plenar iclasında çıxış edən parlamentin sədri Sahibə Qafarova gələn il üçün dövlət büdcəsinin gəlirlərinin cari ilin proqnozu ilə müqayisədə 645 milyon manat artırılaraq 39 milyard 254 milyon manat məbləğində proqnozlaşdırıldığını bildirib. Spiker 2027-ci il dövlət büdcəsi xərclərinin isə cari illə müqayisədə təxminən 696 milyon manat çox olmaqla 42,4 milyard manat təşkil edəcəyini diqqətə çatdırıb.
S.Qafarova bu il ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrin baş verdiyini qeyd edərək Azərbaycanla ABŞ və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafının, Avropa İttifaqı ilə əməkdaşlıq üzrə strateji gündəliyin və Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlərin ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Bu xüsusda parlamentin sədri apreldə baş tutan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, may ayında keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını və digər qlobal tədbirləri xatırladıb.
Spiker noyabrın 8-də Zəfər Gününün altıncı ildönümünün təntənə ilə qeyd edildiyini, həmin gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mühüm görüşün keçirildiyini nəzərə çatdırıb.
Ölkə iqtisadiyyatının dayanıqlılığının məqsədyönlü dövlət siyasəti nəticəsində qorunub saxlanıldığını ifadə edən S.Qafarova dövlət büdcəsinin 4,8 milyard manat profisitlə icra olunduğunu, strateji valyuta ehtiyatlarının isə aprel ayının sonuna 89 milyard dollara yaxınlaşaraq xarici dövlət borcunu təxminən 50 dəfə üstələdiyini bildirib.
Parlamentin sədri, həmçinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin uğurla davam etdiyini və doğma yurdlarına qayıdan ailələrin sayının gündən-günə artdığını vurğulayıb.// yenisabah























