Son zamanlar Türkiyə və Misir arasında davam edən siyasi krizlər fonunda Türkiyə və Misir prezidentlərinin Qətərdə baş tutan “Dünya Çempionatı – 2022” beynəlxalq futbol yarışlarının açılış mərasimində görüşməsi dünya gündəminin əsas müzakirə edilən mövzularından birinə çevrilib.
İki ölkə liderləri arasındakı görüşün bu ölkələr arasındakı əlaqələrin gələcək inkişafına təsir edəcəyi yönündə müəyyən fikirlər və iddialar səsləndirilməkdədir.
Busaat.az mövzunun həssaslığını nəzərə alaraq bu barədə politoloq İlyas Hüseynovun fikirlərini öyrənib:
“Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın Misir rəhbəri Əbdülfəttah əs-Sisi ilə görüşü KİV-də işıqlandırılaraq geniş rezonans doğurub. Çünki Misirdə hakimiyyətə gələn Sisi ilə Türkiyə arasında gərginliklər yaşanmışdı və Misir anti-Türkiyə koalisiyasında yer alırdı. Bununla Misir həm də Fransa, Yunanıstan kimi dövlətlərin yanında yer almaqla öz geosiyasi əhəmiyyətini artırmağı hədəfləyirdi. Lakin Türkiyənin siyasi qətiyyəti və böyük bir coğrafiyada təhlükəsizliyə verdiyi töhfə bəzi dövlətləri öz mövqeyindən daşınmağa vadar etdi. Misir də məhz bu cür dövlətlərdəndir”.
Türkiyənin xarici siyasətinə toxunan ekspert deyib: “Bu gün Türkiyənin əsas xarici siyasətində prioritet region dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq istiqamətindədir. İsrail, Ermənistan və Yunanıstanla da əsas məqsəd təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, təhdidlərin aradan qaldırılmasıdır. Düşünürəm ki, məhz xoş atmosferdə liderlər arasında görüşün baş tutması münasibətlərdə gərginliyin azalmasına xidmət edəcək. Türkiyə böyük bir regionda mühüm geosiyasi faktor kimi artıq özünü sübut edib və bəzi dövlətlər artıq bu gün Türkiyənin geosiyasi əhəmiyyətini anlayır. Onun enerji təhlükəsizliyində oynadığı rolu qəbul edir, beynəlxalq sülhə verdiyi dividentləri anlayır. Ona uyğun olaraq əlaqələrin inkişaf etdirilməsində səy göstərir”.
Politoloq həmçinin, Türkiyənin artan hərbi-siyasi qüdrətinə və bunun bölgədəki təsirlərinə də toxunub: “Düşünürəm ki, Trükiyənin regional güc kimi formalaşması prosesi uğurla davam etdirilir. Nəzərə almaq lazımdır ki, 2023-cü ildə Türkiyə üçün mühüm məsələlər baş verəcək. Həm prezident seçkiləri, həm cumhuriyyətin elan olunmasının 100 illiyi və digər tədbirlər vardır ki, Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Türkiyə həm də Suriyada hərbi fəaliyyətə başlayıb və bu da terrorla mücadilənin yeni səhifəsi kimi dəyərləndirilir”.
Busaat.az/Həşim Səhrablı