Türk Dünyasının birliyi zamanın tələbidir – Millət vəkili

image-1backend

Türk xalqları arasındakı yaxınlıq təkcə ortaq mədəniyyət, dil, din və bu kimi dəyərlər ilə deyil, həm də ticari əlaqələrin, çoxşaxəli əməkdaşlığın tarixi inkişafı ilə birbaşa bağlıdır. Türküstandan Anadolu yarımadasına qədər mühüm geosiyasi mövqedə yerləşən və zəngin təbii sərvətlərə malik Türk Dövlətləri Təşkilatına üzv ölkələr və müşahidəçilərin ayrı-ayrılıqda iqtisadi potensialı, makroiqtisadi, sosial göstəricilərinə görə fərqlənsə də, ümumiliikdə bir-birini tamamalayır. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş IX sammitində imzalanan Naxçıvan Sazişi ilə əsası qoyulmuş Türk Birliyi çərçivəsində bu gün müşahidə edilən siyasi, ticarət, iqtisadi və mədəni-humanitar sahələrdə uğurlu əməkdaşlıq böyük ümidlər vəd edir. Başqa sözlə, Türk dövlətlərini birləşdirən güclü siyasi-iqtisadi platforma günümüzün reallığıdır. Qürurla deyə bilərik ki, TDT son 16 ildə mühüm təşəkkül dövrü keçib, sürətlə təşkilatlanıb. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası, Türk İnvestisiya Fondu kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr arasında əlaqələr şaxələnib. Eyni zamanda TDT beynəlxalq təşkilatlarla əməkdaşlıqda böyük yol keçib. İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə mühüm əlaqələr qurulub. Azərbaycan TDT-nin yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətində və türkdilli dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində aparıcı rola malikdir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı strateji əhəmiyyət kəsb edir. Xatırlatmaq yerinə düşər ki, ötən il fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi zamanı səsləndirdiyi fikirlər bir daha türk dünyasının Azərbaycan üçün önəmini ortaya qoyur: “Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”.

Azərbaycan, onun liderinin təşəbbüsləri ilə türk dünyasının həmrəyliyi daha da möhkəmlənir, bu birlik yeni dünya düzənində öz sözünü deyir. TDT-ın yeni bayrağının qəbul olunması, ortaq türk əlifbasının ərsəyə gətirilməsi naminə görülən işlər də böyük hədəflərin müjdəçisidir.

Qarşılıqlı investisiya qoyuluşu

Türkdilli ölkələr içərisində ən mütəşəkkil investisiya əlaqələrimiz qardaş Türkiyə Respublikası ilədir. Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ikinci ölkədir və qarşılıqlı  investisiya həcmi hər il artır. Belə ki, ötən il Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyalar 1,219 milyard ABŞ dolları təşkil edib. Azərbaycandakı birbaşa xarici investisiyaların ümumi həcmində Türkiyə yatırımlarının payı 17,3 % təşkil edir. Öz növbəsində, Azərbaycan ötən il Türkiyə iqtisadiyyatına birbaşa 248,957 milyon ABŞ dolları sərmayə qoyub. Azərbaycan yatırımlarının birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 14,1 % təşkil edib. 1995-ci ildən günümüzədək TDT-na üzv ölkələr Azərbaycan iqtisadiyyatına təqribən 20 milyard ABŞ dollarından artıq investisiya yönəldib. Azərbaycan isə bu ölkələrin iqtisadiyyatına 10 milyard dollardan çox investisiya yatırıb. Bu o deməkdir ki, Azərbaycanın xarici iqtisadiyyata yönəltdiyi birbaşa xarici investisiyalarda  türkdilli ölkələrin payı 30%-ə yaxın olub. Qeyd edək ki, TDT 2025-ci ildə birgə ticarəti ən azı 60 milyard, əlavə dəyərləri isə 2 trilyon dollara çatdırmağı hədəfləyir. Beləliklə, türk dövlətləri iqtisadi güc və potensialını birləşdirməklə həm regionda, həm də dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında mövqeyini daha da möhkəmləndirəcək.

Rəqəmsal iqtisadiyyat

2025-ci ilin martın 4-də Bakıda Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb.

Layihə çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu, çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin etməlidir.

“AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

Transxəzər Fiber Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsi sayılır.

4-cü sənaye inqilabı üzrə təşəbbüsləri və iqtisadiyyatın rəqəmsallaşması çağırışlarını dəstəkləyən Azərbaycan Avropa və Asiya arasında informasiya mübadiləsi baxımından da körpü rolu oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistandan Transxəzər fiber optik kabellərin çəkilişi ilə rəqəmsal telekommunikasiya dəhlizi layihəsini uğurla irəli aparır. Bu magistral internet və kontentin Avropa qitəsindən Azərbaycan vasitəsilə Qazaxıstan, Türkmənistan və daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan, Çin və digər ölkələrə daşınmasına imkan verəcək. Rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq keyfiyyətli internet ve data mübadiləsi reallaşdırılması, rəqəmsal təhlükəsizliyin təminatı və Avropa ilə Asiyanı birləşdirəcək Rəqəmsal İpək Yolunun formalaşdırılması məsələlərinə öz töhfəsini verəcək.

Azərbaycan regional güc rolunda

Azərbaycan iqtisadiyyatın digər sahələri ilə yanaşı, nəqliyyat kommunikasiya əlaqələrinin inkişafında da Türkdilli ölkələr üçün böyük əhəmiyyətə malikdir. Öz coğrafi yerləşməsini müdrikcəsinə realizə edən ölkəmiz  açıq dənizlərə birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətləri üçün regionun enerji resurslarının dünya bazarına çıxarılmasında, habelə Avropadan daşınan malların bu ölkələrə idxalında tranzit ölkə kimi böyük potensial və əhəmiyyət ifadə edir. Bu baxımdan 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi–Qars dəmir yolu, 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Limanı  tarixi İpək Yolunun bərpasına böyük töhfədir. Azərbaycan türkdilli ölkələr üçün təkcə Şərq-Qərb üzrə deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi üzrə də alternativ tranzit imkanı yaradır. 44 günlük Vətən Müharibəsində möhtəşəm qələbəmiz isə bu istiqamətdə növbəti mərhələni şərtləndirdi. Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzrə Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında nəqliyyat sisteminin şaxələndirilməsi, diversifikasiyası, səmərəliliyində yeni imkanları gündəmə gətiridi.

Tranzit və logistika mərkəzlərinin təşkilində Aktau, Türkmənbaşı, Ələt, Samsun və Mersin limanlarının müasir infrastrukturu yükdaşımaların həcminin artırılmasında  mühüm potensiala malikdir. Bütün bunlar gələcəkdə şimal-cənub və şərq-qərb istiqamətindəki  nəqliyyat dəhlizlərinin inteqrasiyasına və hər iki istiqamətdəki layihələrdə iştirak edən yeganə dövlət kimi Azərbaycanın nəqliyyat-logistika habı olmasına imkan yaradacaq ki, bu da ölkəmizin Türk dünyası ilə yanaşı, regionda və dünyada iqtisadi mövqeyinin güclənməsinə, tranzit əməliyyatlarında açar mövqeyində olmasına gətirib çıxaracaq.

Enerji sahəsində əməkdaşlıq TDT-nın şah damarıdır

Azərbaycanın Türkdilli ölkələrlə energetika sahəsində çoxtərəfli əməkdaşlığını nəzərdə tutan layihələr 1994-cü ildə “Əsrin Müqaviləsi” ilə qəbul edilən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının neft axtarış-kəşfiyyat işləri ilə başlayıb, sonrakı illərdə isə genişlənib. Bu meqa layihədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə, Türkiyə isə Türkiye Petrolleri A.O. ilə təmsil olunub. 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqavilənin müddəti əsrin ortalarına qədər uzadılıb.

Bu isə Türkdilli ölkələrin nümayəndələri olaraq Azərbaycan və Türkiyənin qlobal energetika sahəsində əlaqələrinin davamlılığını göstərir. Azərbaycan həmçinin region və Türk dövlətləri ilə energetika əməkdaşlığı üçün mühüm layihələr olan Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi regional və qlobal əhəmiyyətli enerji layihələrinin təşəbbüskarı və icraçısıdır. Cənub-Qaz Dəhlizinin seqmenti olan TANAP və TAP layihələri Cənubi Qafqazı, Anadolunu və Cənubi Avropanı əhatə edən əhəmiyyətli şərq-qərb qaz nəqli xətti şəbəkəsidir. Bu layihə karbohidrogen ehtiyatlarla zəngin olan Türküstanın gələcəkdə öz resurslarını Avropa bazarına çıxarmaları, dünya enerji təhlükəsizliyinin təminatında bu ölkələrin də payının olması üçün böyük perspektivlər deməkdir. Azərbaycan isə bu inteqrasiyanın həyata keçirilməsində mərkəzi füqur olmaqla Türkdilli xalqların sosial-iqtisadi rifahına öz töhfəsini veririr. Bütün bunlar Azərbaycanın türk birliyinin möhkəmlənməsində müstəsna xidmətləridir. Bu barədə danışan Prezident İlham Əliyev Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını bəyan edərək deyib: “Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük”. 2018-ci ildə Xəzəryanı dövlətlərin başçıları Qazaxıstanın Aktau sammitində razılaşdırdıqları Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi həm nəqliyyat-logistika şəbəkəsinin inkişafında, həm də Xəzərdə yeni meqa layihələrin həyata keçirilməsində səmərəliliyi artırır. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi həmçinin, Türkmənistan ilə münaqişəli yataq sayılan Dostluq yatağının birgə istismarı barədə razılaşmaya da əhəmiyyətli zəmin yaratdı.

TDT-na üzv ölkələrin Qarabağın reinteqrasiyasında əməkdaşlığı

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrinin, yolların tikintisində Türkiyə şirkətləri fəal iştirak edir. Həmçinin, iqtisadi əlaqələrin inkişafı məqsədilə Azərbaycan və Türkiyə arasında dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə ümumilikdə 11 protokol imzalanıb. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti materialları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən canlandırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkdilli ölkələr ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.  Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarının azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzləri, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi və digərləri isə həm də rəmzi məna daşıyır.

Humanitar- mədəni əlaqələrdə perspektivlər

Tarixinin ən güclü, qüdrətli dövrünü yaşayan, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin hərbi, siyasi, diplomatik istiqamətlərdə böyük uğurlara imza atdığı məlumdur. Bu uğurun təməl prinsiplərini daha da möhkəmləndirmək, gənc nəsilə xalqımızın qəhrəmanlıq səlnaməsini aşılamaq, onların yad təsirlərdən qorunması üçün öz milli köklərinə daha dərindən bağlanmasına töhfə vermək hər bir azərbaycanlının başlıca vəzifəsidir. Çoxmilyonluq dünya azərbaycanlılarının milli identikliyi məsələsinin prioritet, digər tərəfdən ölkə liderinin Azərbaycanın gələcək inkişaf strategiyası və inteqrasiya istiqaməti olaraq “Türk ailəsi” ideoloji formulunu elan etdiyi bir vaxtda mövzu ilə bağlı ciddi təbliğata ehtiyac duyulur. Odur ki, Türk Dövlətləri Təşkilatı bu istiqamətdə də mühüm platformadır. Təşkilatın müxtəlif təsisatları çərçivəsində mədəni əlaqələrin şaxələndirilməsinə ciddi ehtiyac var. Hesab edirəm ki, bu gün TDT-na daxil olan ölkələrin mövcud hakimiyyətləri arasında bəzi siyasi, diplomatik anlaşılmazlıq və uyğunsuzluqdan da ən optimal çıxış yolu mədəni körpü, xalqlar arasında mənəvi bağların möhkəmləndirilməsidir. Başqa sözlə həmin ölkələrdə ictimai rəyi türk birliyi ilə bağlı zehniyyətə kökləməkdir. Bura bu gün aktual olan ortaq əlifba, ortaq tarix və digər mövzular aiddir. Yeri gəlmişkən, ortaq əlifba məsələsində qərar qəbul olunsa da effektiv formada həyata keçirilməsi üçün bütün türkdilli ölkə və xalqların ziyalıları, türkoloq alimləri və müvafiq təsisat, qurum rəhbərliklərinin iştirakı ilə qurultay çağırılmalıdır. Məlumdur ki, bununla bağlı tarixi ənənə var və Azərbaycan hələ 1926-cı ildə belə bir qurultaya ev sahibliyi edib. Bu həm də ilk qurultay idi. O vaxtkı SSRİ rəhbərliyinin ideoloji basqısı altında təşkil olunmuşdu. Məqsəd də həmin dövrün reallıqlarına xidmət edirdi. Amma indiki məqamda, qalib, müstəqil, güclü, suveren Azərbaycan fonunda və həm də 1926-cı il qurultayının 100 illiyi ərəfəsində yeni qurultayın çağırılması çox aktualdır. Artıq 100-cü ildə ortaq əlifba məsələsini birdəfəlik həll etməliyik. 100-cü ildə həmçinin, TDT-yə sədrlik də Azərbaycana keçəcək.  Azərbaycan ziyalıları, türkoloq alimləri tarixən bu məsələrdə əsas təşəbbüskar, aparıcı qüvvə rolunda olublar. Əlibəy Hüseynzadə, Vəli Xuluflu, Bəkir Çobanzadə, Afad Qurbanov və s. Biz bu mövqeyi qoruyub saxlamalıyıq. Bu yaxınlarda mövzu ətrafında mənim də təşəbbüskarlarından biri olduğum “1926-cil türkoloji qurultay” adında film təqdim olundu. TRT və Aztv-nin müştərək işi idi. Amma təbliğat baxımından belə tədbirlərin sayı onlarla olmalıdır.

Məsələn:

– Ortaq tarixlə bağlı müzakirələrin aparılması üçün də bir platformaya ehtiyac var. Bu elmi simpozium, konfrans, festival və ya hansısa formada ola bilər. Ən vacib məsələrdən biri Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdə mövcud olan ortaq tarixi abidə, maddi mədəniyyət nümunləri mədənii irsə üzv ölkə vətəndaşlarının rahat çıxış imkanlarının olmasıdır.

– Azərbaycanın turizm imkanları, bölgələrimizin bu sahədə potensialı ilə bağlı digər türkdilli ölkələrdə, xüsusilə Türkiyədə, Qazaxıstanda ciddi təbliğat və təşviqə ehtiyac var. Bunun üçün hansısa piar platformaları yaradılmalıdır. Burda qardaş Türkiyənin mövcud təcrübəsindən yararlanmaq olar. Müxtəlif stimullaşdırıcı turizm marşurutları təklif edilə bilər və s.

Əlibala Məhərrəmzadə

Milli Məclisin deputatı

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki