“Ümummilli liderimiz Heydər Əliyev deyib: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərindəki qalibiyyətindən sonra ilk dövlət səfərini Azərbaycana reallaşdırması dostluq və qardaşlıq əlaqələrimizin yüksək inkişafının göstəricisi olmaqla yanaşı, həm də Ankaranın strateji hədəflərindəki Azərbaycan amilinin bütün dünyaya yüksək səslə bəyan edilməsidir. Digər tərəfdən, cənab Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdikləri fikirlər yaşadığımız coğrafiyanın gələcək düzəni ilə bağlı yetkin təsəvvür formalaşdırmaq baxımından son dərəcə vacibdir. Əlbəttə, Türkiyə və Azərbaycan dünya miqyaslı enerji layihələrində müştərək hərəkət xətti və milli maraqların uzlaşdırılmasına yönələn qarşılıqlı fəaliyyət həyata keçirməkdədirlər. Dövlətlərimiz bu nöqteyi-nəzərdən dünyaya nümunədir. Nümunəvilik qardaşlığımızın və dostluğumuzun qarşısında yeni üfüqlər və imkanlar açır. Bu birgə hərəkət trayektoriyasını müəyyənləşdirən isə ortaq gücümüzdür.
Gücümüz niyyətlərimizin gerçəkləşdirilməsi əzminə söykənmiş son dərəcə böyük, qarşısında duruş gətirilməsi mümkün olmayan, eyni zamanda, hazırkı beynəlxalq münasibətlər düzənini şərtləndirən reallıqdır. Bu reallığı birlikdə, necə deyərlər, alın tərimiz və zəhmətimizlə, gərgin əməyimizlə, usanmaz enerjimizlə yaratmışıq. Azərbaycan və Türkiyə Prezidentlərinin istər təkbətək, istər geniş tərkibdə keçirdikləri görüşlər, istərsə də mətbuata birgə bəyanatlarında açıqladıqları məqamlar da bunu söyləməyə əsas verir. Qətiyyətlə deyə bilərik ki, Ərdoğanın Bakı səfəri gücümüzün təntənə anları kimi tarixə düşdü. Bu möhtəşəmliyə şahidliyimizdən sevinir, qürur və fəxarət hissi keçiririk.
Azərbaycan Prezidenti cənab Ərdoğana 44 günlük müharibə zamanı Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürünü bildirdi. Əslində dövlətimizin başçısı türkiyəli həmkarı ilə hər görüşündə özünün təşəkkür ritorikasına sadiqliyi ilə seçilməkdədir. Bu, sıradan məsələ deyil. Onsuz da ölkələrimiz arasındakı mövcud bağ bir-birinə qarşılıqsız dəstəyi rəhbər tutacaq mənəvi olimp statusundadır. Nəzərə alaq ki, qarşılıqsız dəstək təkcə yaşadığımız dövrün xarakterik mənzərəsini vurğulayan amil deyil. Tarixən də Azərbaycan və Anadolu türkləri özlərini bir-birlərinə bir köynək yaxın hiss ediblər. Hər zaman yardımlaşıblar, pis və yaxşı günlərdə həmdəm olublar.
Hazırda Prezident İlham Əliyevin müharibə mövzulu təşəkkür məntiqi isə əslində daha çox gücün təntənəsinin vurğulanmasıdır. Bu vurğulanma dünyaya mesajdır. Ümumən, Ərdoğanın Bakı səfəri həmin mesajın ən müxtəlif istiqamətlərdə bir daha çatdırılması, Türkiyə və Azərbaycanın milli maraq və mənafelərinin dönməzliyinin ayrı-ayrı təzahürlərinin əminliklə bəyan edilməsi baxımından müstəsna hadisədir.
Bəli, Türkiyə və Azərbaycan qardaşlığı müştərək gücün, qətiyyətin və iradənin qarşısında dirəniş və duruş gətirilməsinin mümkünsüzlüyünün geniş və məzmunlu ifadəsini tapdığı, dünyanın axarına təsir göstərə bilən müasir regional faktordur. Gücün, haqqın və ədalətin təntənəsinin bariz nümunəsi olan İkinci Qarabağ müharibəsindən sonra gözlərimiz önündə dayanan ilk hadisə isə Şuşa Bəyannaməsinin imzalanmasıdır. Buna görə də Prezident İlham Əliyev həmin sənədin ərsəyə gəlməsindən iki il ötdüyünü xüsusu vurğuladı. Onun xatırlatması birliyimizi, böyüklüyümüzü və həmrəyliyimizi gözü götürməyənlərə, regionda çeşidli fitnə-fəsadlar törədib Azərbaycanın gücü hesabına formalaşmış yeni siyasi düzənə, reallıqlara qarşı təhdid yaratmaq niyyətinə düşənlərə tutarlı cavabdır.
Türkiyə Vətən müharibəsi ta başlayandan bitənədək Azərbaycanın yanında oldu. Lakin müharibədən sonrakı siyasi dramatizmə, xüsusən də ölkəmizin Ermənistanla münasibətlərinin, eləcə də sülh danışıqları müstəvisindəki olayların ayrı-ayrı məqamlarına diqqət yetirəndə görürük ki, Ankara yaşanmış proseslərdə bilavasitə iştirakçı kimi təmsil olunmadı. O, hazırda Bakı–İrəvan tənzimlənməsinin Qərb, Rusiya formatlarının müxtəlif məzmun çalarlarından uzaq təsir bağışlamaqdadır. Amma ilk baxışdan nəzərə çarpan budur.
Birincisi, artıq dünyada hər kəs, o cümlədən, Ermənistan və havadarları, Cənubi Qafqaza maraq göstərən böyük güclər yaxşı anlayırlar ki, Azərbaycan elə Türkiyə deməkdir, Türkiyə isə Azərbaycan. Deməli, Ankaranın qeyd etdiyimiz müstəvidəki bilavasitə iştirakçılığına bir o qədər ehtiyac yoxdur. Həm də ona görə ki, Türkiyənin qardaşlığı ölkəmizin maraq və mənafelərinin fundamentallıq təbiətinin təminat paktıdır. Yəqin elə buna görədir ki, Ankara Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı tənzimləmə vektorunda birbaşa görünməsə də, ölkəmizə qarşı çıxan qüvvələrin ictimai rəyi Bakı ilə gərginliklər fonunda istər-istəməz Türkiyəni yada salır, şüuraltı şəkildə ölkənin bu və ya digər məqama reaksiyasını hesablayırlar. Daha doğrusu, hesablamaq, hesablaşmaq məcburiyyətindədirlər. Qətiyyətlə söyləyə bilərik ki, 44 günlük müharibə dönəmində olduğu kimi, ondan sonra da pozucu, destruktiv qüvvələrin Azərbaycana münasibətdə böyük ölçüdə “qırmızı xətləri” keçməyə cəsarət göstərməməsinin səbəbi məhz Türkiyədir.
Prezident İlham Əliyev cənab Ərdoğanla mətbuata birgə bəyanatında Şuşa Bəyannaməsinə toxunaraq bildirdi ki, bu sənədlə Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bütün dünya onu da yaxşı bilir ki, hər iki ölkə uzun illərdir müttəfiqlər kimi fəaliyyət göstərirlər. “…ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur”.
Bəli, Şuşa Qarabağın tacı olmaqla yanaşı, eyni zamanda Azərbaycanın haqq davasının rəmzidir. Dünyanın böyük gücü kimi Türkiyənin hazırda diplomatik müstəvidə gedən bu davadakı ağırlıq payının mənəvi nöqtəsi də bu müqəddəs şəhərimizdir. Belə nəticəyə gəlirik ki, Ankaranın Azərbaycan–Ermənistan münasibətləri kontekstindəki ayrı-ayrı maraqlı tərəflərin ortaya qoyduqları manevr xəttini izləyərək, həmçinin öz ağırlığını və sanbalını qoruyaraq nümayiş etdirdiyi sükutu, məhz Şuşa müstəvisində pozması və açıq mesaj səsləndirməsi adi məsələ sayılmamalıdır.
Gəlin, cənab Ərdoğanın Prezident İlham Əliyevlə geniş tərkibdəki görüşdə bu mövzuda nələri bildirdiyinə nəzər salaq: “Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy (Türkiyənin Xarici İşlər naziri Hakan Fidan nəzərdə tutulur – red), bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır”.
Ankaranın ali təmsilçisi Ermənistana və havadarlarına xəbərdarlıq edir– Azərbaycana yanaşmada hər hansı yolverilməz davranış onu hərəkətə gətirəcəkdir. Bu mənada, Prezident İlham Əliyevin Türkiyənin və Azərbaycanın bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəyini vurğulaması, əslində cənab Ərdoğanın mənəvi anlam daşıyan fikrini bir növ tamamlamaqdadır. Nəzərə alaq ki, İran Ermənistanın Azərbaycana yaxın bölgəsində – Qafanda açdığı konsulluqla, İrəvana hər an hərbi məzmun qazana biləcək siyasi dəstəyini ortaya qoymuşdu. Deməli, Şuşada Türkiyə Konsulluğu hərbi müttəfiqliyimizin təsdiqi olan Şuşa Bəyannaməsinin həm mənəvi, həm də siyasi qalası kimi meydanda olacaqdır.
Azərbaycan Prezidentinin bildirdiyi kimi, “Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən, bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə–Azərbaycan birliyi amili çox önəmlidir”. Elə isə Ərdoğanın bu fikirlərinə də diqqət yetirək. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik. Şuşa Bəyannaməsinin müddəalarını da, inşallah, bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik”.
Bəli, qərarlılıq və güzəştsizlik. 44 günlük müharibə zamanı Türkiyə Prezidenti bu vacib xüsusiyyətləri sərt formada ifadə etmişdi. Onun savaşa digər güclərin qoşula bilməsi ehtimalını önləmək üçün “atamızın oğlu olsa belə, yol vermərik” şəklində səsləndirdiyi bəyanatını xatırlayaraq və yuxarıda diqqətə çatdırdığımız iqtibasını nəzərə alaraq deyə bilərik ki, Ankara güzəştsizlik xəttini davam etdirir. Bu isə o deməkdir ki, onun müharibədən sonrakı zaman kəsiyində Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi fonunda yaşadığımız Cənubi Qafqaz regionunda baş verən proseslərə münasibətdə zahirən susqunluq təsiri bağışlayan yanaşmasına hakim kəsilən yalnız səbr və təmkindir. Bir daha vurğulayaq ki, bu keyfiyyətlər müasir Türkiyənin böyüklüyünü və əzəmətini təsdiqləməkdədir.
Onu da nəzərə alaq ki, ötən müddətdə kiçik qardaş kimi Azərbaycan da regional siyasət meydanında həm də Ankaranın maraq və mənafelərinin ifadəçisi kimi olub, bu siyasətə qloballıq qazandırmağı bacarıb. Diqqət yetirək, dövlətimizin başçısı mətbuata bəyanatında regional inkişaf və təhlükəsizlik baxımından Türkiyə amilinin rolunu qabardır. Deməli, Azərbaycanın regional hədəfləri, eyni zamanda Türkiyənin hədəfləridir və ya əksinə.
Bir daha güc amilinə qayıdaq. Hədəfləri reallaşdırmaq gücdən asılıdır. Cənab İlham Əliyev gücün həllediciliyi üzərində dayanır. Buna görə prezidentlər Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Qərargahının açılışını edirlər. Bu yerdə dövlətimizin başçısının vurğuladığı bir məqamın üzərində dayanmaq şərtdir: “Bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq”.
Azərbaycan və Türkiyə regionda gücün hədəfinin inkişaf və tərəqqi olduğunu bəyan edir və onlar bu birgə siyasət dəst-xəttinə sadiqliklərini göstərirlər. Bir halda ki, beynəlxalq hüquq işləmir, haqqın və ədalətin bərpası aləti rolunda çıxış edən də məhz gücdür. Deməli, Prezident İlham Əliyev yuxarıda diqqətə çatdırdığımız fikri ilə həm də onu vurğulayır ki, 30 illik işğala son qoyan əzm və iradə bundan sonra da müştərək Türkiyə və Azərbaycan gücü kimi özünün diktə mahiyyəti ilə davamlı olacaq, habelə getdikcə daha çox rasionallıq qazanacaqdır. Diktəmiz bütövlükdə region xalqlarının maraq və mənafelərinin təminatı naminədir. Prezidentlərin gələcək rifah üçün Zəngəzur dəhlizinə önəm vermələri isə müstəsna əhəmiyyət daşımaqdadır. Cənab İlham Əliyevin bildirdiyi kimi: “Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”.
Bəli, Zəngəzur dəhlizi qlobal nəqliyyat habı kimi mütləq açılacaq. Nəinki Azərbaycan və Türkiyə vətəndaşlarının, bütövlükdə region xalqlarının daha da inkişafına və tərəqqisinə yönələn nəhənglik qazanacaqdır. Bu nəhəngliyin qarantı iki qardaş ölkədir. Azərbaycan üçün bu dəhliz 30 il ərzində uğradığı haqsızlığın təzminatıdırsa, Türkiyəyə gəldikdə, o, özünün qlobal miqyasda oynadığı rolun mükafatını almalıdır. Əlbəttə, başlıca məsələ ortaq Turan xətti və Zəngəzur dəhlizi ilə ümumən Türk dünyasının bir-birinə qovuşması məfkurəsinin reallığa çevrilməsidir.
Əsas məqam xəyalların gerçəkləşməsidir. O xəyallar ki, Türk dünyasının böyük mütəfəkkirlərinin, ideya adamlarının baxışlarından süzülüb bu günümüzədək gəlib çıxmaqda, mənəvi-siyasi məzmun qazanaraq müasirləşməkdədir. Əminik ki, hazırda ulu öndərlər – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ruhları şaddır. Böyük fikir dühaları, Turan sevdalıları – Əli bəy Hüseynzadənin, Ziya Göyalpın, Yusif Akçuranın, Ömər Faiq Nemanzadənin, Yusif Nihal Atsızın və başqalarının ruhları da həmçinin.
Nəzərə alaq ki, Türk dünyasının çiçəklənməsi böyük coğrafiyada yaşayan insanların dinc və əmin-amanlıq mühitində ömür sürmələri ümumən bəşəriyyətə ədalət töhfəsidir. Bu gün Azərbaycan və Türkiyə qlobal beynəlxalq arenada nümayiş etdirdikləri böyük əzmlə bu töhfəni özlərinin yaşam və varlıq düsturuna çevirməkdə, ümumbəşəri zənginlik epopeyasına imza atmaqdadırlar. Ona görə də cənab Ərdoğan Bakıdakı çıxışında yaşamın, varlığın və dinamik inkişafın yeni yolu sayılan Zəngəzur dəhlizindən söz açaraq vurğulayır: “Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, inşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək”.
Türkiyə Prezidenti özünün dolğun mesajlı, kifayət qədər konkret məzmun daşıyan Bakı manifestində yolun mədəniyyət hadisəsi olduğuna dair fikirləri ilə, öz yolunu özü açmanın Azərbaycan nümunəsinə müstəsna dəyər verdi. Hesab edirik ki, qardaş ölkə liderinin təəssüb və rəğbət dolu bu dəyəri ortaq tariximizdə özünə mütləq vətəndaşlıq hüququ qazanacaq müstəsna qədirbilənlik nümunəsidir. İyirmi il əvvəlki Bakını və bugünkü Qarabağı düşündüyünü deyən cənab Ərdoğanın irəli sürdüyü baxışlar ölkəmizin keçdiyi yolun məşəqqətlərini və məhrumiyyətlərini anladır, o yolu hamarlaşdırmaq üçün göstərdiyimiz dirənişi və müqaviməti gözlərimiz önündə canlandırır: “Bax, öz göbəyinizi özünüz kəssəniz, addım atarsınız. Sağ olsun, İlham qardaşım bunu bacardı. Millət olaraq bunu bacardınız və indi də bu səviyyəyə gəldiniz”.
Türkiyə liderinin Azərbaycanın öz hədəflərinə qətiyyətlə, uğura dərin inam hissi bəsləməklə çatdığını Zəngəzur dəhlizi müstəvisində vurğulaması, ölkəmizin belə bir böyük nəqliyyat dəhlizinə haqqının çatdığının dünyaya uca səslə bəyan edilməsi idi. Qardaş Türkiyə hər zamankı kimi haqqın tərəfindədir. Onu da xüsusi vurğulayaq ki, Ərdoğanlı müasir Türkiyə, eyni zamanda, Azərbaycan və azərbaycanlıların timsalında, türk-müsəlman toplumunun haqqının müdafiəsi kimi müqəddəs missiyası ilə bütövlükdə tarixi türk dövlətçiliyi mirasının – Osmanlı ruhunun və rəşadətinin şərəfli daşıyıcısı qismində çıxış etməkdədir.
Nə mutlu türküm deyənə. Türkiyə dövlətinin əsas prinsiplərindən biri, təhsil sahəsində istiqamətverici ideoloji ifadə sayılan bu deyimi xatırlatmağımız heç də təsadüf sayılmamalıdır. Çünki Rəcəb Tayyib Ərdoğan Bakı səfəri zamanı bildirdi: “Əziz qardaşım İlham Əliyevə və azərbaycanlı qardaşlarımıza göstərdikləri bu qonaqpərvərliyə görə də şəxsən öz adımdan və heyətim adından çox təşəkkür edirəm. Hazırda atdığımız və atacağımız addımlardan biri də Türkiyə–Azərbaycan Universiteti məsələsidir. Bu məsələ ilə əlaqədar Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni bu gün nəzərdən keçiriblər. Qanuni prosedurun vacibliyini isə İlham qardaşım ifadə etdi. Bu məsələni də tez bir zamanda həyata keçirərək, İnşallah, Türkiyə ilə Azərbaycan arasında belə bir universitetin qurulmasına nail olacağıq”.
Dahi Nizami deyirdi ki, qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz. Deməli, Türkiyə–Azərbaycan Universiteti ideyasının reallaşması ilə Azərbaycan və Türkiyənin ortaq gücü, qüvvəsi və qüdrəti özünün elmi fundamentallıq məqamına da yetişəcəkdir. Buna görə də əminliklə deyə bilərik ki, ölkələrimiz böyüyərək, həm gələcəklə bağlı paradiqmaları dəyişdirəcək, həm də yeni şanlı yollar müəyyənləşdirəcəkdir. Türkiyə–Azərbaycan qardaşlığı “Bir millət, iki dövlət” anlayışı ilə gələcəyə doğru şərəflə addımlayacaq!”
Gülmirə Məmmədova, Nəsimi rayon 46 N-li tam orta məktəbin müəllimi