Türkiyə Azərbaycanın razılığı olmadan Ermənistanla kompromisə gedə bilərmi?

image-thumb600x0-10backend

“Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanın qoşunların sentyabr ayına qədər Qarabağdan çıxarılacağı, digər tərəfdən isə orada “müdafiə ordusu” adı altında digər silahlıların mövcudluğunun davam edəcəyi barədə bəyanatı özü-özlüyündə tutarlı deyil”.

Bu sözləri türkiyəli politoloq, Kocaeli Universitetinin professoru İrfan Kaya Ülger deyib.

Politoloq Ermənistan TŞ-nin katibi Armen Qriqoryanın məlum açıqlamasını şərh edib.

“Qarabağda qanunsuz qoşunların yerləşdirilməsi atəşkəs sazişini pozur” deyən mütəxəssis tarixə ekskursiya edərək əlavə edib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ordusu 1990-cı illərdə Rusiyanın dəstəyi ilə Ermənistanın işğal etdiyi torpaqları azad edib:

“2020-ci il noyabrın 10-da imzalanan atəşkəs sazişi Qarabağ və Laçındakı təmas xəttinə 1960 əsgər, 90 zirehli texnika, 380 maşın və xüsusi texnikadalardam ibarət Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. 5 il xidmət edəcək rus əsgərlərinin müddəti Ermənistan və Azərbaycanın qərarı ilə uzadıla bilər. Atəşkəs razılaşması Azərbaycanla Naxçıvan arasında dəhlizin yaradılmasını da nəzərdə tutur. Daha sonra Ermənistanla Azərbaycan arasında sülh sazişinə hazırlıq çərçivəsində birdən çox görüş keçirilib, sərhədlərin müəyyən edilməsi üçün komissiya da yaradılıb. Eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə iqtisadi və siyasi münasibətləri inkişaf etdirməyə çağırıb və bu kontekstdə iki tərəfin nümayəndələri arasında bir sıra danışıqlar aparılıb. Türkiyə-Ermənistan sərhəd qapılarının açılması və səfirliklərin təyin edilməsi də bu çərçivədə gündəmə gəlib”.

İ.Kaya onu da vurğulayıb ki, Qarabağ münaqişəsinin nizamlanması üçün bütün bu səylərə baxmayaraq, Ermənistan tərəfi tez-tez təxribatlar törədir:

“Bu kateqoriyalı fəaliyyətlər bəzən atəşkəsin pozulması, bəzən də müqavilənin müddəalarına zidd əməllər şəklində baş verir. Görünən odur ki, erməni tərəfi, xüsusən də Paşinyan Administrasiyası bir tərəfdən, ölkə daxilindəki ifrat millətçi müxalifətin, digər tərəfdən isə diaspora ermənilərinin maksimalist tələbləri arasında qalıb”.

“Odur ki, Ermənistan Təhlükəsizlik Şurasının baş katibi A. Qriqoryanın qoşunlarının sentyabr ayına qədər Qarabağdan çıxarılacağı, digər tərəfdən isə orada “müdafiə ordusu” adı altında mövcudluğunun davam edəcəyi barədə bəyanatı özlüyündə tutarlı deyil. Həmçinin, Ermənistan əsgərlərinin Qarabağ ərazisində yerləşdirilməsinin davam etdirilməsi atəşkəs razılaşmasının pozulması deməkdir. Nəhayət, qeyd edək ki, Ermənistan hökumətinin bu cür maksimalist və ekspansionist hərəkətləri yaxın gələcəkdə imzalanması gözlənilən sülh sazişinə mənfi təsir göstərəcək”, – deyə fikirlərini bölüşüb.

Türkiyə bütün bu məsələlərdə, əsasən, Azərbaycan administrasiyası ilə koordinasiyalı fəaliyyət göstərdiyini söyləyən müsahibimiz bildirib ki, Türkiyə ilə Ermənistan arasında Azərbaycanın bəyənmədiyi kompromis praktikada həyata keçirilə bilməz.

O, əlavə edib ki, nəticədə Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması regionda sülh və sabitliyə xidmət edəcək: “Əks istiqamətdə baş verə biləcək hərəkətlər isə normallaşmanın daha uzun müddətə yayılmasına səbəb olacaq. Ermənistan ordusuna məxsus qeyri-qanuni birləşmələrin “müdafiə ordusu” adı altında Qarabağda yerləşdirilməsi atəşkəs sazişinin pozulmasını təşkil edir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90