Şəhid musiqiçi: Novruz Hüseynovun şəhadət günüdür

image-1backend
O, həm döyüş meydanında igid, həm də el-oba arasında sevilən bir sənətkar idi…
Mayın 8-i birinci Qarabağ müharibəsinin igid döyüşçüsü, şəhid Novruz İsa oğlu Hüseynovun şəhadətə ucaldığı gündür. O, Azərbaycanın torpaq bütövlüyü uğrunda canından keçməklə yanaşı, xalq musiqisinə və sənətə bağlılığı, kişilik nümunəsi olan xarakteri ilə də yaddaşlarda əbədi qalır.
1970-ci il martın 22-də  Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya gəlmişdi. Orta məktəbi Başlıbel kənd tam orta məktəbində başa vurduqdan sonra 1988-ci ildə Sovet ordusuna hərbi xidmətə yollanaraq, Rusiyanın Amur vilayətində qulluq etmişdi. Hərbi intizam və mübarizə ruhu onda erkən yaşlardan formalaşmışdı.
Doğma kəndinə qayıtdıqda isə erməni quldur dəstələrinin sərhəd kəndlərinə hücumları başlamışdı. Novruz Hüseynov tərəddüdsüz könüllü özünümüdafiə dəstəsinə qoşuldu və ön sırada vuruşanlardan biri oldu.
1993-cü ilin aprelində Kəlbəcərin işğalı zamanı ailəsi Bərdəyə pənah gətirir. Amma həmin dövrdə, o ordu sıralarında könüllü vətənin müdafiəsində idi. Ailəsinin qaçqın düşməyi, nigarançılıqlar içində olmağı onun mübarizə ruhunu sındıra bilmədi.
Murovdağ əməliyyatı, Qamışlı kəndi, Çiçəkli yüksəkliyi – bu adlar Novruz Hüseynovun qəhrəmanlıq salnaməsində yazılıdır. 1994-cü il yanvarın 21-də Azərbaycan Ordusu Çiçəkli yüksəkliyini azad etdi, Kəlbəcər–Ağdərə–Laçın strateji yoluna nəzarət bərpa olundu. Təəssüf ki, Azərbaycan ordusunun faciəvi geri çəkilməsi nəticəsində minlərlə qəhrəman Azərbaycan gənci şəhid olur. Həmin vaxt da Novruz Hüseynov yoldaşlarının mühasirədən çıxmasında şücaət göstərir.
Murovdağ əməliyyatından sağ qayıtsa da əl və ayaqlarını don atmışdı. Döyüşdən evə qayıdan Hüseynov ailəsinin yanında çox qala bilmir. O, ermənilərin doğma kəndi Başlıbeldə törətdiyi qətliamın qisasını almaq üçün yenidən döyüşlərə qatılır.
Onun döyüş yolu Kəlbəcər, Ağdərə, Tərtər və Ağdam cəbhələrini əhatə edir. Döyüş yoldaşları onun mərdliyindən, qətiyyətindən, qorxmazlığından həmişə ürəklə danışırlar.
Ən təsirli məqam isə Novruz Hüseynovun atəşkəs sənədinin imzalanmasından cəmi bir neçə gün əvvəl, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmasıdır. 12 may 1994-cü ildə atəşkəs qüvvəyə mindi, və beləcə, o, bu müharibənin son qəhrəman şəhidlərindən biri kimi yaddaşlara yazıldı. 

Mayın 3-də Qırmızı kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. Xəstəxanaya çatdırılır, amma əcəl ona həkimə ancaq adını, soyadını söyləyəcək qədər möhlət verir. Ailəsi onun nəşini mayın 8-i Tərtər məscidindən tapır və Bərdə rayonu Şəhidlər Xiyabanında dəfn edilir.

O, subay idi, hündürboy, enlikürək, qoçaq, mərd bir oğlan kimi tanınırdı. Ailə üzvlərinin sözlərinə görə, Novruz həm də böyük musiqi istedadına malik idi. Saz, balaban, zurna, tar, qarmon kimi xalq çalğı alətlərini öz-özünə, heç bir müəllimsiz öyrənmişdi. Toylar onsuz keçməzdi, səsi və ifa bacarığı ətraf kəndlərdə də tanınmışdı. Həm döyüş meydanının, həm də saz meydanının qəhrəmanı idi…
Şəhadətindən sonra adına şerlər yazılır, bayatılar qoşulur. Başlıbelli professor Əli Mirzəyev öz kitabında Novruz Hüseynovu belə vəsf edir:
Dağlara səs salır zurnanın səsi,
Yerin də, göyün də gəlir həvəsi
Yallı gedənlərin başlanıb bəhsi,
Kimdir yaylaqlara belə səs salan?
Deyirlər, Novruzdur o toyda çalan.
Yenə “Cəngi” səsi göyə yüksəlir,
Yenə də sükutun bağrını dəlir,
Camaat mağara axışıb gəlir,
Olarmı, bu toydan kənarda qalan?
Axı o havanı Novruzdur çalan.
Barmaqda qüdrətə, nəfəsə bax sən,
Yaylaqlar coşubdur yenə bu səsdən.
Nə qədər çalsa da düşmür həvəsdən,
Kimdir, bu dağlara belə səs salan?
Bəyəm tanımırsan Novruzdur çalan.

Şair Sönməz Ələkbər isə, belə yazır:

Məni bərk sarsıtdı ölüm xəbərin
Yaman qısa oldu dünyan, a Novruz
Tək sənə dəymədi atılan güllə
Elin yaralandı ondan, a Novruz
Allah da bu köçü eyləyə bilməz,
Heç kim dastanını söyləyə bilməz.
Əkbərin də sənsiz eyləyə bilməz
Elin toylarında dövran, a Novruz
Kim çalar çaldığın Kərəmi kimi
Sənətkar qoyursan bu elə kimi?
Sönməzin kağızı qələmi kimi
Ağlayır tütəyin, zurnan, a Novruz
Bu gün onu yalnız şəhid kimi deyil, həm də bütöv bir Azərbaycan oğlunun siması kimi xatırlayırıq: mübariz, cəsur, sənətə və torpağa bağlı!
Ruhu şad, məkanı cənnət olsun!
Əli Hüseynli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki