“Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Çində ayrı-ayrılıqda bir çox ölkənin təmsilçiləri ilə görüşlər keçirib. Hətta bəzi məlumatlara görə, Rusiya nümayəndə heyətinin təmsilçiləri Azərbaycan nümayəndə heyətinin təmsilçiləri ilə ünsiyyətdə olublar. Lakin hələlik hər iki Prezident arasında hansısa bir görüş baş verməyib. Bu görüşün baş vermə ehtimalı hazırda olduqca aşağı səviyyədədir, belə görüşün olub-olmayacağı hələlik məlum deyil”.
Bu fikirləri “Busaat.az”-a açıqlamasında politoloq Elçin Xalidbəyli söyləyib.
Azərbaycan-Rusiya gərginliyinin səbəbləri
Politoloq qeyd edib ki, ötən ilin dekabrından bu yana Azərbaycan və Rusiya arasındakı münasibətlər həddindən artın gərgin vəziyyətdədir:
“Rusiya Azərbaycanın mülki sərnişin təyyarəsini vurub, insan təlafatına səbəb olub və bu hərbi cinayətə görə hələ də ölkəmizdən üzr istəməyib, əksinə bundan sonrakı aylarda Azərbaycana qarşı təzyiq və təhdid ritorikasında davranmağa başlayıb. Eyni zamanda Rusiyada azərbaycanlılara qarşı zorakılıq, irqçilik kimi qərəzli münasibət ən yüksək həddə çatıb. Təbii ki, belə bir situasiyada Prezident İlham Əliyev Vladimir Putinlə görüşmək üçün hər hansı bir təşəbbüs göstərməz. Bu müddət ərzində İlham Əliyev də Rusiyaya qarşı sərt mövqedən çıxış edib, eyni zamanda Ukraynaya öz ərazilərinin işğal olunması ilə barışmamağın vacibliyi barədə mesaj verib. Bu da Azərbaycanın Rusiyaya verdiyi bir siqnaldır, yəni Azərbaycan Prezidenti və Azərbaycan dövləti Rusiyanın qarşısında geri çəkilmək, Rusiyanın hegemon niyyətilərini qəbul etmək fikrində olmadığını biruzə verdi. Təbii ki, belə olduğu təqdirdə Putinin də Əliyevlə görüşə təşəbbüs göstərməməsinin səbəbi bəllidir”.
Rusiya bu ritorikasından vaz keçməsə…
E.Xalidbəylinin sözlərinə görə, ŞƏT-in Sammiti çərçivəsində Azərbaycan və Rusiya Prezidenti arasında görüşün keçirilmə ehtimalı o qədər də inandırıcı görünmür:
“Çox güman ki, Azərbaycan-Rusiya gərginliyi bir müddət davam edə bilər, bu gərginliyin aradan qaldırılmasının yeganə yolu budur ki, Rusiya Azərbaycana qarşı təzyiq və təhdidkar ritorikasındna imtina etməlidir. Eyni zamanda ötən ilin dekabrında sərnişin təyyarəmizin vurulmasına görə, Azərbaycan dövləti və Azərbaycan xalqından rəsmən üzr istəməlidir. Bununla da iki ölkə arasındakı münasibtələrin normal məcraya qaytarılması üçün münbit şərait yarana bilər”.
Yeganə