Elon Maskın 10-cu açıqlamasında şirkətin ABŞ hökumətinin ritorikasına zidd olan məlumatlara senzura tətbiq etməklə və hökumətlə razılaşmayan həkim və ekspertləri gözdən salmaqla Covid-19 epidemiyası ilə bağlı müzakirələrə müdaxilə etdiyi üzə çıxıb.
Busaat.az xəbər verir ki, Elon Musk Free Press xəbər saytının müxbiri David Zweig vasitəsilə təxminən 3 həftə ərzində “Twitter Faylları” adı altında 10-cu açıqlamasını edib.
Keçmiş Twitter administrasiyasının Covid-19 epidemiyasının məzmunu ilə bağlı daxili yazışmalarını paylaşan Zweig, ABŞ administrasiyalarının Covid-19 epidemiyası ilə bağlı müzakirələrdə təkcə Twitter-ə deyil, Facebook, Google və Microsoft-a da təzyiq etdiyini yazıb.
Tramp administrasiyasının epidemiyanın başlanğıcında ictimaiyyətdə qorxu və çaxnaşmaya səbəb olacaq və şirkətə təzyiq göstərəcək addımlarından narahat olduğunu ifadə edən Zweig, prezident Co Bayden administrasiyasının da ABŞ xalqına Covidlə bağlı verdiyi mesajın “Covid-19-dan qorxun və dediklərimizi edin” şəklində olduğunu, həmçinin, Twitter-ə bu istiqamətdə təzyiq etdiyini bildirib.
David Zweig Bayden administrasiyasının Twitter ilə ilk görüşünün mövzusunun Covid-19 olduğunu və görüşün əsas gündəminin anti-vaksin hesablarına müdaxilə olduğunu qeyd edib.
Keçmiş New York Times müxbiri və peyvənd əleyhinə mövqeyi ilə tanınan Twitter fenomeni Aleks Berensonun hesabının bloklanmasının da bu prosesin tərkib hissəsi olduğunu bildirən Zweig, Baydenin Covid-19 epidemiyası ilə bağlı əks-fikirlərin insanların ölümünə səbəb verdiyini açıqlanmasından sonra Berensonun hesabının dayandırıldığını bildirib.
Digər tərəfdən Zweig, Twitter-in təkcə Berenson kimi jurnalistləri deyil, həm də hökumətin rəsmi fikirləri ilə ziddiyyət təşkil edən düşüncələri ifadə edən və hətta akkreditə olunmuş akademik jurnalların nəticələrinə istinad edən bir çox tibb və ictimai səhiyyə işçisini də hədəf alındığını vurğulayıb.
Twitter-in bir çox həkim və mütəxəssisin rəsmi məlumatlarla ziddiyyət təşkil edən fikirlərinə müdaxilə etdiyini ifadə edən Zweig qeyd edib: “Harvard Tibb Məktəbinin epidemioloqu Dr. Martin Kulldorffun “Hər kəsdən peyvənd olunmasını istəmək heç kimin peyvənd olunmasına ehtiyac olmadığını söyləmək qədər yanlışdır” sözləri Twitter-də müzakirə olunub”.
Zweig, Kulldorffun paylaşımlarının şirkətin Covid-19 siyasətinə zidd olduğu üçün bu yazılara müdaxilə ediləcəyi barədə qərarları da paylaşıb.
Trampın virusdan qurtulduqdan sonrakı yazısı da müzakirə olunub
Tramp Covid-19 virusuna yoluxandan sonra, Walter Reed hərbi xəstəxanasında müalicə alıb. Müalicəsi tamamlandıqdan sonra evə buraxılan Tramp qeyd edib: “Mən yaxşıyam. Covid-dən qorxmayın və onun həyatınıza hakim olmasına imkan verməyin”.
Zweig qeyd edib ki, hətta Tramp-ın bu paylaşımları da şirkət daxilində müzakirə mövzusu olub.
“Twitter Faylları”
Elon Mask üç həftədir ki, Twitter-in keçmiş administrasiyasının daxili yazışmalarını bir qrup jurnalistlə paylaşaraq açıqlayır.
Twitter-in yeni meneceri və müstəqil jurnalistlər tərəfindən “Twitter Faylları” adlandırılan bu tvitlər silsiləsi Twitter-in keçmiş administrasiyasının siyasi baxışlarına görə məzmuna qərəzli şəkildə müdaxilə etdiyini ortaya qoyur.
İndiyə qədər edilən açıqlamalara ABŞ prezidenti Co Bayden və komandasının tələbi ilə seçki prosesi zamanı ortaya çıxan Baydenin oğlu Hunter Bayden barədə sızıntılara senzura qoyulması və Trampın hesabının dayandırılması kimi mövzular daxildir. Twitter-in ABŞ ordusunun Yaxın Şərqdəki manipulyasiyaları üçün alət olduğu da üzə çıxıb.
Busaat.az