Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçi Elçin Rəhmanovun cəzaları bəlli olub.
Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, UEFA İntizam Komitəsi həm futbolçuya, həm də məşqçiyə bir oyunluq cəza verib.
Onların hər ikisi Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Leverkuzen) qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı tribunadan izləyəcək.
Qitə futbol qurumu həmçinin sarı vərəqə limitini dolduran Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.
Qeyd edək ki, “Qarabağ” – “Bayer” (Leverkuzen) görüşü martın 7-də saat 21:45-də başlayacaq.