“Vardaryan planı”nın ifşası və Qarabağdakı sülhməramlılar – TƏHLİL

image-82022_largebackend

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev Qarabağ ətrafında davam edən və səngimək bilməyən məsələlər barədə həlledici açıqlamalarla yadda qalıb.

Xüsusilə kənar qüvvələrin regiona pozucu təsirləri fonunda İlham Əliyevin bu çıxışı Qarabağda Azərbaycanın siyasətinə işıq tutmuş sayıla bilər. Azərbaycan prezidenti Qarabağdakı ermənilərin yenidən Azərbaycan vətəndaşı olduğuna işarə edərək, burada qurulmuş məkrli planları ifşa etdi. Ruben Vardaryanın Qarabağa gəlişinin əsas məqsədləri isə, elə Prezidentin dilindən aydın söylənildi.

Rusiyada yaşayan erməni əsilli milyarder Vardaryanın Qarabağa təcili köçü Azərbaycan cəmiyyətində o zaman da, elə indi də birmənalı qarşılanmır. Cəmiyyətdə haqlı narazılıq var idi ki, bu təsadüfi bir yerdəyişmə deyil, əksinə Moskvanın bölgədə öz maraqlarını təmin etmək üçün qurduğu yeni ssenaridir.

Dünən Azərbaycan prezidenti öz vətəndaşları olan Qarabağ erməniləri ilə danışmağa hazır olduqlarını, ancaq bu danışıqların hansısa mərkəzlərə xidmət edən Vardaryan kimi insanlarla olmayacağını qeyd edib. Dolayısıyla Azərbaycan tərəfi qondarma dövlətin qondarma prezidenti Araik Arutyunyanla da danışıqlara açıq olmadığını bəyan etmiş sayıla bilər. Çünki Araik də, gah İrəvan, gah da Moskva ilə əlaqələr qurmaqla həmişə rəsmi Bakının əleyhinə məqsədlərə xidmət edib…

İndi isə, yəqin etmək olar ki, Bakının bir sonrakı addımı Qarabağdakı sülhməramlı qüvvələrin çəkisi olacaq. Daha doğrusu, çəkisizliyi…

Çünki sülməramlılarının bölgəyə gəlişi ona hesablanmış addım idi ki, onların nəzarəti altında Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı kimi sivil həyata inteqrasiya prosesi başlasın və tamamlansın. Ancaq biz görürük ki, sülhməramlı qüvvələr öz missiyalarının tam əksinə addımlar atır. Onlar erməniləri Azərbaycana inteqrasiyaya hazırlamır, əksinə erməniləri Bakıdan uzaqlaşdırır və yersiz vədlərlə Qarabağda rus mövcudluğuna zəmin hazırlayır…

Əlbəttə, rəsmi Bakı bütün bunların fərqindədir və bu səbəbdən də “Vardaryan planı” ifşa edildi.

Moskvada hesablamışdılar ki, erməniəsilli, ancaq tamamilə rus maraqlarına xidmət edən bir oyunçu ilə Qarabağ ermənilərini həm İrəvandan, həm də Bakıdan qopararaq Moskvaya tabe etmək asan olacaq. Əslində İrəvan özünün düşdüyü xaotik vəziyyətdə bütün planların fərqində olsa da, bölgənin siyasi həyatına müdaxilə edə bilmir. İlk başda bu müdaxilə Bakı tərəfindən haqlı şəkildə əngəllənir.

Bakı isə, artıq İrəvanı oyundan kənarlaşdırdığına tam əmindir və indi diqqətini əsas təhlükəyə – Rusiyaya yönəldir. Prezidentin Vardaryan məsələsini qabartması məhz bu niyyətin təcəssümüdür.

Əlbəttə Bakının əli daha güclüdür. Ona görə yox ki, o beynəlxalq hüquqa görə Qarabağın sahibidir, həm də ona görə ki, Bakı Qarabağ müharibəsi zamanı meydanda Ermənistanı, siyasi masada isə, onun bütün havadarlarını məğlub edib.

Yəqin unutmamısınız ki, müharibə zamanı Rusiya və İrandan silah daşınması necə intensiv davam etdi və faydasız nəticələrlə məğlubiyyətə düçar oldu.

Əlbəttə Rusiyanın Bakını işğal etməsi və yaxud da ona qarşı təcavüzkar addımlar atması mümkün deyil. Burada beynəlxalq faktorlar, başda Türkiyə-Rusiya münasibətləri faktoru var. Ona görə də, rəsmi Bakı beynəlxalq tərəfdaşlarına arxalanaraq, Qarabağ probleminin tam həllində daha qərarlı addımlar atacaq.

Qeyd edək ki, Qarabağda siyasi həllin tam bitməsi tək Bakının deyil, həm də onun tərəfdaşlarının maraqlarına uyğundur.

Hətta bölgədə sülhün bərqərar olması Bakının maraqları ilə razılaşacağı təqdirdə Rusiya və İranın, ən başda isə, Ermənistanın özünün xeyrinə nəticələr doğacaq.

 

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki