
Ev şəraitində hazırlanan turşular nə qədər təhlükəlidir?-Ekspert açıqladı...
Xəbər verdiyimiz kimi Biləsuvarda bir ailənin dörd üzvü ev şəraitində hazırlanan turşudan zəhərlənib. Ailə üzvləri dərhal Bakıya xəstəxanaya çatdırılıb və müalicələri davam etdirilir.
Bəs ev şəraitində hazırlanan turşular insan səhhəti üçün nə qədər təhlükəlidir?
Moderator.az-ın sualını qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev cavablandırıb bunun botulizm zəhərlənməsi olduğunu bildirib:
“Bu tip zəhərlənmələr botulizm zəhərlənməsidir və bunlar adətən konservləşdirilmiş qidalarda və ev şəraitində hazırlanan turşularda olur. Belə zəhərlənmə hadisələri o zaman baş verir ki, həmin qablar normal temperaturda qaynadılmaqdıqda orda kolistridium və botilidium bakteriyaları tam ölmür və o zaman zəhərlənmə hadisələri baş verir. Minimum səksən dərəcə temperaturda həmin turşular qaynadılmalıdır. Normalda evlərdə bu cür turşular hazırlanarkən ev xanımları buna riayət edirlər, amma buna tam riayət edilmədikdə belə problemlər ortaya çıxır.
Bunları gözlə görmək də mümkündür. Əgər bu cür turşuların qapağı şişibsə, onu qətiyyən yemək olmaz. Bununla yanaşı, məhsulun özündə qoxu və ya rəng dəyişikliyi varsa, onu yemək məshələt deyil. Bu cür qidaları qəbul edərkən insanlar zəhərlənə bilər və bunun da ilkin əlamətləri baş dönməsi, halsızlıq, iştahsızlıq, ağız quruması, ürək bulantısı olur və bunun da vaxtında üstünə düşülməzsə, insan ölə bilər”.























