“Mənim düşüncəmə görə, bu il ərzində iki çərçivə sənədi imzalana bilər”.
Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında Moskvada keçirilən görüşün yekun sülh sazişinin əldə olunmasına mümkün bəhrələri haqqında danışan siyasi şərhçi Natiq Cəfərli Busaat.az-a açıqlamasında səsləndirib.
Natiq Cəfərli qeyd edib ki, Moskva bu bölgənin əsas moderatoru funksiyasını kiməsə vermək istəmir:
“İndiki danışıqların intensivləşməsi həm də Moskva ilə Qərb arasında bir rəqabətin olduğundan xəbər verir. Yəni Moskva bu bölgənin əsas moderatoru funksiyasını kiməsə vermək istəmir. Bu münaqişənin ancaq və ancaq Moskvanın əli ilə həll olunacağı fikrini yaymaq və onun üzərində durmağa çalışır. Qərb isə əksinə, sülh müqaviləsini istənilən şərtlərlə bağlamaqla Rusiyanın bölgədən sıxışdırılmasına çalışır. Əsas rəqabət bu xətlər üzərindədir. Böyük sülh sazişi hər iki ölkəyə Moskvanın təsirlərini azalda bilər.
Düşünürəm ki, Moskvanın da böyük sülh sazişinin bağlanmasında marağının olmadığını nəzərə alsaq, bu varsayımla indi hansısa bir çərçivə sənədinin imzalanmasından söhbət gedir. İndi, əsasən, bu çərçivə sənədinin Moskva, yaxud da Qərbdə imzalanması müzakirə mövzusudur.
Qərbdə aparılan danışıqlar daha effektiv olur. Ən azından Azərbaycan və Ermənistanın ərazi bütövlüklərinin qarşılıqlı tanınması ilə bağlı hələlik bəyanatlar Qərb danışıqları zamanı mümkün oldu.
Mənim düşüncəmə görə, bu il ərzində iki çərçivə sənədi imzalana bilər. Biri Moskvada biri də Brüsseldə və yaxud Vaşinqtonda. Belə olan şəraitdə həm Kremlin, həm də Qərbin maraqları yerinə yetmiş olur. Sülh prosesi də sürətlənə bilər. Ona görə də iki sənədin ayrı-ayrılıqda, misal üçün, qarşılıqlı ərazi bütövlüklərinin tanınması yox, məhz sənədlərin imzalanması, məsələn, Brüsseldə imzalana bilər. Sərhədlərin delimitasiya, demarkasiyası və ya kommunikasiyaların açılması ilə bağlı sənəd isə Moskvada imzalana bilər”.
Busaat.az