Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mədəniyyət Mərkəzində Uşaq İncəsənət Festivalı – 2025 çərçivəsində rəngarəng və əyləncəli tədbir təşkil olunub.
Festival iştirakçıları, məktəblilər və uşaq bağçalarının şagirdləri Mərkəzdə əsl festival ab-havası yaradaraq zövqlü çıxışlarla yadda qalıblar. Tədbir çərçivəsində məktəblilərin hazırladığı dekorativ-tətbiqi sənət nümunələri, rəsm əsərləri, robotexnika layihələri və digər yaradıcılıq işlərindən ibarət sərgi təşkil olunub.
Festival iştirakçıları uşaqların öz əlləri ilə ərsəyə gətirdikləri bu işlərlə tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda, tədbir zamanı xüsusi ayrılmış guşələrdə uşaqlar rəsmlər çəkib, yaradıcı fəaliyyətlərini yerində nümayiş etdiriblər.
Festival çərçivəsində keçirilən rəqs üzrə ustad dərsləri isə uşaqların maddi-estetik inkişafını təşviq etmək, yaradıcılıq potensiallarını üzə çıxarmaq, həmçinin incəsənətə maraqlarını artırmaq məqsədi daşıyıb.
Təlimlər M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbər, Xalq artisiti Rüfət Xəlilzadənin iştirakı ilə baş tutub. Burada uşaqlara rəqsin müxtəlif texnikaları, səhnə davranışı, qrup halında ifa bacarıqları interaktiv formada öyrədilib.
Daha sonra Sabirabad şəhərinin uşaq bağçalarının şagirdləri, Mil-Muğan regionu üzrə musiqi və incəsənət məktəblərinin, həmçinin mədəniyyət mərkəzlərinin nəzdində fəaliyyət göstərən uşaq rəqs və folklor kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub.
Festivalın konsert hissəsində uşaqlar milli və müasir rəqslər, mahnılar və bədii kompozisiyalar ifa edərək tədbir iştirakçılarına yaddaqalan və unudulmaz anlar yaşadıblar.
Festival çərçivəsində UİF-2025 iştirakçıları Sabirabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının bərpası, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, mədəniyyətin və təhsilin inkişafı sahəsində gördüyü işlər barədə ətraflı məlumat verib.