Yaşını kiçiltdi, sevgilisi onun maşınının şüşələrini qırdı, dostu bəlaya saldı – Vüqar Biləcərilini nə öldürdü?

image-vuqarbackend

Bu gün mərhum meyxanaçı Vüqar Biləcərlinin doğum günüdür.

Busaat.az onun haqqında maraqlı faktları təqdim edir.

Paşayev Vüqar Zakir oğlu 1988-ci il avqustun 24-də Biləcəri qəsəbəsində doğulub. Atası yük maşını sürücüsü olub. Ailənin böyük övladı olan Vüqarın özündən başqa bir bacısı və qardaşı var. 1993-cü ildə Biləcəri qəsəbəsi, 4 nömrəli – indiki 199 nömrəli məktəbin birinci sinfinə gedib. 12-13 yaşından etibarən Füzulini oxumağa başlayıb. Vüqarı ibadətə gətirən də qəlbindəki sevgi ilə yanaşı, Füzuli yaradıcılığı olub. Hamı məscidə Quranla getdiyi halda, Vüqar Füzulinin qəzəllər toplusu ilə gedirmiş.

***

Vüqarın təvəllüdü və mənsub olduğu rayonla bağlı çoxuna bəlli olmayan faktlar ondan ibarətdir ki, əslində o, 1988-ci ildə deyil, 1987-ci ildə doğulub. Ancaq uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü 1 yaş kiçildib. Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir.

Köhnə meyxanaçılardan olan Rauf Binəli deyir ki, Vüqarın böyüdüyü küçədə xalamgilin evi var idi. Bir gün ora gedəndə gördüm ki, uzaqdan bir uşaq gəlir. Köksünə də qalın bir kitabı sıxıb. Soruşdum, ay uşaq, adın nədir, hardan gəlirsən? Dedi, adım Vüqardı, məsciddən gəlirəm. Qucağına sıxdığı kitaba baxanda gördüm ki, Füzulinin kitabıdır. Əylib alnından öpdüm və Vüqarla ilk tanışlığım belə başladı.

***

Vüqar bir müddət güləşlə məşğul olub. O, bu sahəyə beynəlxalq nailiyyətlərə yüksələcək qədər davam etməsə də, əslində yaxşı güləşçi olub. Amma ədəbiyyat Vüqar Biləcərinin idmandan və gözünü oxşayan digər bərbəzəkli sahələrdən çəkib, öz sehrinə salıb.

***

Vüqar məktəbdə bir qıza aşiq olub. Füzulinin məcnun aşiqliq istedadı ilə sevən Vüqarda həmin xanım ciddi iz qoyub. Qovuşa bilmədiyi həmin qız onun həyatda ilk böyük travması olur.

Elə məktəbdə oxuduğu illərdən əruza olan marağı onu meyxanaya çəkib. Ardınca Mədəniyyət və İncəsənət universitetini bitirib. Universitetdə oxuduğu zamanlarda da meyxana onun həyatında əsas rol oynayırdı. Biləcəridə onun və dostlarının meyxana dediyi məşhur bir qaraj var idi. Vüqar Pünhan Əzimli və digər yoldaşları ilə orada uzun müddət meyxana deyib. Vüqarın həmin illərdə universitet, məscid və həmin qarajdan başqa demək olar ki, heç yerə getməyib. Evdə onu dəfələrlə başını Seyid Əzim Şirvaninin, Füzulinin kitablarının üstünə qoyub yatmış halda görüblər.

***

İlk dəfə “De gəlsin” yarışmasına çıxdıqda hələ yarışmada sms mübarizəsi yox idi. Qalibi münsiflər seçirdi. Vüqar 16 yaşında qatıldığı yarışda finala qədər gəlib çıxır. Yarışmanın münsifləri olan Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu, Mehan Əhmədli Vüqar Biləcərilinin istedadının bənzərsiz olduğunu etiraf etsə də, Vüqar texniki səhvdən, təkrardan, həyəcandan adaşı Vüqar Şiriyevə uduzur. Vüqar ikinci dəfə də “De gəlsin” layihəsinə çıxır yenə də, özünəməxsus iz qoyur. Onun ikinci layihədə xüsusən də ev tapşırıqları bu gün də meyxanasevərlərin dilindədir.

Həmin illərdə meyxanada daim sanballı sözlərə, fikirlərə üstünlük verdiyindən Vüqarın dediklərini kütlə həzm edə bilmirdi. Kütləviliyə hesablanmış bayağı meyxana demədiyi üçün onu demək olar ki, ətrafından başqa kimsə tanımırdı. Həmkarları deyirdi, Biləcəri də bir oğlan var, Vüqar, adam dahidi! Meyxanaçılar onun haqqında çox yüksək fikirdə olsalar da, məşhur olmadığından toylara dəvət almır və məsələnin madiyyat tərəfi onu sıxırdı. Başqa işlərdə çalışaraq özünü təmin etmək istəyirdi. Düzdür, həmin ərəfələrdə artıq bütün meyxanaçıların yeni bir rəqibin meydana çıxdığını aydın başa düşürdü.

Bir müddət sonra istədiyi uğuru qazana bilmədiyi üçün artıq bu sahədən uzaqlaşmağa qərar verir. Ətrafındakılara da bu barədə danışır. Ona təklif edirlər ki, son dəfə də dostunun toyunda desin və bundan sonra istəməsə, bu sahədən uzaqlaşsın. Beləliklə, Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə – 22 yaşında isə onun taleyi dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, dinləyicilər ondan əl çəkmir, bir anda məşhurluğu hər yana yayılır. Xüsusən də həmin toyda Elşən Xəzərlə deyişməsi Vüqar Biləcərini bir anda kütlənin pəncəsinə verir…

***

Vüqar ömrünün sonuna qədər spirtli içki qəbul etməyib. 25 yaşına qədər isə ümumiyyətlə siqaret belə çəkməyib. Həmin yaşa qədər o hətta meydanlarda, toylarda meyxanaçı yoldaşları çox siqaret çəkib tüstü yaradanda onlara belə etiraz edirmiş. Təəssüf ki, o bu saflığını davamlı olaraq qoruya bilmir. Sonu gözlənilməz ölümlə yekunlaşan bu onilliyə baxsaq, Vüqarın nakam gedişinin səbəblərini aydın görə bilərik. Azərbaycanda Meyxana meydanında qazanılan məşhurluq həqiqidir. Həqiqi məşhurluqsa, təhlükəli tale vəd edir. Belə məşhurluq adətən çiy olur, insanı plansız halda yaxalayır. Yaş 22, qarşında dəliqanlı kütlə, arxan və ətrafın amansız rəqabət və bu bulanıq aləmdə hər gecə cibinə minlərlə pul girir… Yuxusuz gecələr… Çörək ağacın söz…
20-25 yaşında hər gecə minlərlə manat pul qazanan şəxs bu gəlirin qarşısında nadir hallarda sapmadan dura bilir. Əzəldən dumanlı olan meyxana məclisləri gecənin birində səni də öz pərdəsindən içəri dartır, bir gecə dadına baxdığın keflər bir ömür kabusuna çevrilir. Əvvəl sənə əhval gətirən nəsnələr bir müddət sonra səndən almağa başlayır; əvvəl əhvalını, sonra malını, sonda canını…

Vüqar Biləcəri haqqına hazırlanan materialda bir neçə məqamı da bölüşməyə borcluyuq. Adının açıqlamnmağı etik olmasa da, Vüqarı bəlaya düçar edən elə sənət dostlarından biri olub. Düzdür, əslində, Vüqar uşaq deyil, onu heç kim başdan çıxarmayıb, yaxud da, məcbur etməyib. Amma istənilən halda dilinə siqaret belə vurmayan bir adamı gözlənilmədən bu hala salan həmin tanışlıq olub. Vüqar son vaxtlarda da həmin şəxsə zəng vuraraq onu bu hərəkətinə görə acılayırmış. Həyata bağlılığı həssas olan şəxslərin bu tip aldadıcı, nəşələndirici məqamlara olan meyli və bu meyldən qurtulmaq bacarığının zəif olması da hər kəsə aydındır.

***

Vüqar heç vaxt özündən gənc heç bir meyxanaçının qarşısını kəsməyib, əksinə xeyli gənci yanında otuzdurub, onlara yol açmağa çalışıb. Heyvansevər adam idi. Evində göyərçinlər saxlayırmış. Eyni zamanda müxtəlif sort itləri də var imiş. Boş vaxt tapan kimi vaxtını heyvanlarla keçirirmiş.

Vüqar Biləcərili təkcə ənənəvi meyxana deyib pulunu qazanan bir adam deyildi. O, gecənin bir aləmində “palatka toyu”nda elə misra deyirdi ki, əsl sənətə qiymət verən gənclər əsəbindən onu söyürdülər. Belə bir misranı mağar toyunda xərcləmək israfçılıq deyildimi? Vüqar ömrünü də mağarlarda qiymətli bir misra kimi xərclədi.

***

Vüqarın düşkünləşməsinə səbəb həm də anasının 50 illik yubileyində insult keçirməsi olur. Bu hadisə Vüqarın həyatında ən ciddi sarsıntı olur. Anasına xüsusilə bağlı olan qəzəlxan hətta ölümünə yaxın günlərdə hər gün anasının ayaqlarının yanında durub, onun ayaqlarından öpürmüş.

***

Vüqar evlənməməsini də sənəti ilə bağlayır, gecələr toylarda olduğundan heç kəsi narahat etmək istəmədiyini deyirdi. Anasına söz veribmiş ki, artıq ömrünün geridə qalan hissəsini bütün lazımısz vərdişlərdən, hətta meyxanadan da uzaq, sakit yaşayacaq. Hətta karantin bitən kimi meyxanadan gedəcəyini deyibmiş. Son günlərində ancaq ölümdən danışırmış. Bir də anasının yanından uzaqlaşmaq istəmirmiş. O, öz taleyini, ailə həyatını, evlənməməsini “Dəlli yellər” mahnısında kədərlə qələmə alıb.

Vüqar dünyasını dəyişmədən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. Ayağında əmələ gələn yara da ona əlavə ağrı verirmiş. Ölümündən bir iki gün əvvəl Biləcəri ruhanilərindən olan Hacı xan Mirzəyə zəng edib bir növ halallıq istəyib. Zəng edəndə ilk sözü bu olub:
“Salam. Mənəm, özünü bədbəxt eləyən şair”. Ardınca qeyd edib ki, ruhanilərin qarşısında xəcalətliyəm. Utanıram. Qiyamət günü məni də unutmayın.
Artıq son günlər öləcəyini bilirmiş. Bütün əzizlərinə zəng edib Həzrəti Əlidən şeir deyib hönkürtü il ağlayırmış. Ayağını da son günlərə qədər hamıdan gizləyirmiş. Avqust ayının 28-i gecə saatlarında vəziyyəti ağırlaşır. Onu təcili xəstəxanaya aparırlar.

Vüqar Biləcərlinin uşaqlıq dostu Hacı Rövşən onun ölüm anından dəqiqələr öncə başının üstündə imiş. O deyir ki, artıq danışa bilmədiyini, gözlərin bağlandığını gördükdə əlini sinəsinə qoyub “Ayətül-kürsü” oxuyub. Vüqarın səsi çıxmasa da ağzını açıb bağlayaraq ona təşəkkür edib. Sonra Rövşən onun qismən rahatlaşdığını görüb xəstəxananın həyətinə düşüb. Qayıdanda isə Vüqarın artıq reanimasiyada olmadığını görüb. Həkimlərdən onun hansı palataya köçürüldüyünü soruşanda, tibb bacısı başını yelləyərək deyib ki, ürəyi dayandı.

***

Sonra Vüqarın ölümü ilə bağlı müxtəlif söz-söhbətlər yaranmağa başlayır. Meyxanaçı Orxan Lökbatanlını Vüqarı pis vərdişlərə qurşandırmasında günahlandırırlar. Müsahibələrinin birində Orxan Lökbatanlı bu barədə deyir:
“Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil. Vüqar anasına çox bağlı insan idi. O, anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində “paralij” oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Onun özünəməxsus daxili dünyası alt-üst oldu. Biz nə qədər çalışsaq da, Vüqar ailə qurmadı, onu evləndirə bilmədik. Ona bu barədə deyən kimi deyirdi, mən evə necə gəlin gətirim, anam xəstədir. Bu cür fikirdən, dərddən Vüqarın canı xəstəlik tapdı, axırda da dünyasını dəyişdi. İndi hərə bir şey danışır. Onun ağır xəstəliyi vardı. Vüqar o qədər avam, cahil, dərrakəsiz insan deyildi ki, onu kimsə nəyəsə məcbur edə. Elə şeylər var, insan onların qarşısında acizdir. Heç kim istəməzdi Vüqar ölsün”.

Vüqarın həyatında özündən yaşca böyük Samirə adlı qadın da olub. Samirə Vüqarın ölümündən sonra verdiyi müsahibələrinin birində deyir:
“Əvvəl gündən ona deyirdim ki, bizimki alınmaz, olmaz. Sən subay oğlansan, mən iki uşaqla ayrılmış qadın və aramızda yaş fərqi var. Günün birində ailə qurmalı olacaqsan, mən o qadın deyiləm ki, ikinci olum. İndi fikirləşirəm ki, kaş deməzdim. O, buna görə ailə qurmadı. Bilirdi ki, ailə qursa, ayrılacam. Ayrılanda həmişə saatları sayardıq. Məsələn, deyirdi ki, 32, ya 26 saatdır danışmırıq. Mən onun maşınının şüşələrini belə qırmışam, o mənim maşınımın nömrələrini açıb aparıb, yəni bura qədər dalaşmışıq. Ciddi ayrıldığımız məqamlar olub. Mən hətta onun toyunun siyahısını da tutmuşdum. Hansı rayondan hansı dostları var, toya kimlər gəlsin. Yazıb, evlərinə vermişdim. Deyirdim ki, məcbur deyilsən bu dəqiqə gəlin gətirməyə. Bakılılarda adət var ki, gəlini sonradan da gətirirlər. Hər kəs məni günahkar bilirdi. Halbuki mən günahkar deyildim. İçimdən, qəlbdən deməsəm də, məcbur olub ona “get evlən”, deyirdim. Biz küsəndə anası barışdırırdı. Zəng edib deyərdi ki, ay Samirə, oğlum yenə yemək yemir, danış yesin. Son anında yanında olmadım. O, vəfat edəndə biz küsülü idik. Mənə deyirdi ki, Samirə, heç kimin sözünə inama, bizi ayırmaq istəyirlər, mən öləcəm, sən yanacaqsan. Son görüşdə mənə bunu dedi və dediyi kimi də oldu. Halbuki, xəstə mən idim”.Kulis.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki