Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb. Dekottini xəritəni “Tək və yeganə” adı ilə paylaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan əleyhinə bütün platformalarda təbliğat aparan Fransa səfiri bununla guya Azərbaycan Respublikasındakı “Qərbi Azərbaycan” termininə qarşı çıxıb. Yəni Qərbi Azərbaycan – yalnız İrandadır.
Qeyd edək ki, Qərbi Azərbaycan – Şimalı Azərbaycanın qərbini – indiki Ermənistanın ərazisini əhatə edən termin kimi istifadə edilir və Azərbaycanın İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir. İrandakı Qərbi Azərbaycan vilayəti isə Güney Azərbaycan ərazisinin 6 vilayətə bölünməsi nəticəsində yaradılıb.
Busaat.az xəbər verir ki, Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib.
Bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın ölkəmizə qarşı həyata keçirdiyi bu təxribata cavab verməlidir.
Siyasi şərhçi bəyan edib ki, ən azından Fransanın ölkəmizdəki səfiri XİN-ə dəvət olunaraq onun diqqətinə etirazımız çatdırılmalıdır:
“Bakı Fransa Xarici İşlər Nazirliyinə nota verməlidir. Yaddan çıxartmayaq ki, Fransada çox sayda erməni əsilli fransız vətəndaşı yaşayır. Hər seçkidə olduğu kimi budəfəki seçkilərdə də fransızlar ermənilərin səslərindən çox asılı vəziyyətdədirlər. Belə olduğu təqdirdə fransızlar ermənilərin tələblərini, istək və arzularını yerinə yetirməyə məcburdurlar. Növbəti tələb Qərbi Azərbaycan layihəsini bu və ya digər şəkildə ləngitmək, axsatmaq, gündəmdən çıxartmaq, mümkün qədər reallaşmasına imkan verməməkdir”.
Fuad Abbasov: Səssizliyimizi qorusaq ermənilərin ayağı yer alacaq
Həmsöhbətimiz vurğulayıb ki, bu tələb Ermənistan Xarici İşlər Nazirliyi vasitəsi ilə müxtəlif xarici ölkələrdəki səfirliklərin iştirakı ilə həyata keçirilməkdədir:
“Beləliklə Azərbaycan dövlətinin də buna münasibətini, reaksiyasını öyrənilər. Bir növ dövlətimizin nəbzini yoxlayırlar. Əgər biz bu cür təxribatlara cavab verməsək, səssizliyimizi qorusaq, diplomatik etikaya riayət edərək nəzakət göstərsək, ermənilərin ayağı yer alacaq. Bu da Qərbi Azərbaycan məsələsinə qarşı daha ciddi addımların atılmasına yol açacaq. Ona görə də belə təxribat cəhdlərinə çox ciddi reaksiya verilməlidir”.