Fevralın 6-da yaşanan və başda türk milləti olmaqla bütün dünyanın acı içində izlədiyi zəlzələ və ondan sonra xarabalığa çevrilmiş Türkiyə və Suriyanın bir neçə şəhəri hamımızı dərindən sarsıdıb.
Hazırda on minlərlə insanın öldüyü və xəsarət aldığı bu dəhşətli təbiət hadisəsi həm də çox acı siyasi nəticələrə səbəb ola bilər. Baxmayaraq ki, hələ zəlzələnin fəsadları aradan qaldırılmayıb, axtarış-xilasetmə işləri yekunlaşmayıb və sivil insanların təhlükəsizliyi tam təmin edilməyib, artıq siyasi mərkəzlər arasında qarşıdurmalar az-çox başlayıb. Türkiyədə iqtidarı tənqid edən müxalifət liderləri illər əvvəl söylənilən xəbərdarlıqları ön planda saxlayır, bütün bu xəbərdarlıqlara baxmayaraq, istər bələdiyyələrin, istərsə də mərkəzi hakimiyyətin təbiət hadisəsinə ciddi hazırlaşmadığını söyləyir. Hətta Türkiyə mediasında da zəlzələ və onun dağıdıcı fəsadlarına qarşı həssas nitqlər eşidilməkdədir.
Amma Türkiyə üçün sınaq daxili siyasətlə sərhədlənmir. Hətta deyərdim ki, Türkiyənin əsas sınağı dövlət olaraq veriləcək və bu sınaq xarici təzyiqlərə tab gətirmək yolunda əsas məqama çevriləcək.
Etiraf etmək lazımdır ki, günahın bələdiyyələrdə, yaxud mərkəzi hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyə dövlət olaraq zəlzələyə tam hazırlaşmayıb. Beləcə, zəlzələnin dağıdıcı fəsadları daha artıq oldu və bu fəsadlar onminlərlə insanın həyatı və sağlamlığı ilə birlikdə, ölkəyə ciddi iqtisadi çətinlik yaradacaq. Onsuz da durğunluq və kriz yaşayan Türkiyə iqtisadiyyatı indi daha bir ağır zərbə almış oldu…
Əslində bu kimi hallarda iqtisadi-sosial-mədəni yaraları sağaltmaq asan olmasa da, ölkə və dövlət üçün ciddi təhlükələrə səbəb vermir. Ağır və əzablı günlər insanları doğmalaşdırır, millət olma (millətləşmə) prosesində müsbət nəticələrə səbəb verir, iqtisadi yaralar sağalana qədər isə, hər kəs bir ailə kimi qarşılıqlı yardımlaşma yolu ilə ehtiyaclarını qarşılayır. Əlbəttə bu, normal sivil yaşamı əvəzləməsə də, ən azından zərərçəkmişlərin aclıq və səfalət içində yaşamasının qarşısını alır.
Türkiyənin əsas sınağı isə, xarici siyasət və beynəlxalq əlaqələr müstəvisində olacaq…
Əvvəla, bütün dünyaya meydan oxuyan və dünya siyasətində önəmli yer sahibi olan Rəcəb Tayyib Ərdoğan Türkiyəsinin reputasiyası müəyyən qədər zərər gördü. İndi hamı ittiham edəcək ki, “Təbii fəlakət hamının başına gələ bilər, ancaq buna hazırlaşmamaq bir xətadır”.
Digər tərəfdən, Türkiyə dünyada təhlükəsizliyin qorunması üçün xüsusi addımlar atan ölkə kimi yaddaşlarda qalıb. İstər Ukraynanın işğalındakı missiyası, istər Afrika ölkələrindəki fəaliyyətləri, istərsə də terrorizmlə mübarizədəki rolu Türkiyəni dünyanın əsas təhlükəsizlik qarantı ölkələrdən birinə çevirməkdədir.
Amma düzünü demək gərəkdirsə də, indi anti-Türkiyə qüvvələri müəyyən zaman sonra “insan həyatına laqeyd Türkiyə” obrazı yaratmağa başlayacaqlar ki, sosioloji məlumatlara sahib olanlar bunun necə fəsadlı nəticələr doğura bilmək ehtimalını yaxşı anlayır.
Amma bununla bitmir. Əsas məsələ odur ki, indi Türkiyənin beynəlxalq təcridi üçün çalışan qüvvələr anti-Türkiyə addımlarını daha da artıracaq.
Türkiyəyə yardıma gələn ölkələrin insani davranışı, əlbəttə ki, gözəl təşəbbüs və təqdirəlayiq addımdır. Amma bu təşəbbüslərin hamısının səmimi olduğunu düşünmək sadəlövhlük olar. Türkiyə ilə tarixi ədavəti olan, indi də müəyyən məsələlərdə barışmaz mövqedə dayanan dövlətlər zəlzələni fürsətə çevirməyə başlayacaqlar. Bəlkə də artıq başlayıblar…
Birincisi, Türkiyə zəlzələnin fəsadlarını aradan qaldırmağa başladığı andan onun dövlət kimi yükü artacaq və problemli məsələlərinin sayı artdıqca, bütün problemlərlə eyni vaxta məşğul olmaq çətinləşəcək.
İkincisi, “yardım etməklə özünü humanist” göstərən bu ölkələr bütün addımlarını asan şəkildə pərdələyəcək və “kim Türkiyədən daha çox qoparacaq?” oyununa başlayacaq.
Əsas təhlükə də budur. İndi Türkiyəni, həm də Cümhuriyyətin 100-cü il dönümündə, böyük sınaq gözləyir.
Bütün bu sınaqların həlli isə, daxili sabitliyi qorumaqdan keçəcək. Əgər ölkədə iqtidarı ələ almaq uğrunda mübarizə kəskinləşər və bu, Türkiyə dövlətinə zərər verərsə, o halda xarici təzyiqlərə qarşı həssaslıq artar. Türkiyədə daxili siyasi məsələlər qarşılıqlı kompromis yolu ilə, ağrısız-acısız həllini taparsa, bu halda xarici təzyiqlər də uğursuzluqla nəticələnəcək. Unutmayaq, Kahramanmaraş zəlzələsi həm də “Siyasal deprem” (Siyasi zəlzələ) olacaq…
Bu anda xatırlamaq yerinə düşər ki, heç bir təbii fəlakət bundan əvvəl dünyanın heç bir dövlətinin ümumi siyasi maraqlarına zərər verməyib. Türkiyənin də Kahramanmaraş zəlzələsindən üzüağ çıxması mümkündür. Bu isə, atılacaq gələcək siyasi addımlardan asılı olacaq. Kimlərsə şəxsi məsələsini dövlət maraqlarından üstün tutarsa, əlbəttə ki, bu, birbaşa dövlətin zərərinə olacaq. Əgər bütün siyasi mərkəzlər sadəcə ön planda dövlət maraqlarını tutacaqsa, o halda Türkiyə dövlət olaraq siyasi itkilərdən sığortalancaq, əksinə zəlzələ daha güclü Türkiyənin inşası üçün fundamental əhəmiyyət kəsb edəcək.
Həşim Səhrablı / Busaat.az