“Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsində Azərbaycan üçün hər hansısa bir risk ola bilməz” – Aydın Mirzəzadə

image-2022-08-05-13-34-41s9i9xh82eluuqlxkmhbe_filebackend

Yalnız Türkiyə ilə Azərbaycanı deyil, bütün türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması işi sürətlə davam edir. Prosesin artıq sona yaxınlaşdığını da söyləmək mümkündür. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bir neçə gün öncə “TRT Haber”ə müsahibəsində oxşar məzmunda fikir səsləndirmişdi. Səfir qeyd etmişdi ki, dəhlizin açılması işi sona yaxınlaşır. “Zəngəzur bizim təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə əlimizdən alınmış, Ermənistana verilmiş, Türkiyənin Azərbaycan sərhədində sədd çəkilmiş, əngəllər yaradılmış torpaqdır”, – deyən diplomat əlavə etmişdi ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycan arasındakı quru yolla məsafə 38 kilometrə qədər qısalacaq. Həmçinin bildirmişdi ki, bu dəhliz Türkiyənin Asiya ilə ticarət əlaqəsi üçün də vacibdir: “Türkiyə Şərqlə Qərb arasında əlaqəni quracaq”. Bundan başqa Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinə Rusiya Sərhəd Xidməti nəzarət edəcək. Rusiyanın belə bir strateji əhəmiyyətə malik dəhlizə nəzarət etməsi region və ölkəmiz üçün nə vəd edir?

Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə Busaat.az – a açıqlama verib:

“Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevin mətbuata açıqlamasında qeyd etdiyi məsələ ilə bağlı hələ ki, ümumi danışmaq olar.

Zəngəzur dəhlizinin ümumi olaraq konkret detallarla növbəti 3 tərəfli görüşlərdə danışılaraq razılaşdırılacaqdır.

İstənilən halda Azərbaycan Respublikasının dövlət maraqları və suveren hüquqları qorunacaqdır. Bunun başqa bir alternativi yoxdur. Çünki, istənilən şəkildə Zəngəzur dəhlizinə nəzarət məsələsi bizim üçün önəmlidir.  Eyni zamanda da Zəngəzur dəhlizinə hələlik ümumi nəzarəti Rusiya edəcəyi təqdirdə də Azərbaycanın bütün sferalarda mənafeyi nəzərə alınmalıdır və alınacaq da.

Bu dəhlizin təbii ki, tezliklə açılması regionumuz üçün çox önəmli və əhəmiyyətlidir. 

Hesab edirəm ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsində Azərbaycan üçün hər hansısa bir risk ola bilməz. Bundan başqa Zəngəzur dəhlizinin bütün region üçün olduqca böyük və əhəmiyyətli perspektivlərini nəzərə alaraq bütün region ölkələrinin burada tam təhlükəsizlik şəraitində dövlətlərarası münasibətlərin daha da inkişafı üçün birmənalı şəkildə həmrəy olması çox mühümdür. Ümidvaram ki, Zəngəzur dəhlizinin tezliklə açılması üçün lazımı işlər görülür və müsbət nəticələr isə yaxın gələcəkdə hamımız hiss edib görə biləcəyik.”

 Bünyamin Bünyadzadə

 Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki