Ermənistanın Azərbaycan və İranla sərhədləri yaxınlığında ABŞ əsgərləri və silahlarının gizli şəkildə yerləşdirilməsini əks etdirən görüntülər yayılıb.
Bundan əvvəl ABŞ hərbi-nəqliyyat təyyarələrində İrəvana hərbi yüklərlə yanaşı, şəxsi heyətin də gətirildiyi ortaya çıxmışdı.
Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi təkzib etsə də, faktları təsdiqləyən foto-sübutlar paylaşıldı.
Ermənistanın iki ölkə ilə sərhədində hərbi baza yaradılır? ABŞ əsgərləri niyə məhz Zəngəzura gətirilir?
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, ABŞ-ın Zəngəzur ərazisində – Ermənistanın Azərbaycan və İranla sərhədində gizli bazalar yaratması istisna deyil:
“ABŞ-ın Ermənistanla hərbi əməkdaşlığı açıq müstəviyə keçib. Birgə təlimlər adı altında bölgəyə hərbi qüvvələr gətirdikləri aydındır. Təbii ki, Ermənistana gələn ABŞ qüvvələrinin yerləşə biləcəyi strateji bölgə Zəngəzur ola bilər.
Birincisi, Zəngəzur bölgəsi nəqliyyat şəbəkələri uğrunda mübarizənin əsas ərazilərindən biridir. ABŞ burada mövqelərini gücləndirmək, oranı nəzarətə götürmək istəyir.
Asif Nərimanlı
İkincisi, Ermənistana əsas təhlükənin Azərbaycanla sərhəddən gələ biləcəyinə dair iddialar var. Mümkündür ki, Cənubi Qafqazda İrəvan üzərindən yeni platforma yaradan Vaşinqton, həm də bu ölkənin təhlükəsizliyini qeyri-rəsmi formada təmin etməyi üzərinə götürüb”.
A.Nərimanlının sözlərinə görə, bunlar əsasən İrana qarşı planlardır:
“Ermənistanda bu və ya digər formada mövcud olan bütün Qərb qüvvələrinin əsas hədəflərindən biri İrana qarşı kəşfiyyat işinin aparılması, o cümlədən, mümkün müdaxilə ssenarisində yaxın məsafədə mövqelərə malik olmaqdır. İran-İsrail qarşıdurması hazırda ABŞ-a sərf etməsə də, “B” planının, yəni müdaxilənin qaçılmaz olacağı ssenarisinə də hazırlıq görülür. İstisna deyil ki, İranla sərhəddə mövqelərin əldə edilməsi buna hesablanıb”.