Zərifə Əliyeva: Dahi şəxsiyyətin həyat yoldaşı, Müzəffər Ali Baş Komandanının anası kimi

image-received_127774796006092backend

Zərifə xanım Əliyeva-bu ad hər bir Azərbaycan xanımına hər zaman nümunə olacaq bir şəxsiyyət! Qadın, Ana adını, ucalığını və ləyaqətini həmişə uca tutan, ziyalılığı, qayğıkeşliyi, gözlərə nur verməsi ilə milyonların qəlbini fəth edən, könlünü dahi bir şəxsiyyətə verən, öz sevgisi uğrunda hələ gənclik illərindən mübarizə aparan güclü bir şəxsiyyətin həyat yoldaşı, əbədi sevgidən doğulan Müzəffər Ali Baş Komandanın Anası…

Olumu ilə dahi şəxsiyyət, unudulmaz insan, nəinki doğulduğu tarixi Azərbaycan torpağının, həmçinin Dağıstan ellərinin sevimlisi, həkim, dövlət xadimi – böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə-ali həkim təhsili almaq üçün Rusiyaya üz tutan, mənfur düşmənlərin iyrənc torpaq iddiasının qurbanı valideyinlərinə sadiq qalan, təhsilini yarımçıq qoyaraq Vətəninə dönən Əziz Əliyevin-ailəsinə sevinc gətirən bu xanım, sonradan bütün Azərbaycanın sevimlisinə və xalqının göz nurunun xilaskarına çevrildi.

Milli xalq deyiminə görə, hər bir güclü kişinin araxasında güclü bir qadın dayanar və qədim romalıların təbirincə desək, heç bir universitet ailə tərbiyəsini əvəz edə bilməz! Bu mənada güclü şəxsiyyət olan Zərifə xanım – unudulmaz, dahi lider Heydər Əliyevin həm qoruyucu mələyi, arxalandığı ən etibarlı dəstəyi, nəsil şəcərisinin davamçılarını böyüdən layiqli övladların – Sevil xanım Əliyevanın və gələcəyin ən yeni tariximiz olan müasir Azərbaycanın qurucusu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası və dəyərli nəvə və nəıticələrin nənəsi kimi məşəl kimi yanan böyük ürəyə sahib olub!

Çox yaxşı xatırlayıram ki, gənclik illərimdə jurnalist işlədiyim dövürdə, vaxtilə onunla rəfiqəlik edən, Zərifə xanım Əliyevanının mənəvi saflığının sevgisi ilə ana həsrətini unudan, həkim-professor Zəhra xanım Quliyeva onun zəngin daxili aləminin, nəcib keyfiyyətlərindən, nurlu oftalmoloq kimi fəaliyyətindən, həkim peşəsini, deontologiyasını dərindən bilən və əməli işində tətbiq edən, tükənməz enerjili, sədaqətli rəfiqə və ailəsinə bağlı sədaqət mücəssəməsi gözəl ana, böyük qadın kimi xarakteriza etmişdi.

Bu yazını hazırlayarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələrinin birində xanımlar xanımı anası Zərifə xanımın vaxtsız vəfatından sonra əvvəlki kimi sevincini daha təbəssümlə bölüşə bilmədiyini etiraf etmişdir. Bu günün ucalığından dünənə baxarkən qeyd etmək istərdim ki, işğaldan azad olunan torpaqlarımızın, xüsusilə də Dahilərin toy günü azad olan minillik mədəniyyət beşiyi Şuşanın aydın səmasından müqəddəs ruhları dolanan Heydər babamızın və Zərifə anamızının ruhları bu gün şaddır və xalqımızın xoş günlərini duymaqla aydın səmalardan təbəssümlə bizə baxır.

Tale oxşarlığı ilə bir-birimizə bağlanmışıq. Mənim ulu əcdadlarım da vaxtilə İrəvan torpağında qayğısız günlər, xoşbəxt və firavan anlar da yaşayırdı. Taleyinə qaçqınlıq, köçkünlük, deportasiya həyatı yaşamaq, öz milli mənliyini qorumaq üçün çətin və şərəfli bir həyat yolu keçən ulu əcdadlarımın şəkil albomlarında gözəl və qayğılı gözlərlə gələcəyə baxan şəkillərinizi uşaqlıdan görmüşəm- dahi qadın!

Əziz və dəyərli Zərifə xanım, Sizi el anası adlandırmaqla, mənsub olduğum nəslin-dünyaya 80-ci illərdə gələn Azərbaycan övladlarının fəxr və qürur mənbəyi, əvəzedilməz idealı hesab edirik. Sizin ən çətin anlarınızda Ulu Öndərin diqqətini mühüm dövlət işlərindən ayırmamaq üçün özünüzü necə təmkinli apardığınızı, hətta Moskvada müalicə alarkən Sizin ziyarətinizə gələrkən solqun şəkildə deyil, səliqəli və dözümlü qadın kimi həyat yoldaşınızı qarşıladığınızı gənclik illərimdə Naxçıvan Televiziyasında (NTV) Sizin doğum gününüz münasibətilə hazırladığım verilişlər zamanı barənizdəki mənbələrdə, həmçinin Sizin haqqınızda yazılmış elmi-publisitik məqalələrdə və müsahibələrdə dərindən öyrənmişəm.

Bu gün varlığınızla yoxluğunuzu-yoxluğunuzla varlığınızı dərindən hiss etdiyimiz gündür. İstədim ki, hamıdan birinci Sizi yad edim və təbəssümlü, qayğıkeş ruhunuzu necə deyərlər, az da olsa şad edim, Sizə minnətdarlığımı bildirim. Sizin böyütdüyünüz Oğulun sayəsində və Sizlərə sadiq olan ləyaqətli insanların qayğısı və misilsiz köməyi ilə 2012-ci ilin 28 aprelində elmdə öz ilk uğurumu əldə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Naxçıvanda müdafiə etdim. Ömrünə qaçqın və köçkünlük taleyi yazılmış bir ailənin övladı kimi həyatımda heç vaxt şən günləri qeyd edə bilmədim, təsadüfi deyil ki, uşaqlıq arzumu alim olmaq istəyimi doğrultmaq Sizin ad gününüzə təsadüf etsədə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 fevral 2012-ci il tarixli (protokol № 07-k) qərarı ilə mənə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Bu sevincli tarix də ömrünə qaçqınlıq taleyi yazılmış bir azərbaycanlı kimi məni son dərəcə qəhərlə duyğulandırdı, çünki 1992-ci ilin 26 fevralında tarixdə misli görünməmiş Xocalı faciəsi ermənilər tərəfindən törədilmişdi. Bildim ki, Sizin ruhunuz narahatdır, ümidimiz əziz və dəyərli nəvəniz, Azərbaycan xalqının sevimlisi Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının (ing. Justice for Khojaly) uğurlu nəticəsinə və Cənab Prezidentin düşünülmüş siyasətinə idi… Fəqət Uca Tanrı, Müqəddəs Ruhlarınız bizlərə kömək və dayaq oldu. Böyütdüyünüz oğul Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acılarını öz həyatında yaşayan zabitimiz Ramil Səfərovu xilas etdi. Belə ki, Macarıstanda milli qürur və şərəfimiz olan Azərbaycan bayrağına qarşı təxribat törədənləri cəzalandıranlara layiqli dərs verdi. Vətənpərvərləri öz Vətəninə qaytaran və əfv edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş diplomatiyası və müdrik siyasəti bu gün tarixi torpaqlarımıza qayıdacağımız günün uzaqda olmadığına bizdə dərin inam və tükənməz səbir yaradır.

Əziz və dəyərli Zərifə xanım, mən İrəvana qayıdandan sonra Sizin ulu babalarınızın və bizim ulu babalarımızın məzarlarını, dağıdılmış viran edilmiş məscidlərimizi ziyarət edəcəyimi qəlbimdə niyyət etmişəm. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Sizin ocağın dəyərli gəlini, həyat yoldaşının silahdaşı Birinci vitse- prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş torpaqlarımıza Məkkədən gətirilən müqəddəs Quran kitabları qoymaqla bizə İslam və dünyəvi dəyərlərə bir daha sevgi və hörmət aşıladılar. Qoy Sizin müqəddəs ruhunuz həm də göz nurunu itirmək təhlükəsi ilə üz-üzə dayanan yüzlərlə soyadışımıza kömək olsun, Göz Nurunun xilaskarı əziz Qadın, xanımlar xanımı Zərifə xanım! Qoy Sizin ad gününüz, bizim ad günümüz olsun! 28 aprel Sizi özünə ideal hesab edən minlərlə ləyaqətli Azərbaycan xanımının simvolik ad günü olsun! Ad günümüz, ad gününüz mübarək, göz nurunun xilaskarı, müqəddəs qadın!

Süsənbər AĞAMALIYEVA

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki