“Azərbaycan ilk olaraq xəbərdarlıq etməli, ikinci olaraq isə məsələni BMT çərçivəsində işıqlandırmaq, beynəlxalq müstəviyə çıxarmaqdır”.
Bunu İranın Azərbaycana qarşı təxribatlardan əl çəkməməsi ilə bağlı fikirlərini bölüşən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.
O, qeyd edib ki, artıq biz hər gün İranın Azərbaycana qarşı yeni təxribatlarının olması ilə bağlı məlumatlar eşidirik:
“Belə vəziyyətdə Azərbaycanın etməli olduğu birinci məsələ qəti şəkildə xəbərdarlıq etməkdir. İkinci etməli olunan vacib addım isə məsələni BMT çərçivəsində işıqlandırmaq, beynəlxalq müstəviyə çıxarmaqdır. İranın Azərbaycana qarşı tutduğu düşmən mövqe açıq şəkildə BMT-də müzakirə olunmalıdır. İranın Azərbaycana qarşı təxribat planının ifşa olunması ilk deyil. 44 günlük müharibədən sonrakı mərhələdə 3 dəfə İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçməsinin şahidi olduq. İcazə olmadan Azərbaycanın suveren ərazilərinə İran kəşfiyyatı agentlərinin daxil olduğunu müşahidə etdik. Əlavə olaraq İran maşınlarının qanunsuz olaraq Azərbaycan ərazsininə daxil olması, Tehranda səfirliyimizə qarşı terror hərəkətləri İranın Azərbaycana bəslədiyi düşmənçilik hisslərindən xəbər verir”.
“İran Azərbaycana qarşı düşmən mövqedə olan Ermənistanla yaxın əlaqələr qurmaqla anti-Azərbaycan siyasətini həyata keçirir. Azərbaycan dost və müttəfiq dövlətlərlə əlaqələri daha da möhkəmləndirməli, xüsusilə hərbi, müdafiə əlaqələrini möhkəmləndirməlidir”, – politoloq əlavə edib.
Ələsgər / Busaat.az