Bu il Azərbaycan və Ermənistan arasında bağlanması nəzərdə tutulan sülh müqaviləsinin reallaşması istiqamətində danışıqlar daha da intensiv şəkil alıb. Müxtəlif siyasi ekspertlərin fikirləri və rəsmi dövlət şəxslərinin bəyanatlarından da hiss olunur ki, bu il sülhün əldə edilməsinə böyük ümid var. Belə bir şəraitdə erməni tərəfi tez – tez Qarabağda təxribatlarından da əl çəkmir. Hadisələrin ümumi axarına nəzər salaraq bu ilin sülh ili olacağına ümid etməyə dəyərmi?
Mövzu ilə bağlı Türkiyədə yaşayan siyasi şərhçi Umuxanım Hüseynova Busaat.az-a açıqlamasında deyib:
“Hazırda Azərbaycan və Ermənistan arasındakı konfliktin ən həssas dönəmləridir. Ümid etmək olar ki, sülh danışıqları istiqamətində proseslər bu sürətlə davam edəcəksə, tezliklə əsaslı və müsbət nəticələr əldə edə biləcəyik. Təbii ki, bizim Qafqaz regionu dünyanın güc mərkəzlərinin daim nəzərindədir. Hər bir güc mərkəzinin də burada təbii ki, öz maraqları var. Azərbaycan dövləti öz siyasətini müstəqil aparmağı bacarır. Problem ondadır ki, Azərbaycan müstəqil siyasət yürütdüyü halda Ermənistan öz himayədarlarından asılı olaraq hərəkət edir. Bütün maneələrə baxmayaraq 2023 – cü ilin sülh ili olacağına böyük ehtimallar var. Bunun başlıca səbəbi isə odur ki, həm Azərbaycan rəsmiləri həm də erməni rəsmiləri sülh sazişinin reallaşması istiqamətində konkret addımlardan danışırlar. Eyni zamanda Zəngəzur dəhlizinin də açılması məsələsi aktuallaşmaqda davam edir. Çünki, hər bir ölkə üçün əvvəlcə iqtisadi maraqlar əsas hədəflərdən biridir. Xüsusilə ilə də Ermənistan kimi çox ağır iqtisadi böhran yaşayan bir ölkə üçün tezliklə sülhün əldə edilməsi və nəqliyyat dəhlizlərinin açılması çox əhəmiyyətlidir.
Lakin birmənalı demək olar ki, sülhün əldə edilməməsində bu gün Ukrayna bataqlığına batmış, aqressiv siyasətilə tanınan Rusiyanın rolu var. Rusiya qəti şəkildə istəməz ki, regionda sülh və sabitlik olsun. Çünki, belə olduğu halda Rusiya bölgədə nüfuzunu itirmiş olacaqdır.
Bir sözlə hər bir xalq öz müqəddəratını özü həll edir. Bu bir reallıqdır. Ermənistanla Azərbaycan da çalışıb vasitəçilər olmadan danışıqlar apararaq müsbət nəticələr əldə etməlidirlər. Heç bir kənar gücün müdaxiləsi olmadan bu koknflikt həll olunmalıdır. Əks halda isə zaman uzandıqca, sərhəddəki atəşkəsin pozulması çoxaldıqca münasibətlər də gərginləşəcəkdir. Buna görə də vaxtı uzatmağa dəyməz. Tezliklə sülh müqaviləsinin elə Qafqazda bağlanmasını təmin etmək daha məqsədəuyğundur. Misal üçün, sülh müqaviləsinin Tbilisidə bağlanması bütünlüklə Qafqazda sülhün qalibiyyətini realizə edə bilər. Ümid edək ki, tezliklə regionumuzda sülh müqaviləsinin imzalanacağına şahidlik edə biləcəyik…”
Bünyamin Bünyadzadə
Busaat.az