ABŞ-ın Cənubi Qafqazda SÜLH ÇAĞIRIŞLARI: “Real nəticələr olacağı inandırıcı deyil” – ŞƏRH

image-flag-azerbaijan-usa-300x207backend

“Sülh danışıqlarının real yolu Ermənistan-Azərbaycan danışıqlarının vasitəçilərsiz aparılmasıdır”.

Bunu ABŞ-ın Ermənistan-Azərbaycan arasında sülhü təmin etmək üçün çağırışlarını şərh edən politoloq Rafail Bacanov Busaat.az-a açıqlamasında deyib.

image-ddc09978-055d-4efc-bb4b-aa8e1d5b153e

 

O, bildirib ki, Azərbaycan sülh prosesinin tezliklə yekunlaşmasını və sülh müqaviləsinin imzalanmasını istəyir: “Gözləyirik ki, Ermənistan sülh çağırışlarına adekvat reaksiya verib danışıqlarla imitasiya etməsin. Təəssüf ki, 10 noyabr bəyanatından 2 ildən arıtq vaxt keçməsinə baxmayaraq, real ortada nəticələr yoxdur. Ermənistan hər dəfə bir vasitə ilə prosesdən yayınır. Dəfələrlə Rusiyanın, Avropa İttifaqının, ABŞ-ın iştirakı ilə görüşlər keçirilib və hər dəfə də Ermənistan müəyyən öhdəliklər götürüb. Lakin nəticə olmayıb. Bunun bir çox səbəbi var. İlk növbədə hesab edirəm ki, Paşinyan Ermənistana nəzarət imkanlarına malik deyil. Faktiki hakimiyyət rəhbəri sayılsa da, polis sistemində, hərbidə, hakimiyyətin müxtəlif qollarında Köçəryan-Sarkisyan tandeminin tör-töküntüləri hələ də qalmaqdadır və revanşistlərdən qorxur. Ona görə də nəinki sülh müqaviləsinə, o cümlədən 10 Noyabr bəyanatının müddəalarına əməl etməkdən belə çəkinir. Səbəblərdən biri Ermənistanın hələ də Rusiyanın təsir dairəsində olmasıdır. Sülh müqaviləsinin əsas predmetlərindən biri Azərbaycanın ərazi bötövlüyü məsələsidir. Ərazi bütövlüyü sülh müqaviləsi ilə tanınacaqsa, hazırda mövcud olan vəziyyət yüz faiz dəyişəcək. Bu halda Rusiya təsir rıçaqlarını itirmiş olacaq. Ona görə də mane olmaq cəhdləri müşahidə olunur. Digər bir məsələ isə Ermənistana Rusiya ilə bərabər Fransa, İran və digər ölkələrin də qucaq açmasıdır. Bu ölkələr Ermənistanı sevdiklərindən deyil, “forpost” olaraq istifadə etdiklərindən bu mövqedədirlər. Məqsədləri Ermənistandan Türkiyəyə qarşı istifadə etməkdir. Paşinyan başa düşməlidir ki, bu missiyanı yerinə yetirə bilsə, ermənilərə tarixi xidmət göstərmiş olacaq”.

Politoloq ABŞ-ın cəhdlərinin nə dərəcədə effektiv olacağını dəyərləndirib: “ABŞ-ın təşəbbüsü alqışlanasıdır. Amma real nəticələr olacağı inandırıcı deyil. Paşinyan hakimiyyəti yenə də vədlərinə baxmayaraq, prosesdən yayınacaq. Sülh danışıqlarının real yolu Ermənistan-Azərbaycan danışıqlarının vasitəçilərsiz aparılmasıdır. ABŞ da, Rusiya da, Avropa İttifaqı da sülh prosesinə dəstək vermək istəyirsə, Ermənistanı bu formatda danışıqlara məcbur etməlidir”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki