ABŞ israrlıdır: “Rusiyanın bütün ərazisi vurula bilər”

image-absbackend

“Hal hazırda Amerika Birləşmiş Ştatlarının Co Bayden adminstrasiyası açıq şəkildə aqressiv siyasət nümayiş etdirir. Xüsusi ilə də bu siyasət Rusiyaya qarşı özünü daha aydın göstərir”.

Bu sözləri Busaat.az-a açıqlamasında ABŞ-ın Rusiya və Çinə qarşı sərt mövqeyini şərh edərkən siyasi şərhçi Turab Rzayev deyib.

“Baydenin Rusiyaya qarşı aqressiv siyasəti sonuncu çıxışlarının birində Rusiya Prezidenti Vladimir Putini qatil adlandırması ilə öz təsdiqini daha aydın şəkildə tapdı. Hətta, bu yaxınlarda Baydenə bununla bağlı yenə sual verildi və o, sözlərinin üstündə durduğunu və hər şeyi öz adıyla çağırdığını bir daha bildirdi. Yəni, Putinin qatil olması ilə bağlı fikrinin yenə də üzərində qaldığını qeyd elədi. Ki, bu da Amerika Birləşmiş Ştatlarının sərt xarici siyasəti ilə bağlıdır. Hətta, bu çıxışdan sonra Rusiyada narahtlıq ifadə edildi və Rusiyadan başqa bir sıra Avropa ölkələrinin rəhbərləri, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ifadədən narahat olduğunu vurğuladı. Çünki beynəlxalq siyasətdə son vaxtlar bu cür sərt ritorika demək olar ki, müşahidə olunmurdu”-deyə, analtik vurğulayıb.

Rzayev hesab edir ki, Baydenin siyasəti açıq şəkildə Rusiya və Çini cəzalandıracağını göstərir: “Hətta, hal hazırda bunla bağlı həm Co Bayden, həm də ABŞ-ın dövlət katibi Entoni Blinken açıq Almaniyanı sıxışdırırlar ki, Almaniya Şimal Axını-2 layihəsinin açılışına icazə verməsin. Bu təzyiq Almaniya ilə yanaşı, digər Avropa ölkələrinə qarşı da, xüsusən də Danimarka və Polşaya qarşı özünü göstərir. Böyük ehtimal ki, ABŞ Rusiyaya qarşı yeni sanksiya paketləri hazırlamaq üçün bəhanələr axtarır və biz bu yaxınlarda bunun şahidi olacağıq”.

image-turab
Turab Rzayev-Siyasi şərhçi

“Hətta, ABŞ bu yaxınlarda yeni hərbi təlimlərə da başlayıb və bu təlimlərdə eyni vaxtda bir neçə hərbi tapşırığın öhdəsindən gəlməklə bağlı hədəf qoyulub. Məhz bu təlimlərə də açıq şəkildə Rusiya və Çindən “təhlükə gələrsə” adı qoyulub. Yəni, Birləşmiş Ştatların ordusu Rusiya və Çinə qarşı hərbi əməliyyatların simulyasiyasını edərək təlimlərini həyata keçirir. Hətta, bu istiqamətdə bir neçə şərt də qoyulub. Məsələn, şərlətə əsasən Rusiya Baltik dənizinə və ya Avropaya hücum edərsə, yaxud Çin Tayvana hücum edərsə və Çin dənizində özünü aqressiv apararsa ABŞ-ın təzyiqləri ilə üzləşəcək. Yəni, açıq şəkildə ABŞ Rusiya və Çinə qarşı müharibənin simulyasiyasına hazırlaşır”-müsahibimiz əlavə edib.

O, ABŞ-ın orta mənzilli raketlərini Avropada yerləşdirməsinə də münasibət bildirib: “Belə ki, bununla bağlı artıq qərar qəbul edilib və qərara əsasən, ABŞ-ın 5500 kilometrə qədər olan orta mənzilli raketləri Avropada yerləşdiriləcək ki, bunun nəticəsində də Rusiyanın bütün ərazisi vurula bilər. Düzdür, əvvəlki prezidentlər dövründə bu müqavilədən çıxılmışdı, amma görünən odur ki, artıq ABŞ öz raketlərini Avropaya yerləşdirərək Rusiyanın istənilən ərazisini vurmağı özü üçün əlçatan edir”.

“Orta mənzilli raketlərlə bağlı daha bir nüans isə ABŞ-ın Sakit okean və Hind okeanı bölgəsində öz hərbi qüdrətini artırmasıdır. Təbii ki, burda da yenə Rusiya və Çinə qarşı mübarizə üsulu düşünülür. Düzdür, bununla bağlı dəqiq məlumat verilmir ki, Asiya-Sakit okean bölgəsində daha çox hansı ölkəyə hərbi yerləşim olacaq. Çünki bölgədə əlçatan zərbə mövqeyi olmalıdır. Hal hazırda ABŞ müdafiə naziri də həmin ərazidə səfərdədir, bir sıra ölkə liderləri ilə görüşlər keçirir və həmin ölklərin hansından hibrit müharibə aparmaq üçün mərkəzi hövzə kimi istifadə olunub-olunmayacağı ilə bağlı danışıqlar aparır. Beləliklə, biz dünyada sülh və sabitliyin pozulma ehtimalının inkişaf etdiyi dövrlə üz-üzə gəlirik və böyük ehtimal ki, gələcəkdə ABŞ-ın Rusiya və Çinlə münasibətləri nəinki yumşalacaq, əksinə, daha da sərtləşəcək”-deyə, politoloq fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90