Dünən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İranda təşkil edilmiş və İrandan idarə edilən agentura ifşa edilib və üzvləri saxlanılıb.
Əlbəttə, belə ciddi bir agenturanı aşkara çıxarmaq və ona qarşı uğurlu əməliyyat planı hazırlamaq qısa zaman kəsiyində mümkün deyil. Demək ki, əslində təhlükəsizlik orqanları agenturanın izinə çoxdan düşüb, onun varlığı və fəaliyyətləri barədə xəbərdar olub və həmin agenturanı nəzəratdə saxlayıb. Ona görə ki, cəsusları ifşa etmək üçün ən uyğun zaman hesablanıb və hər şey əvvəldən ən incə detalına qədər hazırlanıb.
Ancaq diqqət mərkəzində saxlanılması vacib məsələlərdən biri də ondan ibarətdir ki, indi bu əməliyyat nəticəsində Azərbaycan xalqı və dövlətinə bəlli olur ki, əslində İran Azərbaycanla bağlı bütün açıqlamalarında səmimi deyilmiş və böyük bir yalan uydururmuş…
Nədir həmin yalan?
İran rəsmiləri həm Ali dini lider səviyyəsində, həm də dövlət rəsmiləri səviyyəsində elan edirdi ki, onlar Azərbaycan ilə qarşılıqlı əməkdaşlığa maraqlıdır, birgə dinc yaşayış və mehriban qonşuluq əlaqələrinə sadiqdirlər.
Ancaq məsələ burasındadır ki, qonşuları ilə dinc münasibətlərə və qarşılıqlı əməkdaşlığa sadiq olan dövlətlər qonşularının ərazisində dövlət əleyhinə hər hansı hərəkətləri dəstəkləməz. İran tərəfi isə, illərdir bu kimi addımları dəstəkləməklə qalmayıb, bu kimi fəaliyyətləri özü təşkil edirmiş…
Eyni zamanda, İran bu addımla özünün dünya təhlükəsizliyinə nə dərəcədə ciddi təhdid olduğunu üzə çıxarmış oldu. Çünki İranın atdığı bu addımlar üç müstəvidə dəyərləndirilməlidir:
1. İran qonşularının təhlükəsizliyinə önəm vermir, əksinə qonşuları üzərində təsir vasitəsi olaraq ekstremist qrupları dəstəkləyir, təşkil edir.
2. İran həmin ekstremist niyyətlərinə dünyanın ən ali dəyərlərini – dini alət edir və beləcə dünyanın ən böyük problemi olan dini radikalizmi atəşləyir.
3. İran dünyada bərqərar olmuş beynəlxalq münasibətlərə və beynəlxalq hüquqa məhəl qoymayaraq, başqa ölkənin daxili işlərinə müdaxilə edir. Bu müdaxilə isə, birbaşa ekstrimist qrupların təşkili və fəaliyyətinə dəstək verməklə həyata keçirilir.
Məsələnin mahiyyətini düzgün dərk edənlər fərqindədir ki, İranın bu addımları Azərbaycanın dövlət təhlükəsizliyinə ciddi zərər yetirir və mövcud riskləri pik həddə çatdırır.
Doğrudur, Azərbaycanın təhlükəsizlik orqanlarının bu istiqamətdə nəzarəti yerindədir və ciddi risklərdən söhbət gedə bilməz. Amma Azərbaycanın ayıq-sayıq olması o demək deyil ki, Azərbaycana qarşı hazırlanmış belə çirkli niyyətlərə cavabsız qalmaq olar.
Razılaşmaq lazımdır ki, hazırki geosiyasi məqamda Azərbaycana yeni düşmənlər, ən azından regional rəqiblər lazım deyil. Amma eyni zamanda anlamaq lazımdır ki, rəsmi Bakı özünə qarşı çevrilmiş belə mənfur addımlara səssiz qalarsa, xarici güc mərkəzlərində bu zəiflik, ən azından fəaliyyətsizlik kimi qiymətləndiriləcək və anti-Azərbaycan qüvvələrini daha böyük təxribatlar hazırlamağa ruhlandıracaq.
Digər tərəfdən, Azərbaycan tərəfi yaxşı analiz etməlidir ki, onun mehriban qonşuluq siyasəti rəsmi Tehran tərəfindən səmimi qarşılanmır. Tehranda bu amillər Azərbaycana qarşı təxribatlar hazırlamağa fürsət kimi qiymətləndirilib. Azərbaycan tərəfi hər nə qədər regional qüvvələrlə mehriban yaşamaq siyasətinə çalışsa da, bu effekt verməyəcək. Ona görə ki, İran uzun illərdir Azərbaycanın bütün səmimi niyyətlərini görməzdən gəlir, Azərbaycanın əleyhinə addımlar atmağa davam edir. Azərbaycan tərəfi yumuşaq siyasətə davam etdikcə, İran tərəfi daha da cəsarətlənir və hər il daha radikal anti-Azərbaycan addımlarının şahidi oluruq.
İndi Azərbaycan tərəfi bütün çətinliklərə baxmayaraq, özünün dövlət suverenliyi və təhlükəsizliyini qorumağı əsas prioritet hesab edib, mehriban qonşuluq siyasətinə yenidən baxmalıdır: Gürcüstan, Rusiya ilə mehriban əlaqələrə davam edərək, İran və Ermənistan məsələsində tərəflərin anlayacağı dildən çıxış etməlidir.
Xülasə, Azərbaycan bütün qonşuları ilə müharibədən maksimum çəkinərək özünə qarşı atılmış bütün addımlara həmin səviyyədə cavab verməlidir. İlk öncə, bütün hallara hazır olmaq üçün dövlətin mövcud olan beyin mərkəzlərini maksimum işlək vəziyyətə keçirməli, beyin mərkəzlərinə həqiqi ağıl və zəka sahiblərini cəlb edərək, düzgün dəyərləndirmələr aparılmalıdır. Bu dəyərləndirmələr mövcud risklər barədə məlumatlı olmağa kömək etməklə bərabər, risklərə hazır olmaq üçün effektiv həll yollarını da hazırlamış olacaq…
Müharibəyə hazırlıq məsələsinə gəlincə, deyə bilərik ki, rəsmi Bakı hər nə qədər müharibə ehtimalını sıfıra endirmək üçün çalışıb, bu istiqamətdə öz milli maraqlarını və təhlükəsizliyini təmin etməyə çalışsa da, müharibə ehtimalını ən son versiya kimi daima canlı saxlamalıdır. Region bunu tələb edir.
Bir-iki cümlə də, DTX-nın İran agenturasını zərərsizləşdirməsinə rəsmi Tehranın necə münasibət bildirəcəyi barədə…
Əlbəttə, İran bunu rəsmi Bakının İrana qarşı addımı kimi dəyərləndirəcək. Tehranda çalışacaqlar ki, Azərbaycanın bu addımına cavab versinlər. İndi Azərbaycan-İran münasibətləri daha ağır dövrə qədəm qoyacaq.
Hətta gözləmək mümkündür ki, bu günə qədər gizli şəkildə regional rəqabət mühitində olan Bakı-Tehran münasibətləri artıq açıq şəkildə münaqişəli hal alsın. Ən azından İranın Azərbaycandan üstün göstəriciləri onu Azərbaycana qarşı sərt tədbirlər görməyə cəsarətləndirə bilər.
Həmçinin, uzun illərdir cavabsız qalan və rahat şəkildə Azərbaycanda nüfuz qazanmağa nail olmuş İranın Azərbaycandakı təsir imkanlarını tam dəqiq öyrənmək mümkün deyil. Bəlkə də, təhlükəsizlik orqanları bu barədə kifayət qədər məlumata sahibdir. Ancaq hər halda, nəzərə almaq və ehtiyatlı davranmaq lazımdır ki, İran dünyanın ən yaxşı kəşfiyyat xidmətinə sahib ölkələrdəndir və hesablanmamış fərqli məqamlarla qarşılaşmaq mümkündür.
Düzdür Azərbaycanda radikal dini cərəyanlar vasitəsilə qarışıqlıq yaratmaq mümkün görünmür. İran da bunun fərqindədir və bu səbəbdən yeni təsir rıçaqlarını işə sala bilər. Bunun başında da Azərbaycanda milli-etnik problemlərin qabardılması və milli ayrı-seçkiliyin təşviqi mümkün görünür. Çünki Azərbaycan cəmiyyətində hər nə qədər dini məsələlər üzərindən qarşıdurma mümkün olmasa da, etnik müstəvidə qarşıdurma riskləri dünyanın bütün ölkələri, eləcə də Azərbaycanda öz aktuallığınıqoruyur. Bu kimi risklərə əvvəlcədən hazırlaşmaq, hazır olmaq lazımdır.
Azərbaycan indi çətin geosiyasi vəziyyətlə üzləşib. Onun qonşuluğundakı ölkələrdən ən azı üçü onun inkişafına və güclənməsinə laqeyd yanaşır, mümkün olduğu halda Bakını özündən asılı hala salmaq istəyir.
Belə bir vəziyyətdə nəinki rəsmi Bakı, dünyanın ən güclü ölkələri belə tək başına mübarizə aparmaqda çətinlik çəkər və mübarizə müəyyən mənada uğursuzluqlarla qarşılaşmaq riskləri ilə üz-üzə qala bilər. İndi rəsmi Bakı özünə qarşı çevrilmiş bütün məkrli planlara qarşı beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı gücləndirməlidir. Türkiyə bu nöqtədə ən effektiv tərəfdaş və müttəfiqdir. Türkiyənin kəşfiyyat orqanları da dünyanın ən yaxşıları sırasındadır. Onun hərbi gücü bir çoxlarını çəkindirir.
Ancaq bununla bərabər Azərbaycan İtaliya və İngiltərə kimi Avropanın qabaqcıl ölkələri İsrail və Pakistan kimi tərəfdaşları ilə də bu kimi riskləri müzakirə edərək öz gücünə güc qatmalıdır.
Ancaq düşünürəm ki, İranın bütün bu məkrləri Azərbaycanın Ərəb dünyası ilə də yaxınlaşmasını labüdləşdirir. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi ölkələrlə siyasi-iqtisadi əlaqələr artırılmalıdır.
Nə qədər geniş əlaqələr və çox sayda beynəlxalq tərəfdaş olarsa, rəsmi Bakı bir o qədər güclənər və onun mövqeyini qorumaq niyyətləri sağlam təməllər üzərində inşa edilər.
Busaat.az/Həşim Səhrablı