“Proseslər dalana dirənməlidir ki, hərb yoluna əl atılsın. Düşünürəm ki, siyasi danışıqlar hələ tam dalana dirənməyib”.
Bunu Paşinyanın Qarabağ hərəkatı ilə bağlı Qarabağ ermənilərini təbrik etməsinin anti-terror əməliyatlarını nə qədər vacib edəcəyindən danışan hərbi ekspert Elxan Şıxəliyev Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Münxen Təhlükəsizlik Konfransından sonra Azərbaycan-Ermənistan danışıqları yeni müstəviyə keçdi:
“Prezident İlham Əliyevin dediyi iki yeni məqam oldu. Birincisi, Azərbaycan-Ermənistan münasibətlərinin iki vektorda davam etdirilməsidir. Birinci vektor Azərbaycanla Ermənistanın, ikinci vektor isə Azərbaycanla Qarabağda yaşayan erməni əsilli vətəndaşların münasibətidir. Digər yeni açıqlanan məqam isə Laçın koridorunda nəzarət məntəqələrinin qurulması, sərhəddin nəzarətə götürülməsidir. Ermənistandan təklif olundu ki, əgər Azərbaycanla kommunikasiya xətlərinin açılması mövcud olacaqsa eynisini də Ermənistan həyata keçirər. Bu indiyə qədər səslənməyən yeni yanaşmadır”.
“Paşinyanın Qarabağ ermənilərini təbrik etməsi daxili auditoriyaya hesablanmış mesajlardır. Beynəlxalq qurumlardan heç biri, heç Ermənistan özü belə Qarabağın statusunu tanımır. Otuz illik işğal dövründə, zəif olduğumuz vaxtlarda belə Azərbaycan status məsələsini qəbul etməyib. İndiyə qədər status məsələsi qəbul olunmayıbsa, bundan sonra ermənilərin istəyinə nail olması mümkün deyil. Anti-terror əməliyyatlarının başlanması üçün siyasi danışıqlar sonlanmalıdır. Ya da proseslər dalana dirənməlidir ki, hərb yoluna əl atılsın. Düşünürəm ki, siyasi danışıqlar hələ tam dalana dirənməyib”, – ekspert qeyd edib.
Ələsgər / Busaat.az