Bakının Sabunçu qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində fəaliyyət göstərən “Araz supermarket”də kassa qiymətlərinin vitrin qiymətlərindən artıq olduğu iddia olunur.
Busaat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə izləyicilərdən biri bildirib.
“Gündəlik və aylıq bazarlıqları bu marketdən edirik. Təəssüf ki, başqa seçim yoxdur. Bu müddət ərzində barmaqla sayılacaq qədər az hal olub ki, vitrindəki qiymətlə qəbzdəki qiyməti uyğunlaşdıranda fərq olmasın. “Artıq boğaza yığılmışıq” desəm, yalan olmaz. Bir neçə gün əvvəl kabak aldım. Üzərindəki qiymət “1kq 3,70” idi, ya da “3,60”. Bu marketdə qiymət fərqi artıq adi hal olduğundan kassada məhsulların qiymətinə çox diqqət edirəm. Yenə yanılmadım. Kassada qiymətin 4,09 manat hesablandığını gördüm. Vitrinə yaxınlaşıb dəqiqləşdirdikdən sonra kassirə vəziyyəti izah etdim, administratoru çağırdılar. Məhsulu alıb getdi, sonra bir nəfər xanım işçi əlindəki kabakları havada yelləyə-yelləyə yaxınlaşdı. “Bunlar kimindir?” Mənim olduğunu bildirdim. Kassirə xitabən: “Ordan bu xanıma 20 qəpik verin, getsin…” Təkrarən mənə çevrilib ağız büzərək “Heç fərq 20 qəpik də eləmir, amma eybi yox…” dedi. Müştəriyə qarşı bu nə mədəniyyətsizlikdir? Bu nə işbilməzlikdir? Bu nə rəftardır? Xanımın özünə də bildirdim ki, məsələ 5, 10, 20 qəpiklər deyil, prinsipdir. Hər gəldiyimizdə bu cür problemlə üzləşməyə məcbur deyilik. Birinci, üçüncü, beşinci dəfə deyil. Davamlı qiymət fərqi və müştərini borclu çıxarmağa, aşağılamağa çalışmaq… Budur sizin müştəriləri məmnun saxlamağa çalışmağınız? Kassada növbə gözləyən bir neçə müştəri mənə qoşuldu, hətta məndən də çox şikayətlənməyə başladılar ki, hər dəfə bu cür problemlə qarşılaşırıq. Siz bilirsiniz ki, bu boyda yaşayış komplekslərində, təkcə bizim kompleksdə, təqribən, 2000 sakin seçimi olmadığı üçün “Araz”dan alış-veriş edir? Elə şərait yaradın ki, insanlar sevərək mağazanıza daxil olsunlar, məcburiyyətdən deyil!”, – o qeyd edib.
Vətəndaşın şikayətinə Araz Supermarketin sosial şəbəkə hesabı tərəfindən belə cavab yazılıb: “Qeyd etdiyiniz məsələ araşdırılacaq və zəruri tədbirlər görüləcək”.
Qeyd: Bir neçə dəfə “Araz Supermarket” MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib.Pravda.az