Azərbaycan çempionu olan “Nar” komandasının qələbə sirləri

image-narbackend

“Breyn Rinq”in  2021-ci il üzrə çempionları hesab edirlər ki, bu oyunda uğurlu olmaq üçün çox bilmək yox, düzgün məntiqi tutmaq önəmlidir.

“Breyn Rinq” intellektual oyununun 2021-ci il üzrə Azərbaycan çempionu artıq məlumdur. Qalib “Nar” komandasıdır. “Qaliblər müzakirə olunmaz” deyirlər. Çünki nəticə göz qabağındadır. Ancaq təcrübələr həmişə maraqlı olur. Söhbət komandalar arasında keçirilən intellektual yarışlardan gedirsə, komanda üzvlərinin hər biri maraqlı gəlir.

Ən uğurlu heyət
Görüşdə “Breyn Rinq” verilişinin baş redaktoru və prodüseri Aleksey Ulanov da iştirak edirdi. O bizimlə söhbətində bildirdi ki, “Nar” komandasının hazırkı heyəti indiyə qədər olanlar içərisində ən uğurlusudur: “Breyn Rinq” yarışı Azərbaycanda 2013-cü ildən keçirilir. Elə həmin ildən “Nar” komandası yarışa qatılıb. Bu müddət ərzində komandanı yarışda fərqli heyətlərlə görmüşük. Düşünürəm ki, bu heyət ən uğurlusudur. Ən güclü nəticələri də onlar əldə ediblər . İki dəfə – 2019 və 2021-ci illərdə  Azərbaycan çempionu olublar”.
Qeyd edək ki, komanda 6 nəfərdən ibarətdir: Kapitan Nigar İbrahimova, üzvlər Rəşad Əliyev, Ənvər Məmmədov, Fərid Rzayev, Cavid Məmmədov və Mirheydər Həmzəyev.

Çatışmayan məqam aradan qalxdı…
Komanda iştirakçıları bu qalibiyyətə müəyyən faktorların səbəb olduğunu deyirlər. Söhbətimizi də bu faktorlar üzərində qurduq. İlk önəmli amilin komanda iştirakçılarının bir-birini tamamlaması olduğunu dedilər.

Hazırkı heyətin düyməsıxanı Fərid bir-birini tamamlayan komanda üzvlərinin necə bir araya gəlməsindən danışdı: “Üzvlərinin bir-birini tamamladığı komanda zamanla formalaşır. Bir dəfə udanda, bir dəfə uduzursan, boşluqları görürsən. Kapitanımız Nigar xanım bizdən əvvəl bu komandadadır. 2019-cu ilin əvvəli mən və Rəşad gəldik, ilin ikinci yarısı Cavid bizə qoşuldu. 2020-ci ildə Azərbaycan çempionluğunda ikinci olduq. Birinciliyi əldən verəndə, düşündük ki, komandada hansısa çatışmayan məqam var. Ənvəri əvvəldən tanıyırdıq. O, komandamıza gələndə, düşündük ki, həmin boşluğu dolduracaq. Həqiqətən də çatışmayan məqam aradan qalxdı, 2021-ci ildə qatıldığımız yarışlarda qalib gəldik və Azərbaycan çempionu olduq. “İdeal altılıq” formalaşmışdı”.

“Motivasiyadan düşmür”
Bəs komanda bir-birini necə tamamlayır? Bu suala komandanın hər bir üzvü ayrıca şərh verdi.

İlk olaraq düymə sıxmaq funksiyasını icra edən Fərid haqqında danışdılar. Çünki yarışda ondan çox şey asılı olur. Deyirlər ki, bəlkə də “Breyn Rinq” tarixində ən sürətli və ən çox udan düymə sıxan deyil, amma ən stabilidir. Komanda üzvləri onlar üçün bunun kifayət etdiyini bildirdilər: “Ola bilər ki, sən bir oyunda çox sürətli davranırsan, bütün oyunu udursan, amma o biri oyunda yox. Ona görə, stabillik vacibdir. Bir də Fərid hansısa uğursuzluğu olanda, motivasiyadan düşmür. Bu da önəmli məqamdır”.

Bildirdilər ki, Fərid düymə sıxmaqla kifayətlənmir, suallarla bağlı da aktivdir. Xüsusilə də idmanla bağlı suallarda komandanın köməyinə çox gəlir.

“Rəşad, o sualın cavabını necə tapdın?”
“Təkcə düymə sıxmaqla iş bitmir” deyib, daha sonra digər üzvlər haqqında danışdılar. Söhbət Rəşada gəldi. Onun ən fəal iştirakçılardan olduğunu dedilər: “Biliyi, məntiqi güclüdür, sürətlidir. Dəqiq elmlərə aid suallar onun sahəsidir. Hətta bəzi suallar olur ki, zalın yarısı söhbətin nədən getdiyini başa düşmür, ancaq Rəşad o mövzuda komandaya xal gətirir”.
Cavid isə Rəşadı belə ifadə etdi: “Yarışdan sonra çox adam mənə yaxınlaşıb deyir ki, sən o sualı necə tapdın? Rəşad o zalda yeganə adamdır ki, mən ona yaxınlaşıb deyirəm ki, o sualın cavabını necə tapdın?”

Milli mövzularda “ağır artilleriya”
Daha sonra Cavid haqqında danışdılar. Deyirlər ki, hələ komandaya qatılmamışdan öncə də Cavidi yarışlardan tanıyıblar və onu çox güclü oyunçu hesab ediblər: “Cavid bütün istiqamətlərdə olan suallarda çox cəld düşünür, güclü biliyi var. Milli istiqamətlərdə olan suallarda isə komandanın “ağır artilleriyası” hesab edilir”.

Müzakirəli suallarda qərarlı iştirakçı
“Musiqi, kino sualları onun sahəsidir” dedikləri Ənvərə gəlincə, onunla bağlı bir neçə məqamı vurğuladılar. Birincisi, istənilən çətin məqamda komandanın qələbəsi uğrunda özünü fəda etməyə hazırdır. İkincisi, elə sualların cavabını tapır ki, o məqam komandanın digər 5 üzvünün ağlına gəlmir. Üçüncüsü, çətin, müzakirəli suallarda qərarlılığı ilə seçilir: “O, öz versiyasının üzərində dayanır, qərarlı olur, komandanı inandırır. Həqiqətən də onun variantı yekunda qalib gəlməyimiz üçün dönüş nöqtəsi olur”.

Həlledici məqamda xal qazandıran
Kapitan Nigar xanımın isə qərarlı bir şəxs olduğunu və bunun da qələbə qazanmaq üçün önəm kəsb etdiyini dedilər. Deyirlər ki, bəzən komandadakı digər 5 nəfər sualı bilməyib, bir-birinə baxdığı anda, Nigar mikrofonu götürüb suala cavab verib və komandaya xal gətirib. Həlledici suallar komandalar üçün daha önəmli olur. Nigar məhz o sualları cavablandıran şəxsdir.

Səhv etməkdən qorxmayan
Mirheydər isə komandanın ən gənc üzvüdür. Deyirlər ki, səhv etməkdən qorxmur. İdman və kino sahəsində yaxşı bilikləri ilə seçilir. Yarışda bu tipli suallarda komandaya xal qazandırılmasında rolu böyükdür.

Bir nəfər belə qələbəyə inanmasa…

“Zaldakı komandaları ən güclü rəqib, masada mənimlə oturanları isə ən güclü iştirakçılar hesab edirəm”, – deyən Cavid bildirdi ki, əsas məsələ qələbəyə inanmaqdır. Əgər komandanın bir üzvü buna inanmasa, 5 nəfər inansa da, qalib gəlmək sual altında olur: “6 nəfərin hər biri inanmalıdır ki, biz bunu edəcəyik. Elə olub ki, yarış vaxtı komandanın hər biz üzvünün hər hansı problemi olub. Ancaq oyuna çıxanda demişik ki, udacağıq. O yarışda uduzsaydıq, hamımızın bəhanəsi var idi ki, problemimiz var və s. Amma udduq və başa düşdük ki ən çətin məqamda da 6 nəfər birləşirsə və qələbəyə inanırsa, qalibiyyət mümkündür. Təbii ki, bu inam bilik, bacarıq, məntiq, sürətli düşünmə, komanda ruhuna əsaslanmalıdır”.

“Breyn Rinq”də komanda nə zaman qalib olur” sualımıza Aleksey Ulanovun cavabı belə oldu: “Breyn Rinq” verilişinin ilk aparıcısı Andrey Kozlovdan “bu oyunda kim qalib gəlir?”, – deyə soruşanda, bildirib ki, kim daha çox istəyirsə. Çünki çox istəyəndə, o qələbə üçün daha çox çalışırsan, məşq edirsən və biliyini artırırsan. Komanda uduzursa, deməli, nəyi isə axıra qədər etməyib. Bu zaman komanda özünü təhlil etməlidir”.

Aleksey Ulanov bildirdi ki, kiçik məqamlar bu yarışda böyük fərq yaradır: “Bilik, məntiqi bacarıqla yanaşı, intellektual yarış təcrübəsi, komandanın vahid kollektiv kimi çalışması, psixoloji cəhətdən hazır olmaq, qorxmamaq, qalib olmaq düşüncəsinin hakimliyi və s. önəmlidir. Bunlar bir-birini tamamlamalıdır. Bir də daim özlərini inkişaf etdirməlidirlər”.

Çox bilmək yox, məntiqi tutmaq
Komanda üzvləri qalib gəldikləri yarışlardan sonra “Necə edirsiniz?”, “Nə oxuyursunuz?”, “Maraq dairənizdə nələr var?” – kimi sualları çox eşitdiklərini deyirlər. Rəşad bildirdi ki, oxuduqları, öyrəndikləri yarış məqsədli deyil: “Hansısa yarışda qalib gəlmək üçün kitab oxuyan şəxs pis oyunçudur. Nəyi oxuyuramsa, şəxsi inkişafım üçün edirəm. Nəyi sevirəmsə, oxuyuram. Nəyi sevmirəmsə, onun üzünü belə açmıram. Çünki yadımda qalmayacaq, istifadə edə bilməyəcəyəm. Digər sahələr də elə. Dediyim odur ki, “Breyn Rinq” oyunçuları adi şəxslərdir (Gülür)”.

Cavid deyir ki, intellektual yarışlar bir hobbidir, adam bu yarışlarla bağlı özünü inkişaf etdirsə, nəticə əldə edə bilir: “Bu hobbi əvvəllər ancaq həftə sonlarımızı alırdısa, indi hər gün müəyyən saatlarımızı alır. Müxtəlif oyunlarda iştirak edirik. Əvvəlki oyunlara baxırıq. Oynamadığımız yarışların videolarını izləyirik. Sualların məntiqini, tipini tutmaq önəmlidir. Demək olmaz ki, bu yarışda qalib gələnlər hamıdan çox bilirlər. Çox bilmək yox, düzgün məntiqi tutmaq önəmlidir. Çünki bu yarışda suallar məntiqə bağlıdır. Digər tip də olur, amma orda da cavab hardasa məntiqə dayanır”.

Qeyd edək ki, “Breyn Rinq” yarışı “Nar”ın dəstəyi ilə QeymTV.az Prodüser mərkəzi tərəfindən “İqra-TV” şirkətinin verdiyi lisenziya əsasında çəkilir. Hər cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanır.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90